Yanvarın 29-da Dövlət Gömrük Komitəsində (DGK) ötən ilin yekunları ilə bağlı kollegiya iclası və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər güllər düzmüş, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Sonra komitənin mərkəzi aparatında kollegiya iclası keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev müstəqil Azərbaycanda gömrük xidmətinin yaradılmasının 19-cu ildönümü münasibətilə gömrük işçilərini təbrik etmişdir. Vurğulanmışdır ki, gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlamışdır. Yanvarın 30-nun gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra, 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılmışdır. Lakin o zaman mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan verməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də islahatlar aparılmış, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yaranmışdır. Hazırda ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır.
Hesabat məruzəsi ilə çıxış edən komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirmişdir ki, ötən il "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna uyğun olaraq, Komitə üçün proqnozlaşdırılmış 1 milyard 100 milyon manat əvəzinə 1 milyard 101,73 milyon manat vergi və rüsum toplanıb dövlət büdcəsinə köçürülmüşdür. Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən müvafiq işlər həyata keçirilmişdir. Hesabat dövründə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17 min 215 hüquqpozma faktı aşkar edilmişdir ki, onlardan 264-ü cinayət xarakterli faktlar olmuşdur. Həmin faktlar üzrə tutulmuş qaçaqmalın və digər əşyaların dəyəri 3 milyon 42 min 375 manat təşkil etmişdir. 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunmuş və bu faktlar üzrə 319 kiloqram 98 qram narkotik, o cümlədən 224 kq 288 qram həşiş, 42 kq 850 qram heroin, 34 kq 47 qram tiryək, 28,6 qrama yaxın marixuana, 574 qram psixotrop maddə (ampul, kapsul və həb şəklində), 7,6 qram metadon, 17 kq 272 qram metamfetamin maddəsi tutulmuşdur. Bu faktlar üzrə 158 nəfər məsuliyyətə cəlb olunmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulan şəxslərin 123-ü Azərbaycan, 32-si İran, 7-si Rusiya və 1-i Gürcüstan vətəndaşı olmuşdur. 2010-cu ildə aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların İran-Azərbaycan-Rusiya marşrutu ilə yanaşı, ölkə ərazisindən istifadə etməklə Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç və digər ölkələrə də narkotik ötürülməsində istifadəyə cəhd göstərdiklərini təsdiq edir. Aşkar olunmuş faktların təhlili son illər transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir. Belə ki, 2010-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 mütəşəkkil cinayətkar dəstə və narkoqrup aşkar olunaraq zərərsizləşdirilmişdir.
2010-cu il ərzində 16 min 951 inzibati xəta faktları üzrə 509 hüquqi şəxs (o cümlədən 153 xarici hüquqi şəxs) və 16 min 471 fiziki şəxs (o cümlədən 10 min 569 xarici) inzibati məsuliyyətə cəlb edilmiş, göstərilən şəxslərə qarşı 1 milyon 342 min manatdan çox cərimə, 179 min 143 manat dəyərində isə müsadirə tətbiq olunmuşdur. Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində 1 556 192 ABŞ dolları, 210 100 avro, 16 611 717 rus rublu, 7470 Azərbaycan manatı, külçə və zinət əşyaları şəklində 2 kq 805 qram qızıl, 14 kq 275 qram gümüş, 2633 karat brilyant daşlar tutulmuşdur. Eyni zamanda, aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən xaricdə istehsal olunmuş 1 milyon 592 min ədəddən çox siqaret və 7963 ədəd spirtli içki saxlanılmışdır. Bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 ədəd "Makarov" tipli tapança və onun patronları, 2483 ədəd mobil telefon, 2824 ədəd pirotexniki vasitələr və külli miqdarda digər mallar tutularaq müvafiq tədbir görülmüşdür. 2010-cu ildə itlərdən istifadə olunmaqla 11 narkotik qaçaqmalçılığı faktı aşkar olunmuş, bu faktlar üzrə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən götürülmüşdür. Hesabat dövrü ərzində tamamlanmış cinayət işləri üzrə 131 nəfər təqsirləndirilən şəxs istintaqa cəlb edilmişdir.
Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması, emalı, yeni proqram təminatlarının yaradılması, korporativ şəbəkənin genişləndirilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahəsində də bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. 2010-cu il ərzində DGK-nın rəsmi internet səhifəsində fəaliyyət göstərən "sual-cavab" bölməsinə və Komitənin elektron poçt ünvanına fiziki və hüquqi şəxslərdən 447 sual ünvanlanmış və onlar onlayn vasitəsilə cavablandırılmış, aidiyyəti şəxslərə göndərilmişdir. Ümumilikdə isə Dövlət Gömrük Komitəsinin rəsmi internet saytına 58 minə yaxın daxilolma qeydə alınmışdır.
Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü işlər aparmışdır.
Hesabat dövründə Astara Gömrük İdarəsinin, Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" sərhəd-keçid məntəqəsinin və Tovuz Gömrük İdarəsinin "Sınıq körpü", Balakən Gömrük İdarəsinin "Mazımçay", Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postlarının beynəlxalq standartlara uyğun yeni inzibati binalarının tikintisi başa çatdırılmış, müasir tipli inventar və avadanlıqla təchiz edilmişdir. Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" sərhəd-keçid məntəqəsi, həmçinin Balakən Gömrük İdarəsinin "Mazımçay" və Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postları Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Hazırda Xudat sərhəd-keçid məntəqəsinin əsaslı tikintisi, eyni zamanda, Biləsuvar, Tovuz və Balakən rayonlarında gömrük terminalı və anbarların inşasına başlanılması üçün müvafiq tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edənlər görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışlar.
İclasa yekun vuran komitənin sədri Aydın Əliyev respublikamızın bütün gömrükçüləri adından Prezident İlham Əliyevi əmin etmişdir ki, Gömrük Komitəsinin və onun yerli orqanlarının şəxsi heyəti ulu öndər Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq, respublikamızda həyata keçirilən islahatlarda dövlət başçısını daim dəstəkləyəcək, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.
Sonra komitənin 2011-ci il üçün iş planı təsdiq edilmiş, bir qrup gömrük əməkdaşına Dünya Gömrük Təşkilatının sertifikatları, eləcə də komitə sədrinin müvafiq əmrinə əsasən fəxri fərmanlar, xüsusi rütbələr verilmişdır.
Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.