Zığ qəsəbəsi sakinlərinin problemləri həll edilir

{nl}

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbə nümayəndəliyinin 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyn Həsənov ölkə Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Zığ qəsəbəsinin daha da abadlaşması, sakinlərin mənzil-kommunal şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün həyata keçiriləcək tədbirlərdən danışmışdır.
Toplantıda hesabat məruzəsi ilə çıxış edən icra nümayəndəsi Yaşar Mahmudov 2010-cu il ərzində qəsəbənin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri diqqətə çatdıraraq vurğulamışdır ki, respublikamızda son illər geniş vüsət alan tikinti-quruculuq, abadlıq tədbirlərinə Suraxanı rayonunda, o cümlədən Zığda da ciddi diqqət yetirilir.
Natiq qəsəbənin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması ilə bağlı göstərmişdir ki, ötən il Zığ qəsəbəsini qidalandıran 6 kilovoltluq hava xətlərində təmir işləri görülmüşdür ki, bu da elektrik enerjisi verimində fasiləsizliyin təmin edilməsi üçün mühüm rol oynamışdır. Bundan başqa 1206 saylı KTM yenisi ilə əvəz olunmuşdur. Həmçinin qəsəbə üzrə 6 ədəd TM və KTM-də 0,4 kilovoltluq şəbəkə yenidən quraşdırılmışdır. 2 ədəd KTM-də isə hazırda son tamamlama işləri gedir.
İstismar müddəti sona çatmış elektrik dirəklərinin, naqillərin və kabellərin dəyişdirilməsi, bütövlükdə şəbəkənin sağlamlaşdırılıması tədbirləri bu gün davam etdirilir.
Əhalinin təbii qazla təminatı qəsəbə nümayəndəliyinin həmişə diqqət mərkəzində olmuşdur. Bununla əlaqədar ötən il qaz xəttinin əsaslı təmirinə, sıradan çıxmış xətlərin dəyişdirilməsinə və yenilərinin çəkilməsinə xüsusi önəm verilmişdir.
Ümumilikdə 2010-cu ildə Zığ qəsəbəsinin inzibati ərazi vahidliyinə daxil olan yaşayış məntəqələrində 58.028 metr yeni qaz xətti çəkilmiş və hazırda bu sahədə işlər davam etdirilir.
Son 10-15 ildə Zığ qəsəbəsində əhalinin su təminatı ilə bağlı çətinlik özünü daha qabarıq şəkildə göstərmişdir. Düzdür, qəsəbədə mütəmadi olaraq, korroziyaya uğramış, sıradan çıxmış su xətlərinin dəyişdirilməsi və yeni su xətlərinin çəkilməsi həyata keçirilmiş, amma bütövlükdə problem həll olunmamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və ciddi diqqəti sayəsində Oğuz - Qəbələ - Bakı su kəmərinin istifadəyə verilməsi xəbəri bütün paytaxt sakinləri kimi zığlıları da çox sevindirmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Zığ qəsəbəsində yeni su anbarının, nasos stansiyasının tikintisi və yeni su şəbəkəsinin quraşdırılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, Oğuz - Qəbələ - Bakı su kəmərinin istifadəyə verilməsi ilə əlaqədar Zığ qəsəbəsinin "Dədə Qorqud", "Bahar" və digər yaşayış məntəqələri sanitar normalara uyğun su ilə təmin ediləcəkdir.
Yığıncaqda, həmçinin göstərilmişdir ki, ötən il diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri də qəsəbənin sanitar təmizliyinin, məişət tullantılarının vaxtında daşınmasının təmin edilməsi olmuşdur. Bununla əlaqədar vaxtaşırı əhali arasında maarifləndirmə işləri aparılmış, iməciliklər keçirilmişdir.
Eyni zamanda, Zığ - Hövsan və Zığ - Suraxanı yolunun sağ və sol hissəsi, yeni salınmış qəbiristanlığın ətrafı, Vərəm dispanserinin arxa tərəfində yerləşən zibil meydançası təmizlənmişdir. Qeyd olunan yerlərdən ümumilikdə 110 maşından çox müxtəlif təyinatlı tullantılar daşınmışdır.
Qəsəbə yollarının əsaslı yenidənqurulmasına da mühüm əhəmiyyət verilmişdir. Belə ki, hesabat dövründə yolların mövcud vəziyyətdə saxlanılması və yaxşılaşdırılması məqsədi ilə xeyli iş görülmüşdür.
Qəsəbədə tikinti-quruculuq, abadlıq işləri də sürətlənmişdir. Zığ qəsəbəsi, "Bahar bağları" yaşayış sahəsində ATS binası tikilmiş, süd emalı zavodunun inşası isə başa çatmaq üzrədir. Şübhəsiz ki, yeni iş yerlərinin açılması qəsəbə sakinlərinin məşğulluğuna öz müsbət təsirini göstərəcəkdir.
Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında dekorativ divarların tikilməsi işləri davam edir. Yolun ətrafının yaşıllaşdırılması, neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsi qəsəbənin ekoloji vəziyyətini yaxşılaşdırmışdır.
Azərbaycan Prezidenti tərəfindən "Ekologiya ili" elan olunan 2010-cu ildə keçirilmiş ağacəkmə kampaniyalarında qəsəbədə yerləşən idarə və müəssisələrin işçiləri, həmçinin sakinlər fəal iştirak etmişlər. Ümumilikdə, qəsəbə ərazisində 3520 ədəd ağac əkilmişdir. Yaşıllıqlara qulluq və onların qorunması ən vacib məsələlərdən biri olmuşdur.
Məruzə ətrafında çıxış edən qəsəbə sakinləri görülən işlərdən razılıq ifadə etmiş, ötən ilin yekunları ilə bağlı qəsəbə nümayəndəliyinin fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

{nl}


Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında