Avropa Şurası "siyasi məhbus" məfhumunun meyarlarını müəyyənləşdirə bilməmişdir

Qış sessiyası çərçivəsində Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan haqları komitəsi ilk toplantısını keçirmiş və bu qurumda çoxdan ciddi mübahisələr doğuran "siyasi məhbus" məsələsi ətrafında geniş müzakirələr getmişdir.
Komitənin sədr müavini, bu problem üzrə məruzəçi, almaniyalı deputat Kristof Ştrasserin təqdimatından sonra geniş fikir mübadiləsi başlanmış, müxtəlif ölkələrdən olan deputatlar fərqli mövqelərini ifadə etmişlər. Kimisi bu məsələ istiqamətində əslində bir sıra ölkələr üzrə əlavə məruzələr hazırlanmasını təklif etmiş, kimisi ümumiyyətlə məsələnin gündəlikdən çıxarılmasının lazım olduğunu söyləmişdir. Məruzəçi K.Ştrasser bəzi kütləvi informasiya vasitələrində guya onun Azərbaycana buraxılmaması ilə əlaqədar yer alan xəbərlərə aydınlıq gətirərək bunun həqiqətə uyğun olmadığını bildirmiş, viza almaq üçün ümumiyyətlə Almaniyadakı Azərbaycan səfirliyinə müraciət etmədiyini, sadəcə olaraq dəvət gözlədiyini diqqətə çatdırmışdır.
Toplantıda AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış etmişdir. Deputatımız demişdir: "Azərbaycan açıq bir ölkədir, ən müxtəlif dövlətlərdən olan əcnəbilərin ölkəmizə gəliş-gedişi üçün məhdudiyyət yoxdur. İstisna yalnız Azərbaycan torpaqlarını zəbt etmiş bir ölkənin vətəndaşları üçündür ki, zənnimcə, bu da başadüşüləndir. Cənab Ştrasseri isə biz dostumuz sayırıq. Çünki Assambleyada hazırladığım bir çox mühüm sənədlərə həmfikir olaraq ilk imza atanlardan biri cənab Ştrasser olmuşdur. "Siyasi məhbus"probleminin də araşdırılmasında biz maraqlıyıq. Amma necə? Bu məsələ ilə əlaqədar Avropa Şurası yarım əsrdən artıqdır ki, araşdırmalar aparır. İlk dəfə bu problem AŞPA-da 1956-cı ilin oktyabrında da qaldırılmışdır. O zaman Qərbi Avropada siyasi məhbuslar məsələsinin həll edilməsinin zəruriliyi ətrafında qızğın müzakirələr başlanmışdı.
Sonrakı onillərdə də Avropa Şurası vacib hesab etdiyi bu məsələni gündəmdə saxladı. Həm də Assambleya siyasi məhbus məsələsini yalnız Avropada deyil, başqa qitələrin ayrı-ayrı dövlətlərində də izləməyə cəhd etdi, 1978-ci ildə Çilidə, 1980-ci ildə Argentinada siyasi məhbus hesab edilənlərin hüquqlarının qorunması məqsədilə sənədlər, məruzələr hazırlandı. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, Avropa Şurası 50 ildən artıq müddətdə bu problemə diqqət yetirsə də, indiyədək birinci növbədə cavab tapmalı olduğu sualı özü və başqaları üçün aydınlaşdırmamışdır. "Siyasi məhbus nədir ?" sualına indiyədək qənaətbəxş, arqumentli cavab tapılmamışdır.
Bir tərəfdən bunun obyektiv səbəbləri vardır. Ona görə ki, "siyasi məhbus" ifadəsi iki fərqli qütbü birləşdirməyə cəhd edir. Çünki bu ifadədəki sözlərdən biri hüquq elmi ilə bağlıdırsa, digəri siyasətə aiddir. Lakin məlumdur ki, heç də həmişə siyasi baxış və yanaşmalarla konkretliyə bağlı hüququn mövqeləri üst-üstə düşmür. Təsadüfi deyil ki, hüquq elmində və Avropa presedent hüququnda da "siyasi məhbus" anlayışı, ona verilən dəqiq qiymət mövcud deyildir. Hələ 2010-cu ilin iyununda hüquqi işlər və insan haqları komitəsində "siyasi məhbus" anlayışının meyarlarının müəyyənləşdirilməsi ilə bağlı bir müzakirə keçirdik və həmin müzakirələrdə yalnız komitə üzvləri deyil, dəvət olunmuş ekspertlər də iştirak edirdi. Orada bu fikir dəqiq ifadə olundu ki, siyasi məhbus problemini hər hansı bir ölkədə araşdırmaqdan ötrü əvvəlcə bu anlayışın dəqiq elmi tərifi verilməli, parametrləri müəyyənləşdirilməlidir. Belə meyarlarsa yoxdur, olanları da mübahisəlidir.
Beləliklə, biz ilk növbədə siyasi məhbus anlamının hamı tərəfindən qəbul edilən dəqiq meyarlarının müəyyənləşdirilməsinin, sonra isə həmin meyarlar əsasında istənilən ölkədə araşdırmalar aparılmasının tərəfdarıyıq. Yoxsa ki, qondarma və yayğın, heç bir ölkənin qəbul etmədiyi dırnaqarası meyarlar uyduraraq bundan konkret bir ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək ədalətdən, Avropa Şurasının təqdir etdiyi dəyərlərdən uzaq və qəbuledilməzdir".
Azərbaycanlı deputatın fikirləri rəğbətlə qarşılanmış, bu istiqamətdə araşdırmalar aparılmasının vacibliyi vurğulanmışdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında