Zamanla ayaqlaşa biləcək insan resurslarının əhəmiyyəti artmaqdadır

Müasir dövrümüzdə dünyada daha böyük və qlobal işləri həyata keçirən qurumların meydana gəlməsi şəraitində qlobal rəqabətin artması, texniki tərəqqinin inkişafı, iş mühitindəki və işçi qüvvəsinin quruluşunda olan dəyişikliklər, təhsil səviyyəsinin vəziyyəti, qanunvericiliyin təkmilləşdirilməsi, iqtisadi və siyasi proseslərin təsirləri, həmçinin fəaliyyətlərin icrasında baş vermiş problemlərin səbəblərinin analizi zamanı əldə edilən nəticələr insan resurslarının düzgün idarə edilməsinin çox böyük əhəmiyyəti olduğuna bir daha əminlik yaratmışdır. Buna görə də müasir texnologiya və proseslərlə, zamanla ayaqlaşacaq insan resurslarının dəyəri artmaqdadır.

Ümumiyyətlə, insan resursları və insan resurslarının idarə edilməsi dedikdə mülkiyyət formasından asılı olmayaraq, ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul buraxan, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyekti olan müəssisənin məhsul istehsalında və xidmət sahəsində qarşıya qoyulan məqsədə çatması üçün iş yerində işçi ilə rəhbər arasında normal, işgüzar münasibətlər nəzərdə tutulur. Buraya insan resurslarının planlaşdırılması, bunun üçün lazımlı iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciətlərin qəbulu, görüşlərin aparılması, işə qəbul, uyğunlaşma, təhsil və inkişaf işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əməkhaqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və s. daxildir.

İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyəti insan amilinin əsas tutulmasıdır ki, bu da insanın maddi və mənəvi-psixoloji baxımdan özünü təmin edilmiş hesab edərək iş yerinin dəyərini bilməklə, əmək məhsuldarlığına təsir edəcəyini göstərir. Əmək məhsuldarlığı isə istər zaman, istər maliyyə, istərsə də keyfiyyətli məhsul, xidmət və iş baxımından müəssisənin məqsədə çatmasında öz müsbət təsirini göstərməyə bilməz. Deməli, nailiyyətlərin əldə edilməsinin yeganə yolu kateqoriyasından asılı olmayaraq, bütün personalın müvafiq bilik, bacarıq və səriştəyə malik olmasıdır.

Artıq bu niyyətdə olan qabaqcıl şirkətlərdə (müəssisələrdə) insan resurslarının idarə edilməsi prioritet məsələlərdən biri, bəlkə də birincisidir. Burada əsas rol oynayan müəssisənin idarə edilməsində səlahiyyət sahibi olan üst rəhbərliyin iradəsi və bu məsələyə olan dəstəyi, eyni zamanda, müəssisədə insan resurslarının idarə olunması ilə bağlı proseslərin həyata keçirilməsinə məsul olan qurumdur.

Digər sahələrdə olduğu kimi, insan resurslarının idarə edilməsinə məsul olan qurumun rəhbərliyi və işçi personalı bu sahədə müvafiq bilik, bacarıq və səriştəyə malik olmalıdırlar ki, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilsinlər. Burada səriştəliliyə daxil olan dürüstlük və məsuliyyətliliyi xüsusi vurğulamaq istərdik.

Danılmaz faktdır ki, artıq əksər müəssisələrdə tədris qurumlarının müxtəlif peşə və ixtisaslar üzrə məzunlara verdiyi sənədlər (diplom, vəsiqə, sertifikat və s.) işə qəbul zamanı əsas götürülmür. Bunun da obyektiv səbəbləri vardır. Əsas səbəblər ondan ibarətdir ki, qeyd etdiyimiz müsbət keyfiyyətləri ehtiva edən müəssisələrdə mövcud vakansiyalara işə qəbul olunmaq üçün müvafiq iş təcrübəsi, həmçinin funksional və davranış səriştəliliyinə malik olmaqla, müsabiqə prosedurlarından keçmək zərurəti mövcuddur. Bu zərurətə əsas yaradan səbəb isə rəqabətin mövcudluğu və işəgötürənlərin daha keyfiyyətli insan resurslarına malik komanda formalaşdırmaqla qarşısına qoyduğu məqsəd və hədəflərə çatmaq istəyidir.

Mövcud reallıqları nəzərə alsaq, bir sıra obyektiv və subyektiv səbəblərdən qaynaqlanan problemlərin də mövcudluğunu görürük ki, bu da insan resurslarının idarə edilməsinə lazımi səviyyədə nail olunmasında çətinliklər yaradır. Əsas çatışmazlıqlar siyahısına istər üst rəhbərliyə, istərsə də xətti rəhbərliyə daxil olanların heç də hamısının yeniliyə meyilli olmaması, bu sahə üzrə müvafiq bilik, bacarıq və səriştəyə malik insanların azlığı, müəssisədaxili rəhbəredici hüquqi, normativ sənədlərin və təşkilati strukturun qüsurluluğu, daxili kommunikasiya və iyerarxiya sistemində olan uyğunsuzluq zamanı baş vermiş neqativ hallardan qaynaqlanan nöqsanların fəsadları, maliyyə vəziyyətinin qeyri-stabilliyi, əmək şəraiti və motivasiya ilə bağlı problemlər, həmçinin təhsil sahəsində olan problemlər də daxildir.

Ancaq bütün çətinliklərə baxmayaraq, əgər müəssisə mövcuddursa, ən dəyərli və digər resursları da idarə edən insan resurslarının özlərinin də keyfiyyətlə idarə olunması üçün işlək və çevik proseslər sisteminin yaradılması vacibdir. Müəssisədə çalışan və müəyyən əmək funksiyasına malik olan istənilən şəxsin fəaliyyətinin müəssisənin fəaliyyətinə müsbət və yaxud mənfi təsiri olduğunu nəzərə alsaq, onda hər bir işçinin tutduğu yerə uyğunluğunun nə qədər əhəmiyyətli olması aydın olar.

Qeyd olunanların məntiqi nəticəsi kimi aydın olur ki, müəssisə tərəfindən həm önləyici, həm də tənzimləyici addım olaraq işə qəbul prosesinin düzgün həyata keçirilməsi xüsusi rol oynayır. Digər addımlar isə daxili intizamı təmin etmək, işçi sayının planlaşdırılması, səriştəliliklərin idarə edilməsi, yüksək əhəmiyyətli vəzifələrə davamçıların hazırlanması, effektivliyin qiymətləndirilməsi, təlimlərin təşkili, həmçinin zamanında və ədalətli motivasiyanın həyata keçirilməsidir. Eyni zamanda, imkan daxilində bu proseslərin informasiya texnologiyaları vasitəsilə avtomatlaşdırılaraq çevik və etibarlı proseslər sisteminin tətbiqinə nail olmaqla, daha böyük uğurlara imza atmaq mümkündür.

Asif BƏKİRLİ,
SOCAR-ın Baş Ofisi
İnsan Resursları Departamentinin rəisi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında