Hərbi xidmətdən boyun qaçırmaq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur

Azərbaycan Respublikasının Konstitusiyası vətəni müdafiə etməyi, qanunla müəyyən olunmuş qaydada hərbi xidmət keçməyi hər bir vətəndaşın borcu və əsas vəzifələrindən biri kimi təsbit etmişdir. Lakin bəzi hallarda vətəndaşlar tərəfindən həmin konstitusion vəzifələrin yerinə yetirilməsindən qəsdən imtina olunması hallarına yol verilir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 1982-ci ildə anadan olmuş, Gəncə şəhər sakini Hacıyev Bəxtiyar İlyas oğlu 2004-cü il yanvarın 2-də Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığında həkim komissiyasından keçərək hərbi xidmətə yararlı hesab edilmişdir.
Həqiqi hərbi xidmətə çağırışla bağlı Bəxtiyar Hacıyevə ilk dəfə Ağdaş özəl türk litseyində təhsil alması, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində, 2004-2006-cı illərdə isə Xəzər Universitetində təhsilini davam etdirməsi ilə əlaqədar hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdir.
O, 2006-cı il iyunun 30-da möhlət hüququnun bitməsinə baxmayaraq həmin tarixdən qeydiyyatda olduğu Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığına gəlməmişdir.
Bəxtiyar Hacıyev 2010-cu il iyulun 10-da Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığında təkrar olaraq tibbi komissiyadan keçərək hərbi xidmətə yararlı hesab edilmiş və onun adı 2010-cu il sentyabrın 8-də 2010-cu ilin oktyabr çağırışına çağırılmalı olan çağırışçıların siyahısına əlavə olunaraq həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin edilmişdir. Lakin o, çağırışın aparıldığı vaxtda komissarlığa gəlməmişdir.
Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq 2010-cu il noyabrın 19-da Gəncə şəhər Nizami Rayon Hərbi Komissarlığına gətirilmiş və həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar həkim komissiyasından keçməsi təklif olunmuşdur. Lakin o, həkim komissiyasından keçməkdən, çağırış vərəqəsinə və iltizama imza etməkdən imtina etmişdir.
2010-cu il dekabrın 27-də Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən Bəxtiyar Hacıyevin hərbi xidmətdən boyun qaçırması ilə əlaqədar toplanmış materiallar Gəncə Şəhər Prokurorluğuna göndərilmişdir.
Araşdırmalarla əlaqədar Bəxtiyar Hacıyev 2010-cu il dekabrın 28-də və 30-da, 2011-ci il yanvarın 1-də məktublar yazılmaqla poçt, 2011-ci il yanvarın 6-da isə telefon vasitəsilə çağırılmasına baxmayaraq prokurorluğa gəlməkdən imtina etmişdir.
2011-ci il yanvarın 24-də Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığına gətirilmiş, lakin hərbi xidmətə getməkdən yenidən imtina etmişdir.
Həmin tarixdə hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyevin barəsində Gəncə Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanılmış, istintaq aparılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında