Məhkəmə islahatları uğurla davam etdirilir

{nl}

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Şuradan bildirmişlər ki, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və köklü dəyişikliklərə səbəb olan mütərəqqi tədbirlər, qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli islahatların dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyini, son illər ölkəmizin yüksək inkişaf sürətinə nail olduğunu, iqtisadi potensialın dəfələrlə yüksəldiyini bildirmiş, bütün dünyanı iqtisadi böhran bürüdüyü halda, iqtisadiyyatımızın intensiv inkişaf etdiyini, o cümlədən 2010-cu ildə 5 faiz artdığını, böyük sosial layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini qeyd etmiş, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə islahatları vurğulamışdır.
Bildirilmişdir ki, ölkəmizdə iqtisadi inkişafın geniş vüsət alması, yeni iqtisadi münasibətlərin formalaşması və mülki dövriyyənin sürətlə artması məhkəməyə müraciətlərin sayının da dəfələrlə çoxalmasına səbəb olmuş, 1999-cu illə müqayisədə mülki mübahisələrin sayı 6 dəfə artmışdır. Təkcə 2010-cu ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərin sayı 15 faiz, iqtisadi mübahisələr üzrə isə 30 faizədək çoxalmışdır.
Bununla əlaqədar və dövlətimizin başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarının icrası ilə bağlı son illər ardıcıl tədbirlər həyata keçirilmiş, yeni regional apelyasiya və digər məhkəmələr yaradılmış, hakim korpusunun ən şəffaf və obyektiv prosedurlarla formalaşdırılması üçün yeni qaydalar tətbiq olunmuş, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayı 2 dəfə artırılmış, habelə hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır.
Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 2010-cu il iyunun 22-də edilmiş dəyişikliklər, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə dövlət başçısının 15 iyul və 9 avqust tarixli fərmanları ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm mərhələ olmuşdur.
Yeni qanunvericiliyə uyğun olaraq, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi üçün ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının ötən il 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir.
Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, əhatəli təhlillər aparılaraq hakimlərin ştat sayı və məhkəmə aparatlarının strukturu müəyyənləşmiş, yeni inzibati binalar ayrılaraq, əsaslı təmir-tikinti işləri aparılmaqla məhkəmə fəaliyyətinə uyğunlaşdırılmışdır. Ölkə Prezidentinin sərəncamları ilə həmin məhkəmələr yüksək hazırlıqlı hakimlər hesabına komplektləşdirilmiş və cari ilin yanvarından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə ötən il 8 hakim Ali Məhkəməyə, 34 hakim isə apelyasiya məhkəmələrinə irəli çəkilmiş, 18 hakimin səlahiyyətlərinə xitam verilmişdir.
İclasda qeyd edilmişdir ki, hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçimi prosesi 2010-cu ildə davam etdirilmiş, çoxsaylı imtahan və müsahibələrdən ibarət olan seçim prosedurları çərçivəsində namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün təşkil edilən təlimlər bir ilədək uzadılmış, tematik baxımdan xeyli zənginləşdirilmişdir. Təlimlər zamanı insan haqlarının qorunması, Avropa Məhkəməsinin presedentləri, inzibati ədliyyə, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi əhəmiyyət verilmiş, bu işə nüfuzlu beynəlxalq ekspertlər cəlb olunmuş, bütün namizədlərin Türkiyədə yarımaylıq təlimi təşkil edilmişdir.
Seçim mərhələlərini uğürla başa vurmuş 78 nəfər hakimliyə namizəd ötən il dövlət başçısının sərəncamları ilə hakim vəzifələrinə təyin edilmişlər.
Görülmüş tədbirlər nəticəsində hakim korpusunda mövcud olan vakansiyaların tam əksəriyyəti komplektləşdirilmiş, işlərə daha keyfiyyətlə baxılması və süründürməçilik hallarının qarşısının alınması məqsədilə hakimlərin iş yükü xeyli azalmışdır. Yeni qaydalarla seçilərək təyin edilmiş hakimlərin sayı 235-ə çatmış, başqa sözlə, onlar bütün mövcud hakim korpusunun yarısını, Bakı şəhəri və inzibati-iqtisadi məhkəmələr üzrə isə 80 faizini təşkil etmişlər.
Bununla belə, hakim kadrlarına ehtiyac nəzərə alınaraq ötən ilin dekabrında hakimliyə namizədlərin növbəti seçim prosesinə başlanılmışdır.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlər tərəfindən yol verilən kobud nöqsan və qanun pozuntularının aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır. Ötən il 21 hakim intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 3 nəfərin iş yeri dəyişdirilmiş, habelə töhmət və digər intizam tənbehləri verilmişdir.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla və Ədliyyə Akademiyası ilə əməkdaşlıq şəraitində 20-dək ixtisasartırma kursu, habelə digər tədris tədbirləri təşkil edilmiş, 260-a qədər hakim davamlı tədris kurslarında iştirak etmişdir.
Azərbaycanda məhkəmə sisteminin inkişafı nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzində olmuşdur. Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Avropa hüquq sistemləri üzrə hesabatında ölkəmizdə məhkəmə islahatlarına göstərilən diqqətin, o cümlədən maliyyə ayırmalarının səviyyəsini, hakimlərin sayındakı artım tempini Avropa dövlətləri sırasında yüksək göstəricilərlə xarakterizə etmişdir. Komissiya, həmçinin məhkəmələrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ölkəmizin səylərini yüksək dəyərləndirmiş, aparılan hakim seçimi prosesinə maraq göstərərək bu sahədə təcrübənin öyrənilməsini nəzərdə tutmuşdur.
İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda duran vəzifələr qeyd olunmuş, fəaliyyətin səmərəliliyinin artırılması üzrə əlavə tədbirlər müzakirə edilmişdir.
Şurada qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına və digər nöqsanlara yol verdiyinə görə İmişli Rayon Məhkəməsinin hakimi Qubadəli Rzayevin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilmiş, insan haqlarının pozulması, süründürməçilik və digər qanun pozuntularına yol vermələri ilə bağlı 7 hakim barədə intizam icraatları başlanmışdır.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında