Şəhidlərimiz

Vətənin cəsur oğlu...

Azərbaycan tarixinin şanlı səhifələrindən biri də Vətənimizin şəhidlik zirvəsinə yüksələn qeyrətli oğul və qızlarının müqəddəs torpaqlarımız uğrunda savaş meydanlarında göstərdikləri qəhrəmanlıq nümunələridir.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yolu məhz belə nümunələrlə zəngindir. Gələcəyimiz olan gənc nəslə örnək olan belə qəhrəmanlarımızdan biri də Daxili Qoşunların şəhid hərbi qulluqçusu əsgər Xalid Quliyevdir.

Xalid Hüseynxan oğlu Quliyev 1962-cı il sentyabrın 9-da Bakı şəhərində anadan olub. Atası Hüseynxan kişinin və Aynişan ananın halal zəhmətlə böyüdüb tərbiyə etdiyi 4 övladdan (Xalid, Faiq, Vaqif və Elxan) biri, eyni zamanda, ailənin ilk nübarı və sevimlisi idi Xalid. Orta təhsilini Bakı şəhəri, Nizami rayonunda yerləşən 62 saylı orta məktəbdə alıb.

Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. SSRİ-nin Almaniyada dislokasiya olunmuş hərbi hissələrinin birində iki il müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini bitirdikdən sonra doğma Vətənə qayıdan Xalid sənədlərini Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti - A.Ə.) verir və qəbul olunur. Hələ institutun sonuncu kursunda oxuyarkən, bilik və bacarığına görə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təcrübə-sınaq zavodunda əvvəlcə baş mühəndis, ali təhsilini başa vurduqdan sonra isə baş direktor vəzifəsinə irəli çəkilir.

Torpaqlarımız erməni daşnakları tərəfindən işğala məruz qaldığı bir dövrdə isə X.Quliyev doğma Vətəninin müdafiəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına yazılır. Əvvəlcə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin, bir müddət sonra isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının tərkibində Ağdam və Ağdərə rayonları ərazisində, xüsusən də Aranzəminli, Pircamal, Naxçıvanik, Şelli və Manikli kəndlərinin erməni faşistlərindən azad olunması, eləcə də müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, düşmənin başına od-alov yağdırır.

10 iyul 1992-ci il. Ağdərə rayonunun Manikli kəndi ətrafında döyüş tapşırığını yerinə yetirib qayıdarkən əsgər Xalid Quliyevin idarə etdiyi BRDM (zirehli kəşfiyyat desant maşını - A.Ə.) düşmənin basdırdığı tank əleyhinə minaya düşür. Nəticədə Xalid Quliyev, eləcə də BRDM-də olan digər şəxsi heyətdən – gizir İltifat Hacıyev, əsgərlərdən isə Çingiz Namazov, Eyvaz Məmmədov (2001-ci ildə vəfat edib - A.Ə.) və Volodya adlı döyüşçü ağır yaralanır. Yaralı döyüşçüləri Ağdamda yerləşən hərbi hospitala çatdırırlar. Lakin Xalidin yarası ağır olduğundan bir müddət sonra gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlir... İyulun 17-də isə qəhrəman döyüşçünün yaxın silahdaşı gizir İ.Hacıyev də həkimlərin cəhdlərinə baxmayaraq, aldığı ağır yaradan əbədiyyətə qovuşur...

Vətənin qəhrəman oğlu X.Quliyev Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi. Bir qız övladı yadigar qalıb. Xalid görkəmli müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın həyat yoldaşı idi. Ali təhsilli iqtisadçı olan qızı Aynişan Quliyeva isə Türkiyə Respublikası Bahçeşehr Universitetinin məzunudur. 

Xeyli müddət keçməsinə baxmayaraq, Xalidin döyüşçü dostları onun qəhrəmanlığını bu gün də böyük iftixar hissi ilə qeyd edirlər.

Vaxtilə igid döyüşçü ilə birgə xidmət etmiş polkovnik-leytenant İlqar Yusifovun (Daxili Qoşunların Baş İdarəsinin mənəvi-psixoloji hazırlıq şöbəsində baş zabit), həmçinin  hazırda Daxili Qoşunların veteranları olan Yavər Orucov (ehtiyatda olan polkovnik-leytenant) və Bərdə rayonu, Nəcəfqulubəyli kənd sakini Çingiz Namazovun (Xalidlə birgə BRDM-də olan və ağır yaralanmış hərbi qulluqçu kimi yuxarıda adı qeyd olunub – A.Ə.) onun haqqında qürur hissi ilə söylədikləri fikirlər bunu bir daha təsdiq edir:

“...Xalid Vətənini qəlbən sevən, el-obasına son dərəcə bağlı olan əsl döyüşçü idi... Fikri, xəyalı Vətən idi. Gözündə qorxu hissi qətiyyən yox idi. Xarakter baxımından mərd, cəsarətli və olduqca iradəli bir insan idi. Bununla yanaşı, çox mehriban və xoşxasiyyət  idi. Bu xasiyyətlərinə görə bütün kollektiv arasında böyük nüfuz və hörmət qazanmışdı...”.

Aybəniz xanımın mərhum həyat yoldaşının Vətənin ağır günlərində könüllü olaraq cəbhəyə yola düşməsi barədə söylədiyi fikirləri bunu bir daha sübut edir: “...O zamanlar ölkəmizdə baş verən hadisələr Vətənimizin hər bir qeyrətli oğlu kimi, Xalidi də bərk narahat edirdi...

Bir gün qapımız döyüldü. Xalid bu vaxt işdə idi. Bir hərbçi gəlmişdi. Hərbi komissarlıqdan gəldiyini və Xalid Quliyevin bu evdə yaşadığını soruşdu. Qapını açdım. Əlində bir siyahı vardı. Binada yaşayan kişilərin ehtiyat siyahısını tutduqlarını və məndən bu siyahıya imza atmağımı istədi. Səbəbini soruşduqda, Qarabağda vəziyyətin ağır olduğunu və ola bilsin səfərbərlik elan olunaraq hamının cəbhə bölgəsinə göndəriləcəyini bildirdi. Siyahını imzaladım və getdi. Bu xəbərdən sanki yer-göy başıma fırlandı, az qala ürəyim partlasın. Dözə bilməyib xeyli ağladım. Bu vaxt Xalid zəng etmişdi. Səsimdən vəziyyətimin yaxşı olmadığını hiss etdi. Əvvəl bildirmək istəmədim, dedim evə gələrsən danışarıq. Xalid təkid edincə, hadisəni danışdım.  O, “mən də deyirəm nə olub” - deyib güldü. Sonra “Burada nə var ki? Biz də gedərik müharibəyə” – dedi. Mən etiraz etdim. Xalidin qətiyyətlə: “Bəyəm biz müharibəyə gedənlərdən artığıq?” – deməsi ilə fikrində qəti olduğunu gördüm...

Bir müddət sonra böyük fərəh hissi ilə hərbi formada evə gəldi. Könüllü olaraq Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinə yazıldığını, ertəsi günü Qarabağa gedəcəklərini bildirdi. Beləliklə, Xalid canından çox sevdiyi Vətənin müdafiəsinə yollandı...”.

Aybəniz xanımın həyat yoldaşı şəhid olduqdan sonra yaşadığı ağrılı-acılı günlər barədə yazaraq sosial şəbəkələrdə paylaşdığı və müasir həyatımızda yeni ailə qurmuş gənc analara nümunə olacaq fikirlərini də qeyd etmək istərdim: “...Xalid şəhid olanda mənim cəmi 24 yaşım var idi. Övladımız da bir yaş səkkiz aylıq idi... Əsəblərim pozuldu ağlamaqdan, amma heç kim bilmədi. Evdə satılası heç nəyim qalmamışdı, amma yenə dözürdüm. Heç dərd də etmirdim bunları. Elə olurdu ki, çörək almağa günlərlə bir manatım olmurdu, amma yenə dözürdüm və heç kimə bir kəlmə belə demirdim. Düşünürdüm ki, her şey yaxşı olacaq. İllər xəstəsi oldum. Yenə dərd etmədim bunu. Günün birində yeganə ümid yerim - səsim də batdı ağlamaqdan.
Yenə susdum. Şükür etdim...”. 

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli sərəncamı ilə əsgər Quliyev Xalid Hüseynxan oğlu respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və igidlik göstərdiyinə görə “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edildi.

Bundan əlavə, ölümündən sonra dövrü mətbuatda Daxili Qoşunların igid döyüşçüsü əsgər Xalid Quliyevin qəhrəmanlığını tərənnüm edən məqalə və şeirlər dərc edilib. Bir vaxtlar təhsil aldığı 62 saylı məktəb-liseyə, həmçinin yaşadığı küçəyə Xalidin adı verilib.

“Xəzər” televiziyasının və “Oskar” kino şirkətinin birgə layihəsi olan “Ölümsüzlər” rubrikasında şəhid Xalid Quliyevin həyat və döyüş yoluna həsr olunmuş film çəkilib. Sain Qəhrəmanoğlunun quruluşçu rejissoru olduğu bu filmdə cəsur döyüşçünün anası Aynişan Quliyeva, həyat yoldaşı – əməkdar artist Aybəniz Haşımova, həmçinin silahdaşı olmuş Yavər Orucov qəhrəmanla bağlı təəssüratlarını bölüşüblər. Real faktlar əsasında çəkilən filmdə ən maraqlı məqamlardan biri də ekran əsərində igid döyüşçünün həyat yoldaşı Aybəniz Haşımovanın obrazını məhz Xalid Quliyevin öz qızı Aynişan Quliyevanın canlandırmasıdır. Şəhid silahdaşımızın obrazını isə gənc şair və musiqiçi Tərlan Növrəsli yaradıb.

Bundan əlavə, müxtəlif illərdə dövlət sifarişi əsasında çəkilmiş və şəhid X.Quliyevin doğum günü, eləcə də vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən, həmçinin “İctimai”, “Azad Azərbaycan”, “Lider”, “Space” və digər televiziya kanallarında real faktlara əsaslanan, qəhrəmanlıqlarla zəngin döyüş yoluna həsr olunmuş geniş materiallar nümayiş olunmuşdur.   

Onu da qeyd edək ki, Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda X.Quliyevin adı 134-cü sıra nömrəsi ilə qeydə alınmışdır.    

Vətənimizin keşiyində mətin dayanaraq, canlarını müqəddəs torpaqlarımız uğrunda qurban verən Xalid Quliyev kimi igid, qəhrəman oğullarımızın şərəfli ömür yolu bugünkü gənc və yeniyetmələrimiz üçün əsl örnəkdir. Onun ömür yolu qısa olsa da, döyüş yolu qəhrəmanlıq nümunələrilə  zəngin olmuşdur. Xalid yurdumuza göz dikən neçə-neçə düşmən yaraqlısını məhv etməklə mənfur niyyətlərini gözlərində qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, şəhid olmuş qəhrəmanlarımızın qanı yerdə qalmayacaq: “Biz müharibə və atəşkəs vaxtı itki vermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!”.

Allah şəhidlərimizə rəhmət eləsin!

Anar Əhmədov,
Daxili  İşlər Nazirliyi Daxili Qoşunlarının zabiti, kapitan


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında