Ölkəmizdə peşə təhsilinin məzmununun yenilənməsinə diqqət artır

Son illər ölkəmizdə təhsilin inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Bu sözləri təhsil sisteminin mühüm bir qolu olan ilk peşə təhsili haqqında da demək olar.  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında  Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik qarşısında peşə təhsilinin infrastrukturunun və maddi-texniki bazasının müasirləşdirilməsi, peşə təhsilinin məzmununun yenilənməsi və nüfuzunun artırılması kimi mühüm vəzifələr qoyulmuşdur”.

 “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda deyildiyi kimi, son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Qeyd olunanlara baxmayaraq, bu sahədə həllivacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir.         

Respublikamızın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də  islahatların ardıcıl və fasiləsiz aparılmasını təmin etmək üçün xüsusi təhsil siyasəti həyata keçirilir. Bu siyasətin mahiyyətində əldə edilmiş milli təhsil təcrübəsi ilə qloballaşmanın çağırışları kontekstində beynəlxalq praktikanın yaradıcı şəkildə koordinasiyasına əsaslanan kompleks layihələrin reallaşması dayanır.

Bir tərəfdən təhsilin bütün pillələri üzrə hüquqi-normativ və qanunvericilik bazası təmin edilir, digər tərəfdən təhsilin tədris-metodiki, nəzəri-sosial əsasları möhkəmləndirilməklə pedaqoji peşəkarlığın təminatında yeni meyarlara istinad edən strateji layihələr həyata keçirilir. Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində inkişafın prioritetləri geniş əhatə olunmuşdur. Peşə təhsilinə həmin sənəddə xüsusi olaraq  yer verilməsi bu sahənin qarşısında yeni perspektivlər açmaqdadır.

Bu prosesdə maddi-texniki bazanın yaradılmasına sadəcə təkanverici bir fəaliyyət kimi deyil, təhsil prosesinə xüsusi motiv yaradan, öyrənmə resurslarını tamamlayan və onu davam etdirən bir vasitə kimi yanaşılmalıdır. Etiraf edək ki, təhsilin yüksək keyfiyyəti müasir dünya ölkələrinin hər birini özünün milli kreativləri səviyyəsində düşündürür.          

Səriştəli işçi qüvvəsinə olan tələbatı ödəmək üçün bir sıra dünya ölkələri peşə təhsilinin inkişafı və işsizliyin azaldılması istiqamətində müvafiq hüquqi və iqtisadi islahatlar həyata keçirirlər. Peşə təhsili sahəsində həyata keçirilən islahatlar sabahın işçi qüvvəsinin kiçik və orta sahibkarlığın üstünlük təşkil etdiyi dəyişən və rəqabətli əmək bazarının tələblərinə uyğun səviyyədə hazırlanması məqsədini daşıyır... Qlobal trendə görə, təhsilini ali məktəbdə davam etdirmək istəyən şagirdlər orta məktəbi peşə-ixtisas təhsili sənədi ilə bitirməyə üstünlük verirlər. Bu halda onlar orta məktəb attestatı ilə yanaşı, əlavə bir peşəyə də yiyələnmiş olurlar və arzu etdikləri sahəni daha dərindən mənimsəyirlər.

Əvvəla, peşə məktəbi şagirdlərinin düşüncə mədəniyyətini formalaşdırmaq, onlara yaradıcı olmaq, həyatın iqtisadi amillərini dəyərləndirmək bacarıqları aşılanmalıdır. İkincisi, peşə məktəbi bilik cəmiyyətinin ehtiyac və tələbatları qarşısında özünün vəzifələrini aydın və konkret müəyyənləşdirməklə, məzmun komponentinin, eləcə də təlim prosesinin qurulmasında ona aparıcı tələb kimi yanaşır. Son nəticədə müasir həyatın sosial-iqtisadi tələbatlarından irəli gələn insan amili üçün vacib səriştələri müəyyənləşdirməklə, onun məzmunca yeniləşməsini təmin edir. Üçüncüsü, peşə təhsilində keyfiyyətin yüksəldilməsi onun daha yaxşı qurulmasından bilavasitə asılı olduğundan həm müəllimlərin yeni qaydalarla işə qəbul olunması, həm də məktəb rəhbərlərinin təlim kurslarından keçməsinə və rəhbər vəzifələrə seçilməsinə hazırlığın görülməsi istiqamətində aparılan işlər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılacaq ciddi addımlardır və bu proses yol xəritəsində müəyyən olunmuş vəzifələr sırasında nəzərdə tutulmuşdur.

Nəhayət, yol xəritəsində gələcəkdə əmək bazarına girən gənclərin işsizlik probleminin həll edilməsi, Azərbaycan peşə təhsilinin ümumi təhsil sisteminə inteqrasiya olunması baxımından peşə- ixtisas təhsilinin əhəmiyyəti önə çəkilir.

Peşə təhsili rəqabətqabiliy-yətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Səriştəli işçi qüvvəsinə olan tələbatı ödəmək üçün bəzi dünya ölkələri peşə təhsilinin inkişafı və işsizliyin azaldılması istiqamətində müvafiq hüquqi və iqtisadi islahatlar həyata keçirirlər.

Azərbaycanda peşə təhsili və təlimi milli təhsilin tərkib hissəsi kimi zəngin tarixə malikdir. Ölkəmizin nəqliyyat sahəsindəki inkişafı bu sahədə də sənət məktəblərinin yaranmasına təkan vermişdir. Təkcə dəmir yolu üzrə ibtidai təhsil və sənət təlimi verən 4 məktəb, Gəncə, Ağstafa, Hacıqabul və Bakı dəmir yolu məktəbləri fəaliyyət göstərmişdir. Yeri gəlmişkən, ilk Bakı dəmir yolu məktəbi 14 dekabr 1895-ci ildə açılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Maarif Nazirliyinin 1920-ci il üçün dövriyyə sənədində 8 yanvar 1920-ci ildə tərtib edilmiş təhsil müəssisələri siyahısında dəmir yolu məktəbi 318-ci sırada ali-ibtidai məktəb kimi qeyd edilir. Bu, onu göstərir ki, məktəbin statusunun yüksəldilməsi ideyası AXC dövründə də aktual sayılmışdır.

İlk peşə-ixtisas təhsilinin yeni inkişaf perspektivləri Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də əhatə edir.

Yuxarıda qeyd etdiyimiz kimi, əsası 1895-ci ildə qoyulmuş Peşə Təhsil Mərkəzi 1923-cü ildə fabrik–zavod şagirdliyi məktəbinə çevrilmişdir. 1941-ci ildə bu məktəb 1 nömrəli dəmir yolu peşə məktəbi, 1955-ci ildə 4 nömrəli şəhər texniki-peşə məktəbi, 1969-cu ildə 2 nömrəli orta texniki peşə məktəbi, 1990-cı ildə 2 nömrəli şəhər orta texniki peşə məktəbi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2 nömrəli şəhər orta texniki peşə məktəbinə Dövlət Dəmir Yolu Liseyi statusu verilmişdir.

Yaxın perspektivdə başlıca vəzifəmiz dəmir yolu və metropoliten üzrə əmək bazarının tələblərinə cavab verə biləcək səriştəli, rəqabətqabiliyyətli ehtiyat kadrların hazırlığına nail olmaqdır. Bu məqsədlə müntəzəm olaraq Bakı Metropoliteni QSC və Azərbaycan Dəmir Yolları QSC-nin müvafiq şöbə və departamentləri, depoları ilə əlaqə saxlayırıq.

Həm yeni, həm də ənənəvi ixtisasların tədris keyfiyyətini yaxşılaşdırmaq üçün öncə tədrisin məzmunca yeniləşməsi və keyfiyyətcə yüksəldilməsinə nail olunmalıdır.

Həm proqramların yenilənməsi, yeni köməkçi tədris vəsaitlərinin hazırlanması, eləcə də elektron tədris prosesinə keçilməsi və s. məsələlər indi əsas hədəflərimizi təşkil edir. Peşə Təhsil Mərkəzi ilə dəmir yolu və metropolitenə aid depolarda istehsalat təcrübələrinin daha səmərəli təşkili də məzmunca xeyli yenilənmişdir. Buraxılış imtahanları hər iki müəssisənin nümayəndələri tərəfindən yüksək tələbkarlıqla aparılır. Həm Peşə Təhsili üzrə Dövlət Agentliyi, həm Azərbaycan Dəmir Yolları QSC, həm də Bakı Metropoliteni QSC-nin qarşılıqlı fəaliyyəti nəticəsində gələcəkdə bu müəssisədə yüksək səviyyədə mütəxəssis hazırlığına nail olunması sosial sifarişdir.

Həsən BAYRAMOV,
 Dəmir Yolu və Metropoliten üzrə
Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru, 
pedaqogika üzrə fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında