Müəllimlik şərəfli olduğu qədər də məsuliyyətli peşədir

Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisi, ən lazımlısıdır”.

Azərbaycanda dərs ili yeni başlayıb. Ölkəmizin 4500-dən çox ümumtəhsil məktəbində təxminən 160 minə yaxın müəllim dərs deyir. Ümumilikdə isə Azərbaycanda 7 minə yaxın təhsil müəssisəsində 200 minə yaxın pedaqoq çalışır. Deməli, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda fəaliyyət göstərirlər.

5 oktyabr bu şərəfli peşə sahiblərinin bayramıdır. 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd qəbul edilmişdir. 1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix, həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Qeyd edək ki, Azərbaycanda da 1993-cü il oktyabrın 5-dən etibarən hər il bu gün müəllimlərə həsr olunur.

 Hazırda dünyanın 100-dən çox ölkəsində bu gün beynəlxalq səviyyədə qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir. Məsələn, Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabrda Müəllimlər Günü bayram edilir.

Azərbaycanda Müəllimlər Günü hər il yüksək səviyyədə keçirilir. Müəllim əməyini həmişə yüksək qiymətləndirən Prezidentimiz cənab İlham Əliyev bayram ərəfəsində müəllimləri təbrik edib, onların sosial vəziyyətlərinin yaxşılaşması, fəxri adların, Prezident təqaüdlərinin verilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Cənab Prezident bu il oktyabrın 3- də Azərbaycan təhsilinin inkişafında xidmət-lərinə görə 58 müəllimə “Tərəqqi” medalı, 57 müəllimə “Əməkdar müəllim”, bir müəllimə “Əməkdar mədəniyyət işçisi”, bir müəllimə “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Alla Vəzirovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamal Abdullayevə Prezidentin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncamlar imzalamışdır.

Dövlətimizin qayğısı nəticəsində bu gün müəllimlərimizin yaxşı işləmələri üçün hər cür şərait yaradılıb. Ulu öndərin müəllifi olduğu təhsil islahatları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu islahatlar nəticəsində yaradılan yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Cənab Prezident demişdir: “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər”.

Təhsilin inkişafı ilə bağlı qəbul olunan 25-ə yaxın dövlət proqramı müəllimlərin sosial statusunun gücləndirilməsinə də əsaslı şərait yaratmışdır.

 Mən özüm Bakının Sabunçu rayonu ərazisində yerləşən 271 nömrəli məktəbə rəhbərlik edirəm. Bizim pedaqoji kollektivimizdə həm təcrübəli, həm də gənc müəllimlər çalışırlar. Onların yüksək bacarıq və səyləri nəticəsində son iki ildə qəbul imtahanlarında 15 şagirdimiz 600 baldan yuxarı nəticə göstərib. Məktəbimizdə öz peşəsini ürəkdən sevən, təcrübəli, məsuliyyətli müəllimlər çalışır. Onlar arasında “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, “İlin ən yaxşı müəllimi”, “Tərəqqi” medalına layiq görülmüş pedaqoqlarımız çoxdur.

Prezidentimizin təhsilin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə həyata keçirilməsi müəllimlərimizin də üzərinə böyük məsuliyyət qoyur.

Səməndər MƏMMƏDOV,
271 nömrəli
məktəbin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında