Dövlət başçımızın Davos İqtisadi Forumu çərçivəsində bir sıra şirkət rəhbərləri ilə görüşü zamanı ölkəmizin iqtisadi uğurlarının dünyanın işgüzar dairələrinin diqqət mərkəzində olduğu vurğulanmışdır. Məsələn, "SK Group" şirkətlər qrupunun sədri Gey Tae-von rəhbərlik etdiyi qurumun Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı fəaliyyət göstərdiyini məmnunluqla xatırlatmış, Azərbaycanın ildən-ilə artan iqtisadi gücünü diqqətə çatdırmışdır...
Prezident İlham Əliyev isə Koreya Respublikasına səfər çərçivəsində nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı aparılan danışıqların nəticəsi kimi artıq bu layihənin yaxın vaxtlarda Azərbaycanda tətbiq ediləcəyinə ümidvar olduğunu bildirmişdir. Dövlətimizin başçısı Koreya Respublikasının və Azərbaycan Respublikasının şirkətləri arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu göstərmişdir.
Qeyd edək ki, "SK Group" şirkətlər qrupu 1953-cü ildə yaradılmışdır. Bu şirkət özündə 92 fəaliyyət sahəsini birləşdirir və sənaye, kimya, rabitə, informasiya texnologiyaları, tikinti və digər sektorlarda iri layihələr həyata keçirir. Şirkətin müxtəlif ölkələrdə 113 ofisi fəaliyyət göstərir. Həmin ofislərdə 300 mindən çox insan çalışır. Təkcə 2009-cu ildə şirkətin 80 milyard dollara yaxın ümumi gəlirləri olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə də görüşmüşdür. "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund Azərbaycan ilə rəhbərlik etdiyi şirkətin uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirməsini vurğulayaraq, bu əməkdaşlığın dərinləşməsi işinə Azərbaycan Prezidentinin şəxsən verdiyi töhfəni yüksək qiymətləndirmişdir. "Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir",- deyən Helge Lund ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirmişdir.
Prezident İlham Əliyev "Statoil"in "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarındakı iştirakını və ölkəmizə investisiya qoyuluşu istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşmüşdür. Xanım Sun Yafanq rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirmiş, qeyd etmişdir ki, bu şirkət hazırda Azərbaycan ilə müəyyən sahələrdə fəal əməkdaşlıq qurmuşdur. O, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində "Huawei Technologies" Korporasiyasının Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu göstərmişdir.
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi Reyin görüşündə də ölkəmiz üçün maraqlı məqamlara diqqət yetirilmişdir. İsveçrə Prezidenti xanım Mişelin Kalmi Rey Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın ölkəsi üçün önəmini qeyd etmişdir. O, İsveçrənin Azərbaycanın müvafiq qurumları ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu bildirmişdir. Xanım Mişelin Kalmi Rey "Cənub dəhlizi"nin inkişafında Azərbaycanın rolunu diqqətə çatdıraraq, İsveçrənin Trans-Adriatik boru kəmərinə maraq göstərdiyini və bu layihəni dəstəklədiklərini bildirmişdir.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini nəzərə çarpdırmışdır. Dövlətimizin başçısı Azərbaycanın "Cənub dəhlizi"nə daxil olan layihələrə, o cümlədən Trans-Adriatik boru kəməri layihəsinə də dəstək verdiyini demişdir. Dövlət başçımız enerji sahəsində Avropa İttifaqı ilə uğurlu əməkdaşlığın həyata keçirildiyindən və İsveçrənin "Cənub dəhlizi" layihələrinə maraq göstərməsindən razılığını diqqətə çatdırmışdır.
İsveçrədə işgüzar səfərdə olan Prezident İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşündə isə ikitərəfli münasibətlər və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında, xüsusilə də "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyəti, o cümlədən Polşanın bu istiqamətdə dəstəyi qeyd olunmuşdur. Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir.
Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin də görüşü olmuşdur. Prezident İlham Əliyev görüşdə demişdir ki, Ukrayna ilə münasibətlərimiz çox fəal və dinamik inkişaf edir, "strateji tərəfdaşlıq", "dostluq münasibətləri" kimi terminlərlə səciyyələndirilir. Əminəm ki, siyasi dialoqun genişlənməsi, iqtisadi sahədə, xüsusən energetika sahəsində fəal qarşılıqlı əlaqələr xalqlarımızı daha da yaxınlaşdıracaq, təkcə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün deyil, həm də Qara dəniz və Xəzər dənizi regionunda əməkdaşlığın hərtərəfli yüksəlişi üçün əlverişli şərait yaradacaqdır...
Ukrayna Prezidenti Viktor Yanukoviç isə dövlət başçımıza müraciətlə vurğulamışdır ki, ölkələrimiz arasında strateji münasibətlər xalqlarımızın dostluğunun təməlidir. Bu, müxtəlif böhranlar dövründə xüsusilə əhəmiyyətlidir. Ukrayna xalqı heç vaxt unutmayacaq ki, bizim üçün çətin bir dövrdə ulu öndər Heydər Əliyev tarixi qərar qəbul etdi və Sizin ölkəniz Ukraynanı yanacaq-sürtkü materialları, neftayırma zavodlarımıza neft nəql edilməsi ilə dəstəklədi. Bu, həmin dövrdə Ukraynaya çatışmayan bir udum hava kimi zəruri idi və Prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycan bunu etdi.
Siz bu xoşməramlı ənənələri davam etdirirsiniz. Biz çox şadıq ki, bütün 2010-cu il ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsinin fəal artımı qeydə alınmış, yeni fəaliyyət növləri yaranmış, yanacaq-sürtkü materialları, neft ticarəti xeyli fəallaşmışdır və bu gün nazirlərimiz bizim strateji müqaviləni daha mənalı edən növbəti saziş hazırlamışlar. Bilirəm ki, bu fəallıq çox cəhətdən Sizin şəxsi iştirakınızla əlaqədardır. Bunu demək mənə çox xoşdur ki, əlbəttə, 2011-ci ilin əvvəlindən danışsaq, biz növbəti addım atırıq və ticarət münasibətlərinin, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə fəal səylərimizi davam etdirməliyik...
Xatırladaq ki, bu görüşdən sonra Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin iştirakı ilə Azərbaycan və Ukrayna arasında iki sənəd imzalanmışdır. Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Sazişi və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandumu Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzalamışlar.
Davos Forumunda diqqəti çəkən bir məqamı da xatırlatmaq yerinə düşər. Bu Forum çərçivəsində Avstriya - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə nahar mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı maraqla qarşılanmış, ölkəmizin son illər əldə etdiyi uğurlar barədə aydın təsəvvür yaratmışdır. Dövlətimizin başçısı demişdir:
- Biz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadakı tərəfdaşlarımızla bir çox məsələlərlə bağlı sıx işləyirik. Biz enerji və nəqliyyat sahəsində çalışırıq. Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir. Hazırda biz Şərq-Qərb, Şimal-Cənub daşıma dəhlizləri sahəsində işləyirik. Türkiyə ilə Azərbaycan arasında olan dəmir yolu xətti sırf iki ölkəni birləşdirən xətt deyil, əslində bu, Avropa ilə Asiya arasındakı bağlantıdır. Çünki həmin dəmir yolu Çindən başlayıb Avropaya qədər gedəcəkdir. Bu, yeni etibarlı alternativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı, səmərəli marşrut olacaqdır.
Azərbaycan neft ölkəsi kimi tanınır. Bu, tamamilə doğrudur. Çünki dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilib. Sonradan dənizdə neft ilk olaraq yenə Azərbaycanda hasil edilib. Lakin bu gün təbii ki, biz bir sıra mühüm şaxələndirmə layihələri üzərində işləyirik. Bizim enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərimiz vardır. Biz nəhəng qaz yataqlarını aşkar etmişik. Onlar bizə böyük qaz ixracatçısı olmağa imkan verir. Hazırda biz təbii qazı qonşu ölkələrə ixrac edirik. Hasilatın artırılması və yeni bazarların tapılması ilə bağlı böyük planlarımız vardır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir və bu həcm İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sədrinin qeyd etdiyi kimi, bizim üçün 100 ildən artıq müddətə kifayətdir.
Prezident İlham Əliyev daha sonra göstərmişdir ki, bizim şaxələndirilmiş müasir daşıma infrastrukturumuz vardır. Hazırda üzərində çalışdığımız məsələ yeni bazarların müəyyən edilməsidir. Əslində biz həmin bazarların yerləşdiyi yeri bilirik. Lakin bu layihənin qarşılıqlı surətdə faydalı olması üçün biz hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqlarını bir araya gətirməliyik. Enerji resursları təbii ki, bizdə əlavə əminlik yaradır. Bunlar qeyri-neft sektoruna sərmayə qoymaq imkanı yaradır və biz bu işi uğurla aparırıq. İqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi bizim əsas məqsədimizdir.
Azərbaycanın dinamik iqtisadi inkişafına toxunan ölkə başçımız daha sonra demişdir:
- İqtisadi artımımız çox sürətli olubdur. Son yeddi il ərzində ÜDM 2,8 dəfə artıb. Bu, təqribən 300 faiz təşkil edir. 2009-cu ildə böhranın baş verdiyi və neftin qiymətlərinin 4 dəfə aşağı düşdüyü halda iqtisadiyyatımız 9,3 faiz, ötən il isə 5 faiz artmışdır. Hazırda artım əvvəlki illərdəki kimi o qədər böyük deyil, lakin davamlıdır. ÜDM-in strukturu çoxşaxəlidir və daha cəlbedicidir.
Söyləyə biləcəyimiz nailiyyətlərimizdən biri yoxsulluğun azaldılmasıdır. Bu, birbaşa iqtisadi islahatlarımızla bağlı idi. Çünki enerji sektoru çox sayda iş yeri yaratmır. Buna görə də vəsaitlərin neft sektorundan qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatımızı müəyyən dərəcədə şaxələndirməyə imkan yaratdı və yeddi il bundan əvvəl mövcud olmuş 49 faizlik yoxsulluğun 9 faizə qədər endirilməsini mümkün etdi. Bu rəqəm gələn illər ərzində daha da aşağı olacaqdır.
Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, avropalı tərəfdaşlarımızla həyatımızın bütün sahələrini əhatə edən bu proqramın reallaşdırılması üzərində işləyirik. Biz iqtisadi və siyasi islahatları paralel şəkildə aparırıq. Ölkəni müasirləşdirmək, davamlı iqtisadiyyat qurmaq və güclü siyasi sistem yaratmaq üçün əlbəttə ki, biz siyasi və iqtisadi islahatlar sahəsində daha çox çalışmalıyıq.
Çıxışının sonunda dövlət başçımız demişdir ki, biz ölkə daxilində və xaricində əmin-amanlıq istəyirik, Avropa və beynəlxalq maliyyə təsisatları ilə güclü əlaqələrin olmasının tərəfdarıyıq. Xarici sərmayələrin cəlb olunması sahəsində əldə etdiyimiz təcrübə bu yolda ilk addımlarını atan ölkələr üçün faydalı ola bilər. Biz olduqca münbit sərmayə mühiti yaratmalı idik. Son 15 il ərzində Azərbaycana 95 milyard ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu sərmayələrin demək olar ki, yarısı xarici sərmayələrdir. Biz sərmayələrin qorunması üçün güclü hüquqi baza yaratmışıq və bütün əsas enerji müqavilələrimiz parlament tərəfindən təsdiq olunur və qanun qüvvəsini almaq məqsədilə Prezident tərəfindən imzalanır. Bu o deməkdir ki, hətta biz istəsək belə həmin müqavilələrin şərtlərini dəyişdirmək hüququmuz yoxdur. Bu isə ən vacib amildir. Çünki sərmayədar, xüsusən də regionumuzdakı xarici investorlar 100 faiz əmin olmalıdırlar ki, sərmayələr qorunacaq və heç kim artıq imzalanmış müqavilələrdəki şərtləri dəyişdirməyə çalışmayacaqdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.