Azərbaycanın iqtisadi və sosial həyatında son illər müşahidə olunan sürətli inkişaf 2010-cu ildə də davam etmişdir

Azərbaycanın iqtisadi və sosial həyatında son illər müşahidə olunan sürətli inkişaf 2010-cu ildə də davam etmişdir. Ötən il ümumi daxili məhsul (ÜDM) istehsalı 5 faiz artaraq 41,6 milyard manata çatmışdır. ÜDM-in 52,6 faizi sənaye sahələrində, 5,4 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,5 faizi tikinti kompleksində, 7,6 faizi ticarət və pullu xidmət sahələrində, 6 faizi nəqliyyatda, 1,9 faizi rabitədə, 11,9 faizi digər xidmətlər və sosial sahələrdə yaradılmış, 7,1 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Neft sektorunda ÜDM istehsalı 1,8 faiz, qeyri-neft sektorunda isə 7,9 faiz artmışdır.
Bu sözləri Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev yanvarın 25-də 2010-cu ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirmişdir.
A.Vəliyev məlumat vermişdir ki, 2010-cu ildə sənayedə 27,4 milyard manatlıq məhsul istehsal olunaraq 2009-cu illə müqayisədə 2,6 faiz artmışdır. Sənaye məhsulunun 75,8 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 50,8 milyon ton neft və 16,7 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur. Sənaye məhsulu istehsalı qeyri-neft bölməsində 6,6 faiz, neft sektorunda 1,7 faiz artmışdır. Emal bölməsində istehsal olunmuş məhsul sənayenin ümumi məhsulunun 19,1 faizini təşkil etmişdir. Ötən il 17,6 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir.
Vurğulanmışdır ki, kənd təsərrüfatının ümumi məhsulu 2,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 8,9 faiz azalmış, heyvandarlıq məhsulları istehsalı isə 6,1 faiz artmışdır. 2010-cu ildə diri çəkidə 440 min ton ət, 1529,2 min ton süd, 1178,6 milyon ədəd yumurta, 15,6 min ton yun istehsal olunmuşdur. Ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artmış, yumurta istehsalı 2,5 faiz azalmışdır. Bu ilin yanvarın 1-nə iri malın baş sayı 2637,4 min başa, qoyun və keçilərin baş sayı 8463,1 min başa çatmış, naxırda məhsuldar inək və camışların xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir. Kənd əməkçiləri 2011-ci ilin məhsulu üçün 1017,8 min hektar sahədə şum qaldırmış, 915,3 min hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş sahələrin 660,5 min hektarını buğda, 254,7 min hektarını arpa sahələri təşkil etmişdir. Ötən mövsümlə müqayisədə buğda səpilmiş sahələr 1,2 min hektar, arpa səpilmiş sahələr 5,6 min hektar artmışdır.
Komitə sədri diqqətə çatdırmışdır ki, tikinti kompleksində aparılan inşaat işləri üçün bütün maliyyə mənbələrindən 9,7 milyard manat məbləğində vəsaitdən istifadə edilmiş, o cümlədən 6,4 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Yönəldilmiş vəsaitlərin 4,7 milyard manatı, yaxud 48,6 faizi məhsul istehsalı obyektlərinin inşasına sərf olunmuş, 75,2 faizini və ya 7,3 milyard manatını daxili vəsaitlər təşkil etmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 196,3 milyon ton yük və 1,4 milyard nəfər sərnişin daşınmış, 2009-cu illə müqayisədə yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 4,5 faiz artmışdır. Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 1,2 milyard manatlıq xidmət göstərmiş və 2009-cu illə müqayisədə 29,7 faiz artmışdır. Rabitə xidmətlərinin 782,6 milyon manatı və ya 67,4 faizi mobil rabitənin payına düşmüşdür.
Bildirilmişdir ki, 2010-cu ildə əhaliyə 18,4 milyard manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. 2010-cu ildə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2009-cu ildəkinə nisbətən 9 faiz artaraq 13,7 milyard manat olmuşdur. Ticarət şəbəkələrindən əhaliyə 8,8 milyard manatlıq ərzaq, 4,9 milyard manatlıq qeyri-ərzaq malları satılmış, 2009-cu il ilə müqayisədə onların satışı müvafiq olaraq 7,5 və 13,8 faiz artmışdır. İl ərzində əhaliyə 4,7 milyard manatlıq və ya 10,8 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 77,9 faizi hüquqi, 22,1 faizi fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə 7,6 və 23,6 faiz çox pullu xidmət göstərilmişdir.
Vurğulanmışdır ki, 2010-cu ilin on bir ayı ərzində Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 145 ölkəsindəki tərəfdaşları ilə 25,1 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 19,4 milyard dollarını və ya 77,3 faizini Azərbaycandan ixrac olunmuş mallar, 5,7 milyard dollarını (22,7 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. 2009-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,9 faiz, o cümlədən ixrac 47,4 faiz, idxal 4,8 faiz artmışdır. Hesabat dövründə ixracın idxalı 3,4 dəfə üstələməsi nəticəsində 13,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. Xarici ticarət əməliyyatlarının dörddəüç hissəsi İtaliya, Fransa, İsrail, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya və Almaniya dövlətləri ilə aparılmışdır.
Qeyd edilmişdir ki, 2010-cu ilin dekabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayı ilə müqayisədə 1,4 faiz bahalaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz bahalaşmışdır. 2010-cu ildə 2009-cu ilə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 5,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 7,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,3 faiz, xidmət tarifləri 4,3 faiz bahalaşmışdır.
Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2009-cu illə müqayisədə 9,1 faiz çoxalaraq 325 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olmuş və sənayedə 461,7 manat, tikinti kompleksində 505,3 manat, nəqliyyat işçilərinin əmək haqqı 371,5 manat, rabitə 523,4 manat təşkil etmişdir. Ötən il əhalinin gəlirləri əvvəlki illə müqayisədə 13,3 faiz artaraq 25,6 milyard manata, adambaşına düşən məbləği isə 11,9 faiz artaraq 2866 manata çatmışdır.
Natiq məlumat vermişdir ki, Maliyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, 2010-cu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 9,2 milyard manat vəsait daxil olmuş, bu dövrdə büdcədən 8,4 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 37,7 faizi, yaxud 3,2 milyard manatı iqtisadiyyatın inkişafına, 11,7 faizi (986,4 milyon manatı) təhsilə, 12,5 faizi (1052,1 milyon manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 771 milyon manat məbləğində profisit ÜDM-də 2,1 faiz təşkil etmişdir. 2011-ci il yanvarın 1-nə olan məlumatlara görə, əhalinin banklardakı əmanətlərinin məbləği 3 milyard manat təşkil edərək 2009-cu illə müqayisədə 29,8 faiz artmışdır. Əmanətlərin 1409,9 milyon manatı (46,5 faizi) milli, 1619,9 milyon manatı (53,5 faizi) xarici valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 46 və 18,3 faiz artmışdır. Həmin vəsaitlərin 76,1 faizi (2,3 milyard manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşmüşdür. İlkin məlumatlara əsasən, 2010-cu ildə ölkədə yoxsulluğun səviyyəsi 1,8 faiz azalaraq 9,1 faizə enmişdir. Yeri gəlmişkən, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz və 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə isə 10,9 faiz təşkil etmişdir. Beləliklə, son yeddi ildə yoxsulluq 4.9 dəfə azalmışdır. Dünyanın 169 ölkə arasında, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuş: 2005-ci ildə 101-ci yerdə olan ölkəmiz 2010-cu ildə 67-ci yerə yüksəlmişdir.
2011-ci ilin yanvar ayının 1-nə əhalinin sayı 9 milyon 111 min nəfər təşkil etmiş və 1,3 faiz artmışdır. Ölkə əhalisinin 49,5 faizini kişilər, 50,5 faizini qadınlar təşkil edir. Əhalinin 23 faizi 14 yaşa qədər, 71 faizi 15-64 yaşda, 6 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər ölkə əhalisinin 31,4 faizini təşkil edir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında