Azərbaycanda şəffaflığın təmin edilməsi, audit sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür

Bakıda Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası, Polşa Milli Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə "Müasir şəraitdə auditin aktual problemləri" mövzusunda Polşa-Azərbaycan elmi-praktiki simpoziumu keçirilir.
Məqsəd Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın müddəalarına uyğun olaraq, beynəlxalq təcrübənin öyrənilməsi və respublikamızda tətbiq olunmasıdır.
Simpoziumun açılışında Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Azərbaycan Universitetinin rektoru, professor Akif Musayev çıxış etmişlər.
Z.Səmədzadə Azərbaycan Universitetinin fəaliyyətini yüksək qiymətləndirmiş, "Müasir şəraitdə auditin aktual problemləri" mövzusunun əhəmiyyətindən və vacibliyindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda şəffaflığın təmin edilməsi, audit sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür, dünya standartlarına cavab verən qanunlar qəbul edilir. Azərbaycanda audit institutunun normal fəaliyyəti üçün kifayət qədər əsaslandırılmış qanunvericilik bazası vardır. Bütövlükdə iqtisadiyyatın bütün sahələrində uçot sisteminin beynəlxalq standartlara uyğun qurulması istiqamətində işlər daha da genişləndirilməlidir.
Azərbaycan-Polşa münasibətlərinə toxunan Z.Səmədzadə vurğulamışdır ki, iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. İki ölkənin tarixi oxşarlıqları da çoxdur. Ümummilli lider Heydər Əliyev Azərbaycan-Polşa münasibətlərinin qurulmasında müstəsna rol oynamışdır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Universitetinin rektoru, professor Akif Musayev mövzunun əhəmiyyətindən və vacibliyindən danışmış, universitetin fəaliyyəti barədə məlumat vermişdir.
Daha sonra Auditorlar Palatasının sədri Vahid Novruzov "Yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti", Polşa Milli Auditorlar Palatasının prezidenti Adam Kesik "Polşa Auditorlar Palatasının Polşa auditorlarının peşəkar özünüidarəetməsinin təşkili" mövzularında məruzələri dinlənilmişdir. Adam Kesik diqqətə çatdırmışdır ki, qarşılıqlı əməkdaşlıq şəraitində keçən bu cür tədbirlər audit sahəsində meydana çıxan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Bakı haqqında xoş təəssüratlarından da danışan A.Kesik gələcəkdə bir daha Bakıya səfər etmək niyyətində olduğunu bildirmişdir.
Simpoziumda yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti, auditin müasir problemləri və onların həlli yolları, Avropa Komissiyasının (AK) Məcburi Audit Direktivinin tətbiqi və onun praktiki nəticələri, AK tərəfindən müzakirəyə çıxarılmış "Audit siyasəti: böhranın dərsləri" mövzularında məruzələr dinlənilmiş, onların ətrafında çıxışlar və müzakirələr aparılmışdır.
Tədbirdə Auditorlar Palatasının əməkdaşlıq etdiyi qurumların -Vergilər Nazirliyinin, Mərkəzi Bankın, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və digər təşkilatların nümayəndələri də məruzələr etmiş və müzakirələrdə iştirak etmişlər.
Simpozium yanvarın 28-də başa çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında