Bakıda “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilib

Oktyabrın 24-də Bakıda “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Bu layihənin əsas komponent-lərindən biri məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanmasıdır. Layihənin əsas məqsədi gender əsaslı zorakılığın qarşısının alınması, eləcə də istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verməkdir.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün dünyanın ən mühüm problemlərindən birinin gender əsaslı zorakılığın qarşısının alınması olduğunu bildirib. Hicran Hüseynova deyib: “Bu məsələnin həll edilməsi sahəsində bütün ölkələr dövlət səviyyəsində iş aparır, müxtəlif layihələr həyata keçirir. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun  prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunub. Prezident İlham Əliyevin dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Hakimlər, vəkillər üçün spesifik olaraq keçirilən təlimlər müsbət nəticəsini verir. Artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalara, o cümlədən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya istinad edilir. Dövlət məmurları üçün maarifləndirmə işləri aparılır.

Yerli özünüidarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri üçün ailə, qadın və uşaq məsələləri üzrə kurslar təşkil olunur. Bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Bu qruplar baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Eyni zamanda, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Dövlət Komitəsi müvafiq dövlət qurumları ilə birgə “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016–2018-ci illər üçün tədbirlər planı çərçivəsində müvafiq işlər görüb. Bu günlərdə məişət zorakılığı ilə bağlı onlayn məlumat bankının təqdimatı keçirilib. Banka yığılan məlumatların təhlili problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artıracaq.

Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət dəstəyi dayanır. Biz çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi onların zorakılığa məruz qalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı bir neçə bölgədə Qadın Resurs mərkəzləri yaradılıb. Bu sahədə müvafiq dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları ilə birgə keçirilən layihələr də öz səmərəsini verir. Bu işdə bizə əsas dəstək olan respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və BMT-nin Əhali Fondu, eləcə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir. Xüsusilə vurğulamaq lazımdır ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac var. Bununla bağlı “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi həyata keçirilir. Bununla bağlı bir sıra mühüm sənədlərin hazırlanması sahəsində tədbirlər təşkil edilib, müvafiq qurumların məsul şəxsləri ilə səmərəli görüşlər keçirilib”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin Əhali Fondunun ölkə üzrə nümayəndəsi Qulam İshaqzai məişət zorakılığı haqqında qanunvericiliyin təkmilləşdirilməsi barədə danışaraq deyib: “Azərbaycan hökumətinin ölkədə hər bir qadının zorakılığın bütün formalarından tam müdafiə olunmasının təmin edilməsində qətiyyətli olması təqdirəlayiqdir. Məişət zorakılığı probleminin həlli üçün bir sıra mühüm strateji müdaxilələr edilib. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsindən sonra məişət zorakılığı halları daxili ailə məsələsi kimi deyil, dövlətin təcili müdaxiləsini zəruri edən hadisə kimi səciyyələndirilib.

Bununla belə, zorakılıqdan zərər çəkənlərin müdafiəsini və onların ədliyyə xidmətlərinin bütün mərhələlərində səmərəli yardım almasını təmin etmək üçün müvafiq hüquqi islahatların effektiv qabaqlayıcı və istiqamətləndirmə mexanizmləri ilə müşayiət olunması eyni dərəcədə vacibdir. Bu prosesin gücləndirilməsi üçün biz gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi üzrə hökumətə yüksək səviyyəli texniki yardım göstərmişik. Milli Fəaliyyət Planı və qurumlararası koordinasiya mexanizminin yaradılması üzrə təkliflər paketi çoxtərəfli əməkdaşlığın və müvafiq qurumların koordinasiyasını gücləndirmək məqsədilə hazırlanıb”.

Konfransda iştirak edən ABŞ-ın ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Uilyam Gill bildirib: “Təəssüflər olsun ki, dünyanı öz məngənəsinə alan insan hüquqlarının pozuntusu olan gender əsaslı zorakılıqdan hər üç qadından biri əzab çəkir. Bu səbəbdən dövlətlər gender əsaslı zorakılığın qarşısının alınmasında həm fərdi, həm də ümumi müstəvidə diqqət ayırmalıdırlar. Bu problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində islahatlar və təşəbbüslər vacibdir. Mən Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunun qəbul edilməsini böyük nailiyyət hesab edirəm. Ümid edirik ki, birgə səylər nəticəsində gender əsaslı zorakılığın qarşısının alınması üçün effektiv milli istiqamətləndirmə və müdafiə mexanizmi təsis ediləcək”.

“Qadınların hüquqlarının qorunması qloballaşma prosesinin inkişafında mühüm yer tutur”, - deyən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib: “Bu, Azərbaycanın gender bərabərliyi ilə bağlı Qanununda, eləcə də ölkənin siyasi həyatını tənzimləyən bir sıra digər qanunvericilik aktlarında öz əksini tapıb. Siyasi hakimiyyətin iradəsi ilə ölkəmizdə qadınların problemləri ilə məşğul olan komitə yaradılıb və neçə illərdir ki, uğurla fəaliyyət göstərir. Dövlət müstəqilliyinin bərpasından sonra demək olar ki, Azərbaycan qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub və mükəmməl milli qanunvericilik bazası yaradılıb.

Hüquqi nöqteyi-nəzərdən demək olar ki, Azərbaycanda kişi və qadınlar arasında qeyri-bərabərlik iqtisadi, sosial, eləcə də siyasi həyatın bütün sahələrində praktik olaraq aradan qaldırılıb. Lakin təəssüf ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir. Zorakılığın hər bir növü qəbuledilməz və dözülməzdir. Bu baxımdan gender siyasətinin tənzimlənməsi və zorakılıqla mübarizədə effektiv nəticələr əldə etmək üçün təqdim olunan bütün uğurlu layihələr təqdirəlayiqdir. Hazırda təqdim olunan layihə də bu istiqamətdə atılan uğurlu addımlardan biridir”.

Konfransda gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində əlaqələndirmə mexanizminin yaradılması, eləcə də bu sahədə Milli Fəaliyyət Planının hazırlanmasında dəyərli təkliflərin veriləcəyinə ümid bəslədiyini bildirən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib: “Məlum olduğu kimi, BMT-nin insan hüquqlarının qorunmasına dair ilk təməl sənədlərindən biri olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ayrı-seçkiliyin yolverilməzliyini və qadınların da kişilərlə bərabər hüquqlara malik olduğunu bəyan edir. Bəyannamə gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin təməl sənədidir. Bu sənəd bir çox mühüm konfranslarda, eləcə də bir sıra ölkələrin konstitusiyalarında öz əksini tapdıqdan sonra icrası mütləq statusu qazanıb. Bu sənədə əsasən qadına qarşı törədilən zorakılıqla mübarizə BMT-nin qarşıya qoyduğu prioritet məsələlərdəndir.

1993-cü il dekabrın 20-də Baş Assambleya qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yönəlik Bəyannamə qəbul edib və bu sənəd IV Dünya Qadınlar Konfransının platforması ilə birlikdə dünyada qadınlara qarşı zorakılıqla mübarizənin təməlini qoyub. Bu konfrans, eyni zamanda, hər bir dövlətə insan, o cümlədən qadın hüquqları və onlara zorakılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planının qəbul edilməsini tövsiyə edib. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda bu istiqamətdə artıq üç strateji sənəd qəbul olunub. Bu sənədlərdən biri 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunmuş ilk Dövlət Proqramıdır. Sonra Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə Milli Fəaliyyət Planı və 2011-ci ildə Milli Fəaliyyət Proqramı qəbul edilib ki, bu da beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu sənədlər hazırda zorakılıqla mübarizə üzrə qurmaq istədiyimiz Milli Fəaliyyət Planında əsl model rolunu oynaya bilər. Belə ki, bu sənədlərin hər birində cinslərin bərabərliyi və bu bərabərliyin təmin olunması üzrə istər qanunvericiliyin təkmilləşməsi, istərsə də bərabər imkanların yaradılması ilə bağlı konkret tapşırıqlar verilir”.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova Azərbaycanda hazırda bu istiqamətdə həyata keçirilən layihələr və görülən işlər barədə təqdimatla çıxış edib.

Konfransın davamında bir sıra dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə gender əsaslı zorakılığın cəmiyyətə vurduğu zərərin müxtəlif aspektləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində gender əsaslı zorakılıqla səmərəli mübarizə məqsədilə dəlillərə əsaslanan müdaxilə strategiyalarının hazırlanması üçün regionun ilk Məişət Zorakılığı üzrə Məlumat Bankının təqdimatı keçirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında