Şriftin ölçüsü:
26.01.2011 10:28 | Oxunma sayı: 419
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının birinci iş gününün ikinci yarısında Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs etmiş və deputatların suallarına cavab vermişdir.
Sonra Avropa Şurasının Baş katibi Torbyörn Yaqland çıxış etmişdir. Baş katib demokratiya, qanunun aliliyi və insan hüquqları kimi bəşəri təməllərə əsaslanmış Avropa Şurasının Avropa məkanında insanların dinc və firavan yaşamalarına səy göstərdiyini, rasizm, antisemitizm, ekstremizm və digər mənfi hallara qarşı ardıcıl mübarizə apardığını diqqətə çatdırmış, Avropanın təhlükəsizliyi məsələsinə toxunmuş, Albaniyada baş vermiş hadisələrdən bəhs etmişdir.
Daha sonra baş katib AŞPA üzvlərinin suallarını cavablandırmışdır. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə sualla müraciət etmişdir:
-AŞPA 1416 saylı qətnamə qəbul etmişdir. Amma indiyədək bu qətnamənin müddəaları yerinə yetirilməmişdir. Bundan başqa, Ermənistandakı 2008-ci il hadisələrinə dair qurumun qətnaməsi vardır. Amma Ermənistan buna da məhəl qoymur. Nəyə görə ermənilər tərəfindən insan haqlarına qarşı edilən bu ciddi pozuntulara AŞ tolerantlıq göstərir? Ermənistan indiyə kimi Azərbaycanın bir hissəsini işğal etmişdir. Bu da qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına mane olur. 1416 saylı qətnamənin yerinə yetirilməməsi 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını pozur. AŞ bu vəziyyətin aradan qaldırılmasında hansı təsirli mexanizmlərdən istifadə edə bilər?
-Biz bu münaqişənin həll edilməsi ilə məşğul deyilik. Bununla ATƏT-in Minsk qrupu məşğul olur və bu məsələdə onlar qərar vermək iqtidarındadır. Çıxışımda qeyd etdiyim kimi, qanunun aliliyi prinsipi Avropada münaqişələrin həll edilməsinin ayrılmaz hissəsini təşkil edir. Bu prinsipə insan haqlarına hörmət etmək istiqamətində bir vasitə kimi daha çox diqqət yetirmək lazımdır. Bu prinsip əlbəttə ki, Avropada bir çox dondurulmuş münaqişələrin həll edilməsinə kömək edə biləcək sülh strategiyasının tərkibinə daxildir. Bu gün AŞ bu münaqişənin həllində hələ ki, birbaşa rol oynamır.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə baş katibə aşağıdakı sualı vermişdir:
- Cənab Baş katib, mənim sualım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi üzrə assambleyada yaradılmış Alt Komitə ilə bağlıdır. 2005-ci il yanvarın 25-də AŞPA Dağlıq Qarabağ münaqişəsi üzrə 1416 saylı qətnamə qəbul etmişdir. Problemin diplomatik vasitələrlə həllinə yardım etmək və həmin qətnamənin icrasına nəzarət məqsədilə ayrıca bir Alt Komitə də təsis edilmişdir. Lakin Ermənistan tərəfi Alt Komitənin fəaliyyətini davam etdirməsinə ən müxtəlif vasitələrlə mane olmağa çalışır. Ermənistanın sülh prosesinə və AŞPA qaydalarının ziddinə olan belə hərəkətlərinə Sizin münasibətiniz nədən ibarətdir?
-Mən AŞ-ın rolu və təşəbbüsünü yüksək qiymətləndirirəm. Dediklərimə qayıdıram və bir şeyi qeyd etmək istəyirəm ki, burada hökumətlərarası səviyyədə işlək mexanizmin olmaması amili də əsas rol oynayır. Bu münaqişənin həlli ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə daxildir. Biz əsas diqqəti ona yetirməliyik ki, hər iki dövlətdə hüququn aliliyi və mətbuat azadlığı çox vacib məqamdır. Münaqişəyə dair növbəti qərarlarımızın qəbulu zamanı hüququn aliliyi və mətbuat azadlığı onların əsasını təşkil edəcəkdir. Əgər tarixə nəzər salsaq görərik ki, demokratiya, insan hüquqları olan ölkələrdə sülh quruculuğu daha asan başa gəlir. Münaqişədə olan hər iki tərəfdə qeyd etdiyim dəyərlər yaxşılaşdırılsa, o zaman münaqişənin həllinə yaxınlaşa bilərik. Ümid edirəm ki, Minsk prosesində iştirak edən ölkələr bizim təşkilatın qoruduğu dəyər və öhdəliklərə daha çox diqqət yetirə biləcəklər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.