Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilmişdir

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
Tədbirdə giriş sözü ilə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasını xatırladaraq, ötən il də ölkə iqtisadiyyatının dinamik inkişafının ənənəvi olaraq davam etdiyini vurğulayıb. Bu inkişafda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin də töhfəsinin olduğunu deyən nazir bildirib ki, ilkin məlumatlara görə, sektorda qeydə alınan gəlirlərin artımı 30 faizə yaxın təşkil edib ki, bu zaman müvafiq orta dünya göstəriciləri 7-8 faiz civarındadır.
Region ATS-lərinin elektronlaşdırılması prosesinin tam başa çatdığını xüsusi qeyd edən Əli Abbasov Aztelekom İstehsalat Birliyi tərəfindən bu işin vaxtında yerinə yetirilməsini təqdirəlayiq hesab edib və İB-yə müvafiq qaydada təşəkkürün təqdim olunmasına dair göstəriş verib. Ümumiyyətlə 2010-cu ildə nazirliyin qarşısında duran məsələlərin uğurla həyata keçirildiyini deyən Əli Abbasov buna baxmayaraq, daha diqqətli yanaşma tələb edən bəzi məqamların da olduğunu qeyd edib.
Nazirin giriş sözündən sonra rabitə və informasiya texnologiyaları sahəsindəki xidmətlərinə görə bəzi şəxslərin fəxri ad və diplomlarla təltif olunmasına dair əmrlər oxunub.
Daha sonra tədbirdə RİTN-in maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyevin 2010-cu ilin yekunlarına dair məruzəsi dinlənilib. Kollegiya iclasında ötən ilin fəaliyyətinə dair məruzələrlə, həmçinin, Aztelekom, Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin, Dövlət Radiotezliklər İdarəsinin, Məlumat Hesablama Mərkəzinin, eləcə də Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin rəhbərləri çıxış ediblər. Bundan əlavə, tədbirdə ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının tətbiq etdikləri tariflər və rouminq-xidmətlərin qiymətlərinə dair məsələlər müzakirəyə çıxarılıb. Qeyd olunub ki, bu sahədə müşahidə olunan vəziyyət bir tənzimləyici orqan kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini qane etmir.
Yekun nitqi ilə çıxış edən Əli Abbasov cari ildə rəhbərlik etdiyi qurumun qarşısında duran prioritet istiqamətləri və vəzifələri müəyyən edib. Nazir Bakıda, eləcə də regionlarda genişzolaqlı internetin istifadə səviyyəsinin artırılması məsələsinə toxunub və bu sahənin daha da sürətlə inkişaf etməsinin zəruriliyini vurğulayıb, özəl sektorla əməkdaşlığın və müvafiq dəstəyin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Sonda Əli Abbasov ötənilki göstəriciləri bir daha diqqətə çatdıraraq, rabitə və informasiya texnologiyaları sektorunun ənənəvi artım və dinamik inkişafının cari ildə də davam edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, iclas zamanı videorabitə vasitəsilə ölkənin bütün telekommunikasiya qovşaqları ilə canlı bağlantı yaradılıb.
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında