Dövlət Proqramının işığında

Astara: hər guşəsi bir naxışdır
Ölkəmizin cənub qapısı sayılan Astara öz inkişafının yeni mərhələsinə qədəm qoyub. 2004-2008-ci illəri əhatə edən regional inkişafına dair Dövlət Proqramının uğurlu tətbiqi nəticəsində rayonda könülaçan abadlıq-quruculuq işləri həyata keçirilib, dörd minədək yeni iş yeri yaradılıb və sosial-iqtisadi tərəqqiyə nail olunub. İkinci Dövlət Proqramının icrasının ilk ilində qazanılan uğurlar daha da artırılıb, möhkəm təməl üzərində qurulan inkişaf konsepsiyası özünü doğruldub və 2013-cü ilədək bütün problemlərin həll olunacağına etibarlı zəmin yaradıb.
Bugünkü Astara şəhəri yeni infrastruktura malik müasir bir əyalət mərkəzi kimi göz önündə sərgilənir. Amma Astara həm də qədim tarixi ilə öyünən bir şəhərdir. Hələ eramızın ikinci yüzilində Klavdi Ptolomeyin tərtib etdiyi Xəzər xəritəsində yer alan yaşayış məntəqələri sırasında Albaniyanın bu şəhəri "Astarata" kimi göstərilib. 16-cı əsr ingilis taciri Antoni Cenkinsonun qələmə aldığı əsərdə isə bu şəhərin adı "Stara" kimi yazılıb. Tarixi İpək yolu buradan keçdiyi üçün şəhərin cənub-qərb hissəsindəki Qapıçıməhəllə kəndində, Astara çayının sahilində çox qədim tarixə malik karvansara-ribat mövcud olub. Karvansaranın aşkarlanmış qalıqları onun 7-ci əsrə aidliyinə dəlalət edib. Qədim şəhərin geniş beynəlxalq ticarət əlaqələri olub. Burada çoxlu ipək istehsal edilib və ən yaxşı növü Dəməşq, Bursa, Kazan, Venetsiya kimi sənətkarlıq mərkəzlərinə ixrac olunub. Həmin ipəkdən o vaxtlar gözəl məxmər parçalar toxunurdu.
Orta əsrlərdə Astarada duluzçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf edib.14-cü əsrin əvvəllərində Dərbənd, Şamaxı və Təbrizlə bərabər, Astaranın Maşxan məntəqəsində pul zərbxanası olub. "Zərbe Astara" möhürlü on altı sikkə nümunəsi hazırda Tacikistan Elmlər Akademiyasının Tarix İnstitutunda saxlanılır. Vaxtilə Astaranın çox yoğun tənəkləri olan üzüm bağları da varmış. Strabonun yazdığına görə, burada bir kiçik tənək bir səbət üzüm verirmiş.
Astaranın tarixinə dair daha bir maraqlı fakt: burada tapılmış daş insan heykəli hazırda tarix-diyarşünaslıq muzeyinin ən dəyərli incisidir. Bu heykəlin iki min ildən çox yaşı olması barədə alimlərin rəsmi rəyi var. Dəniz səviyyəsindən iki min metr yüksəklikdəki ən uca bir zirvədə Astaranın Şindan qalası olub. İnanca görə, Şindan Babək Xürrəminin müdafiə qalalarından biri olub. Bu gün Astarada eyni adlı müasir otel, ticarət mərkəzi, ansambl və rəqs qrupu fəaliyyət göstərir. Astaralılar, bax, beləcə, öz tarixləri ilə öyünür, şərəfli adları məhəbbətlə yaşadırlar...
Lənkərandan çıxıb rahat asfalt yolla Astaraya getmək adama əsl zövq verir. Baharın bütün ətrafı sardığı, təbiətin yaşıl dona büründüyü indiki vaxtda bu yerlərin gözəllikləri birə-iki artır. İstər-istəməz lövhələrə boylana-boylana getdiyin üçün mənzil başına nə zaman yetdiyimdən xəbərin olmur. Bir də görürsən şəhərdəsən. Şəhər də ki, nə şəhər! Hər tərəfi tərtəmiz, səliqə-sahmanlı, abad! Sanki ləçəkləri şehlə yuyunmuş ətirli bir çiçəkdir! Bəzi rayon mərkəzlərində yalnız iməcilikdən-iməciliyə belə təmizlik olur (Bir azdan öyrənəcəyəm ki, nə həmin gün, nə də əvvəlki günlər Astarada iməcilik-filan keçirilməyib). Cənub şəhərinin bu təmizliyi, doğrudan da bir örnək sayıla bilər. Nə ola, yolunuzu Astaradan salasınız və mənim qətiyyən mübaliğə etmədiyimi özünüz də görəsiniz!
İlkin təəssüratımı Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə də söylədim. Gülümsünüb belə cavab verdi:
- Gördükləriniz dövlətimizin regionların inkişafına göstərdiyi gündəlik qayğının nəticəsidir. Camaatımız da sağ olsun ki, tikiləni-qurulanı, əkiləni əzizləyib qoruyur, hələ desən, artırır da. Bilirsiniz, davranışı mühit formalaşdırır, deyirlər. Gözəlliyi,təmizliyi, səliqə-sahmanı görən handa bir adam onu korlamağa ürək eləyər. Sosial-iqtisadi inkişafın ilk mərhələsində biz gücü əsasən rayon mərkəzinə yönəltmişdik. Hazırkı mərhələdə isə abadlıq-quruculuq işlərini daha çox kənd və qəsəbələrdə həyata keçirməyə üstünlük veririk. Çox çəkməz ki, ən ucqar yaşayış məntəqələrimizdə də nümunəvi səliqə-sahman yaranar. Deyim ki, bu sahədə artıq gördüyümüz işlər də az deyil. Yolların təmiri, işıq, su, qaz təchizatının yaxşılaşması və sair buna misal ola bilər. Axı, möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi daxili siyasətin prioriteti də elə budur. Gərək elə edək ki, ucqarlarla mərkəzin şərait fərqi aradan qalxsın. Harada yaşamasından asılı olmayaraq, hər bir vətəndaşımızın rahatlığı təmin edilsin, rifahı yaxşılaşsın.
İkinci regional inkişaf Dövlət Proqramının ilk ilinin icrası Astarada nikbinliyə əsas verib. Rayonda 350-dək yeni iş yeri yaradılıb. İqtisadi və sosial sahələrdə çalışanların orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 15,7 faiz artaraq 170 manata çatıb. Şəhərin Heydər Əliyev parkında abadlıq tədbirləri davam etdirilib. "Uşaq əyləncə mərkəzi" istifadəyə verilib. Bir çox küçədə əsaslı təmir həyata keçirilib. 25 min kvadratmetrlik yola asfalt örtük döşənib. Kommunal yaşayış binalarının siması yeniləşdirilib. Şəhərin mərkəzində Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi xidməti üçün yeni inzibati bina tikilərək istifadəyə verilib. Olimpiya İdman Kompleksinin inşası davam edir.
Rayonun Siyəkü kənd ərazi dairəsində yerli əhəmiyyətli avtomobil yolunda uzunluğu səkkiz metr olan iki körpü inşa edilib. Əhalinin təklifləri nəzərə alınaraq bu il Astara-Şahağacı-Qamışovka, Siyəkü-Toradi yollarının əsaslı təmiri reallaşdırılacaq. Dövlət Proqramına əsasən isə rayonda altı avtomobil körpüsünün tikintisi, 61 kilometr kəndarası və 28 kilometr şəhərdaxili yolların asfaltlaşdırılması nəzərdə tutulub. Şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və bərpası işləri də proqrama salınan tədbirlərdəndir.
Bu gün Astaranın hər tərəfində qızğın iş gedir. Yollar, səkilər təmir olunur, yerə naxışlı daşlar vurulur- "daş xalçalar" döşənir. Güllər əkilir- "əlvan ilmələr" hörülür.Təzə obyektlərin hamısı zövqlə, fərqli layihələrlə tikilir, müasir şəhər elementləri çoxluq təşkil edir. Şair demişkən, əl işdən soyumur, ürək arzudan. Şəhərin üzü gülür,-desək, yanılmış olmarıq. Adamlar Astaraya bu "təbəssüm"ü bəxş edən yerli rəhbərliyin fəaliyyətindən haqlı olaraq razılıq edirlər.
Son dövrlərdə iməcilik yolu ilə Astarada yeddi mindən çox ağac əkilib. "Ekologiya ili" ilə əlaqədar kütləvi ağac əkinləri üçün yerlərin müəyyənləşdirilməsi, əkiləcək ağacların növü, onlara texniki qulluq və mühafizəni nəzərdə tutan tədbirlər planı hazırlanıb və icrasına başlanıb.
Altı il öncə Lənkəran-Astara ərazisində yaradılmış Hirkan Milli Parkının 21,3 min hektar sahəsinin 18,3 mini Astaraya aiddir. Burada "Qırmızı kitab"a düşmüş ağaclar çoxdur. Hara baxsan, zümrüd libasa bürünüb. "Ekologiya ili"ndə təbii sərvətlərə bir qədər də doğma münasibətin bəslənməsi, yaşıllıqların daha da artırılması və qorunması üzrə təqdirəlayiq işlərin görülməsi fərəhli hadisədir.
Təkcə bir il ərzində Astarada altı yeni məktəb binasının tikilməsi xüsusi fərəh doğurur. Bunlar 480 yerlik Pensər, 360 yerlik Rinə, 240 yerlik Pəlikəş orta məktəbləri, hər biri 180 yerlik Marzəsay və Qəcimardə əsas məktəbləri və 80 yerlik Vovada kənd ibtidai məktəbidir. 620 yerlik Kijəbə qəsəbə orta məktəbinin əsaslı təmiri də başa çatdırılıb və təhsil ocağı lazımi avadanlıqla təmin edilib. Bütün bunlar məktəblərdə təlim-tərbiyənin yüksəlməsinə təsir edib. Ötən il ölkənin ali məktəblərinə 126 astaralı məzun qəbul olunub ki, bu da əvvəlki ildəkindən 25 faiz çoxdur. Müasir düşüncəli, sivil dünyagörüşlü, yüksək ixtisaslı gənclərin rayonun gələcək kadr potensialını təşkil etməsi Astaranın sabahına daha nikbin yanaşmağa yetərli əsaslar verir.
...Astaradan ayrılandan sonra yolboyu xoş təəssüratlarımla baş-başa qaldım. Uzun illərdən bəri icra hakimiyyətində çalışan və ötən il "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülən dostum Kamil Kamilovun yurdsevər duyğularla dilə gətirdiyi sözləri tez-tez xatırlamalı oldum: "Biz doğma rayonumuzun bugünkü büsatı ilə fəxr edirik. Vüsətli tərəqqi, inkişaf adamın ürəyindən xəbər verir".
Fərəhləndirici haldır ki, bu tərəqqinin davamlı olması üçün dövlət səviyyəsində mühüm addım atılır. Azərbaycan Prezidentinin "Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 21 aprel 2010-cu il tarixli sərəncamı buna bariz misaldır. Həmin sərəncama əsasən Astara- Balaşahağacı avtomabil yolunun yenidən qurulması məqsədilə Prezidentin Ehtiyat Fondundan Astara RİH-ə 3,5 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu diqqət və qayğıya görə möhtərəm Prezidentimizə bütün astaralılar adından minətdarlığımızı bildirirəm.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında