Şriftin ölçüsü:
26.01.2011 10:29 | Oxunma sayı: 437
Vergilər Nazirliyində ötən ilin yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında vergilər nazirinin müavini Natiq Əmirov qeyd etmişdir ki, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində cari ildə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün möhkəm və dayanıqlı zəmin yaradılmışdır.
Ötən il vergi sistemində həyata keçirilən islahatlar davam etdirilmiş, vergi nəzarəti təkmilləşdirilmiş, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti yüksəldilmişdir.
2010-cu il ərzində nazirlik tərəfindən dövlət büdcəsinə 4 milyard 294 milyon manat vəsaitin ödənilməsi təmin olunmuşdur ki, bu da 2009-cu illə müqayisədə 180,6 milyon manat və ya 4,4 faiz çoxdur. Daxil olan vergilərin 2 milyard 716,9 milyon manatı və ya 63,3 faizi qeyri-dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektorundan vergi daxilolmalarının həcmi əvvəlki ilə nisbətən 324,9 milyon manat və ya 13,6 faiz artmışdır.
Vergi yoxlamalarının səmərəliliyinin artırılması üçün vergi auditinin metodologiyası və aparılma prosedurları təkmilləşdirilmişdir. Başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə əlavə hesablanmış vergi məbləği ötən illə müqayisədə 43,1 milyon manat, vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyaları isə 12,1 milyon manat artmışdır.
Həyata keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 3109 vergi ödəyicisində və ya onlara məxsus obyektlərdə 4741 fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanmış, qanun pozuntusuna yol vermiş şəxslərə 4,86 milyon manat maliyyə sanksiyası tətbiq edilmişdir. 27622 ticarət, iaşə və xidmət obyektində həyata keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 10,78 milyon manat məbləğində inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilmişdir.
Vergi hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 538 cinayət işi başlanmış, vergiləri ödəməkdən yayınma və vergi cinayətləri törətdiyinə görə barələrində axtarış elan edilmiş 21 şəxs tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. İstintaqdan yayınan 200 şəxsin məcburi qaydada gətirilməsi, 233 şəxsin yerinin müəyyən olunaraq istintaqa cəlb olunması təmin edilmişdir. Vergidən yayındırılmış 11 milyon 375 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunduğuna görə 87 cinayət işinə xitam verilmişdir.
Həyata keçirilmiş tədbirlər nəticəsində il ərzində vergi borclarının məbləği ötən illə müqayisədə 1,6 milyard manat azalmışdır.
Vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması, o cümlədən məlumatlandırma və maarifləndirmə sahəsində aparılan işlər gücləndirilmiş, "Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin İnkişafı Konsepsiyası" təsdiq olunmuşdur. Vergi ödəyicilərinə lazımi məlumatların vaxtında çatdırılması üçün onların e-qutularına elektron məktublar, şəhər telefonlarına səsli mesajların və mobil telefonlarına SMS-lərin göndərilməsinə başlanılmışdır. "195" telefon-məlumat xidmətinə 236553 müraciət daxil olmuş, onların üçdə birindən çoxu birbaşa mütəxəssislər, qalanları isə elektron operator tərəfindən cavablandırılmışdır. Vergilər Nazirliyinin internet səhifəsinə (www.taxes.gov.az) daxil olan müraciətlərin sayı artaraq 2 milyon nəfərə yaxın olmuşdur.
Natiq Əmirov daha sonra bildirmişdir ki,"Elektron hökumət" layihəsi çərçivəsində yüksək texnologiyaların tətbiqi prosesi davam etdirilmiş, "elektron vergi hesab-fakturaları" və "on-line kargüzarlıq" sistemlərinin tətbiqinə başlanılmışdır. Artıq vergi ödəyicilərinin böyük əksəriyyəti bəyannamələrini elektron formada təqdim edirlər. ƏDV ödəyiciləri üzrə bu göstərici 93 faiz təşkil edir. Prosesin bütün ölkə ərazisini əhatə etməsi və internet şəbəkəsinin kifayət qədər inkişaf etmədiyi rayonlarda internetə çıxışın təmin olunması üçün vergi ödəyicilərinə xidmət göstərən 17 xidmət terminalı istifadəyə verilmişdir. 2011-ci ildə daha 10 belə terminalın tikintisi başa çatdırılacaq və bu işlər növbəti illərdə də davam etdiriləcəkdir.
2010-cu ildə nəzarət-kassa aparatlarının yaddaşındakı məlumatların GPRS şəbəkəsi (elektron məsafədən ötürmə qurğuları) vasitəsilə vergi orqanlarının məlumat bazasına ötürülməsinə başlanılmışdır. Ticarət və xidmət obyektlərində nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması məqsədilə 8800-ə yaxın POS-terminal quraşdırılmışdır.
Beynəlxalq "Twinning" proqramı çərçivəsində ölkədə elektron audit sisteminin tətbiqi ilə bağlı layihə hazırlanmış və dünyada ən yaxşı e-audit sistemlərindən birinə malik olan Niderland vergi administrasiyası ilə birlikdə gələn aydan onun reallaşdırılmasına başlanılacaqdır.
Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması üçün lazımi şərait yaradılması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzi bu il Şamaxı rayonundakı Pirqulu rəsədxanası yaxınlığında inşası başa çatmaqda olan, dünya standartlarına cavab verən yeni kompleksə köçürüləcəkdir.
Nazirlər Kabinetinin yanvar ayının 14-də keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu məsələlərin vacibliyi bir daha vurğulanmış, vergi sistemində aparılan uğurlu islahatlar müsbət qiymətləndirilməklə yanaşı, 2011-ci ildə vergitutma bazasının genişləndirilməsi, vergidənyayınma hallarının qarşısının alınması və nağd hesablaşmaların xüsusi çəkisinin minimuma endirilməsi ilə bağlı bir sıra ciddi tapşırıqlar verilmişdir. Hazırda həmin tapşırıqların icrası ilə bağlı Vergilər Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanır və aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra ölkə rəhbərinə təqdim olunacaqdır.
Vergi, rüsum, icarə haqqı və digər ödənişlərin bankdankənar nağd qaydada ödənilməsi hallarının aradan qaldırılması, dünyanın bütün inkişaf etmiş ölkələrində olduğu kimi, ticarət, ictimai iaşə və xidmət sahələrində ödənişlərin əsasən plastik kartlarla aparılması üçün bir sıra ciddi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələlərin həllində, xüsusilə də sahibkarların və əhalinin maarifləndirilməsində kütləvi informasiya vasitələri də öz sözlərini deməlidirlər.
Sonda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.