Təhsil Nazirliyində "2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr" mövzusunda kollegiya iclası keçirilib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
Kollegiya iclasında ötən il ərzində görülmüş işlər barədə geniş təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov öncə 2010-cu ilin ölkəmizin inkişafı üçün əhəmiyyətli il olduğunu, qazanılmış nailiyyətləri diqqətə çatdırıb. Dövlətimizin başçısının təhsilə olan yüksək diqqət və qayğısından söz açan nazir qeyd edib ki, 2010-cu il ərzində ölkə Prezidenti cənab İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 16 yeni inşa olunmuş, əsaslı təmir edilmiş təhsil müəssisəsində olub, müəllim və şagirdlərlə görüşüb.
Misir Mərdanov bildirib ki, ötən il ölkə Prezidenti tərəfindən təhsillə bağlı 37 sərəncam və 2 fərman imzalanıb, təhsil sahəsində çalışan 411 nəfərə dövlət təltifləri verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətində də təhsilin inkişafının əsas prioritetlərdən biri olduğunu vurğulayan təhsil naziri hökumət tərəfindən bu istiqamətdə 32 qərarın imzalandığını nəzərə çatdırıb.
Daha sonra nazir 2010-cu ildə təhsil sahəsinə ayrılan xərclər, həyata keçirilən dövlət proqramları və layihələr, məktəbəqədər təhsil sahəsində atılan addımlar, problemlər və nəzərdə tutulan məsələlər barədə məlumat verib.
Nazir bildirib ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə 3 yeni uşaq bağçası tikilərək istifadəyə verilib, 7 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib, 31 müəssisədə cari təmir işləri aparılıb, 151 müəssisə isə avadanlıqlarla təmin olunub.
Təhsil naziri Misir Mərdanov ümumi təhsil sahəsində aparılan islahatlar, məktəb infrastrukturunun inkişafı, ötən il ərzində tikilmiş yeni məktəb və əlavə korpuslar, məktəblərin avadanlıqlarla və laboratoriyalarla təminatı, məktəb kitabxanalarının təchizatı, kurikulum islahatı üzrə həyata keçirilən tədbirlər, xarici dillərin intensiv tədrisi layihələri, monitorinq və qiymətləndirmə sahəsində görülən işlər haqqında danışıb. Nazir bildirib ki, bu il yoxlama və buraxılış imtahanlarının 7 bölgə üzrə keçirilməsi nəzərdə tutulub. Fənlər üzrə imtahan suallarının sayının optimallaşdırıldığını qeyd edən nazir şagirdlər üçün imtahana buraxılış vərəqələrinin hazırlandığını diqqətə çatdırıb.
2010-cu ildə ali məktəblərə qəbulun nəticələrini, istedadlı şagirdlərlə aparılan işləri iclas iştirakçılarının nəzərinə çatdıran Misir Mərdanov de-institutlaşdırma sahəsində əldə olunmuş nailiyyətləri, dərslik siyasətinin həyata keçirilməsi istiqamətindəki tədbirləri, kadr təminatı və müəllimlərin işə qəbulu üzrə görülmüş işləri sadalayıb. Nazir ötən il təhsil sisteminin informasiyalaşdırılması, məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil sahəsində reallaşdırılan işlər, əsas fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, azərbaycanlı gənclərin dünya universitetlərində, əcnəbi tələbələrin isə ölkəmizdə təhsili, eləcə də əlavə təhsil sahəsində işlərin təşkili və digər bu kimi məsələlər barəsində geniş məruzə edib.
Vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması məsələsindən də söz açan Misir Mərdanov bildirib ki, 2010-cu ildə Təhsil Nazirliyinə 51552 sənəd daxil olub. Onlardan 23600-ü ərizə və şikayətlər, 27952-si isə məktublardır. Qeyd edilib ki, ötən il "Qaynar xətt" xidmətinə 13232 müraciət daxil olub.
Azərbaycan Respublikası Prezident Administrasiyası, Nazirlər Kabineti və bəzi dövlət qurumları, qeyri-hökumət təşkilatları nümayəndələrinin, millət vəkillərinin, ali məktəb rektorlarının, tanınmış ziyalıların, rayon, şəhər təhsil şöbəsi müdirlərinin, orta ixtisas, ilk peşə ixtisas və məktəb direktorlarının iştirak etdiyi kollegiya iclasında təqdimatın yüksək əhəmiyyəti barədə fikirlər səsləndirilib.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ölkə Prezidentinin təhsil sahəsinə olan yüksək qayğısını vurğulayıb, təhsil siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin gördüyü işləri müsbət dəyərləndiriblər. Çıxış edənlər müvafiq istiqamətdə aparılan islahatların uğurla davam etdiriləcəyinə və mövcud problemlərin həllini tapacağına ümidvar olduqlarını nəzərə çatdırıblar.
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.