Xoş ovqatlı, toy-büsatlı Cəlilabad

Son illərdə ölkəmizin hər yerində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri sayəsində Cəlilabad da xeyli gözəlləşib, rayonun daha sürətli tərəqqisinə nail olunub. İndi bu diyara gələnlər gördüklərinə heyranlıqlarını gizlətmirlər.

Regional inkişafa dair dövlət proqramlarının icrası nəticəsində Cəlilabadda əsas kapitala yönəldilmiş vəsait 87 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 90,2 dəfə artıb, bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib. Bu sıraya Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şahmat məktəbi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli 2 yaşayış binasının inşası, təhsil ocaqları və digər yeni obyektlər daxildir. Bununla yanaşı, Cəlilabad şəhərinin su təchizatı sistemi yenidən qurulub, iri istehsal və emal müəssisələri yaradılıb, 22 mindən çox iş yeri açılıb, yeni yollar çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Məlum olduğu kimi, bu ayın əvvəlində Azərbaycan Prezidenti cənab İlham Əliyev növbəti dəfə Cəlilabada səfər edib. Ölkə rəhbərinin xeyir-duası ilə Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin, yenidənqurmadan sonra telekommunikasiya qovşağının inzibati və texnoloji binasının, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun, “Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsinin, həmçinin “Günəşli-Aqro” MMC-nin aqroparkının açılışları olub. Səfərdən sonra cənab İlham Əliyevin 4 sentyabr tarixli sərəncamları ilə Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri, eləcə də Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 6 milyon manat vəsait ayrılıb. Bu, rayonun gözəlliyinə yeni çalar qatacaq, burada həyatı daha da cazibədar edəcək. İndi hər bir cəlilabadlı dövlət başçısının rayona növbəti səfərinin xoş təəssüratlarını yaşayır.  

Dövlət başçısı ilə görüşdə rayon ictimaiyyəti adından çıxış edən Əməkdar müəllim Qərənfil Əhmədova bizimlə söhbətində dedi: 

– Göstərdiyi diqqət və qayğıya görə cənab İlham Əliyevə minnətdarlıq edərək dedim ki, müqəddəs Qurban bayramı günündə rayonumuza səfəri ilə bizə ikiqat sevinc bəxş etmişdir. Açılışına toplaşdığımız tədbirin aydınlıq rəmzi olan su təchizatıyla bağlılığı da rəmzi xarakter daşıyırdı. Axı camaatın su ehtiyacını ödəmək ən böyük savablardandır,  yol çəkmək də onun kimi. Çox sevindirici haldır ki, rayonumuzda həm yeni su xətti, həm də yeni yol çəkildi. Məhz möhtərəm Prezidentimizin tapşırığıyla bu problem öz həllini tapdı. Qurban bayramı günündə su aydınlığına qovuşduq. Bəli, su aydınlıqdır, şəffaflıqdır, bir sözlə, həyatdır. Qoy, cənab İlham Əliyevin yolu bundan sonra da həmişə aydın, işıqlı, şəffaf olsun!... 

Bizimsə söhbətimiz rayonun ikinci böyük yaşayış məntəqəsi sayılan Göytəpə şəhəri haqqındadır. O Göytəpə şəhəri ki, inişil avqustun
11-də dövlət başçısının iştirakıyla burada 30 min kvadratmetrlik Heydər Əliyev adına park–bulvar istifadəyə verilib. Beləliklə, şəhərin ən gur və basırıq hissəsi inanılmaz dərəcədə abad, gözəl bir guşəyə çevrilib.

Elə ki, Cəlilabaddan çıxıb cənuba – Masallıya tərəf üz tutursan, yolboyu səni üzüm plantasiyaları, kartof və çiyələk sahələri müşayiət edir. DYP postunu keçəndən sonra Göytəpə şəhəri yaşıllıqlarıı, daş barıları, yaraşıqlı darvazaları, dekorativ işıq dirəkləri ilə gözlərinin qarşısında canlanır.   

...Türkmənçay müqaviləsindən sonra  Rusiya imperatorluğu Azərbaycan xanlıqlarını ələ keçirərək burada öz dayaqlarını möhkəmləndirmək üçün zorla bölgəyə molokan dini təriqətinə biət edən ailələri köçürmüşdü. Orenburq quberniyasından köçürülənlər  əsasən Lənkəran qəzasının Astraxanbazar ərazisində məskunlaşdırılmışdı. Buradakı Göytəpə kəndinin üstündə rus kazaklarının xüsusi alayı düşərgə salmışdı.  Gəlmələr kəndin adını dəyişərək Prişib qoyurlar. Sonralar rus polkuna məxsus qərargahın yerləşdiyi şəhərcik də belə adlandırılır. Yalnız yaxınlıqdan axan Göytəpə çayı  ərazinin əzəli adını unudulmağa qoymayıb.   Göytəpədə palıd ağacından rus üslubunda tikilmiş evlərdən qalanı  da var. Amma mişar daşından inşa edilən müasir üslublu evlər indi daha çoxdur.      

Əsr yarıma qədər Prişib adlanmış yaşayış məntəqəsi, nəhayət, dövlət müstəqilliyimiz bərpa ediləndən sonra   öz tarixi adına qayıdıb. Hazırda 14 minə qədər sakini, 2960 təsərrüfatı olan şəhərdə istehsal və emal sahələri, xəstəxana, peşə liseyi, orta məktəblər və bu kimi çoxlu sayda ictimai-inzibati bina var. Heydər Əliyev adına park–bulvarsa sözün əsl mənasında  şəhərin gözüdür.  Burada ulu öndərin bürüncdən möhtəşəm abidəsi ucaldılıb, 2 artezian quyusu qazılıb, musiqili fəvvarə, müasir işıq dirəkləri və rahat oturacaqlar quraşdırılıb, 15 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb. Parkın ətrafına 5 min kvadratmetrlik asfalt döşənib, yeni işıq xətləri çəkilib, yaxınlıqdakı evlər və ictimai obyektlər abadlaşdırılıb. Sakinlərin istirahətini mənalı təşkil etmək məqsədilə bütün zəruri işlər görülüb. Heydər Əliyev park–bulvarı gecələr daha füsunkar olur. Fəvvarələr, rəngbərəng gecə fanarları,  yaşıllıqlar göz oxşayır. Bircə bu layihəni xatırlamaq yetərlidir ki, rayon mərkəzilə yanaşı, digər yaşayış məntəqələrinin də abadlaşdırılmasının daim diqqət mərkəzində olması qənaəti daha da güclənsin. 

Eyni zamanda, daxili imkanlar hesabına Ələt-Astara magistral yolunun Göytəpə şəhərinin, Alar, Qarazəncir və Muğan kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 23 kilometr olan 55,2 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulub, vətəndaşlara məxsus 500-dən çox evin darvazası eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilib, yeni səki daşları düzülüb, xaricdən gətirilmiş 300-ə qədər işıqlandırma dirəyi quraşdırılıb. Ərazinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə burada qəza vəziyyətində olan beşmənzilli kommunal yaşayış binası, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsinin inzibati binası və   bərbad vəziyyətdə olan xəstəxana daha şəraitli ünvanlara köçürülüb. 

Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin Fuad Əzizovla, Göytəpə bələdiyyəsinin sədri İlqar Həsənovla və müavini Nazim Kərimovla söhbətimizdə şəhərin inkişafına xidmət edən tədbirlərdən ətraflı bəhs olundu. Dedilər ki, ölkə rəhbərliyinin qayğısı sayəsində şəhər xeyli abadlaşdırılıb. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov buraya xüsusi diqqət göstərir. Ötən il şəhərdə genişmiqyaslı qazlaşdırma aparılıb, 2500-ə qədər abonent daimi olaraq mavi yanacaq alır. Sabir, Əzizbəyov, Babək, Nizami  küçələrinin əksər hissəsində qaz xətləri təzələnib. Oqtay Eynullayev adına küçədəki 32 ailəlik 4 mərtəbəli kommunal binanın kanalizasiya sistemi təmir olunub. Həmin küçədəki 16 ailəlik 2 mərtəbəli binanın istismar müddəti başa çatdığı üçün sakinlər müvəqqəti ünvanlara köçürülüb və bu ilin iyul ayında Cəfər Cabbarlı küçəsində onlar üçün tikilən fərdi yaşayış evləri istifadəyə verilib. Təzəbinə sakinlərdən Dünyaxanım Ağayeva və Böyükağa Nəcəfov hədsiz razılıqlarını bildirərək dedilər ki, dünyanı bürüyən iqtisadi böhran şəraitində dövlətimiz tərəfindən onlar üçün evlər tikilməsi misilsiz qayğıdır. Yeni ünvana köç zamanı Göytəpə şəhər icra nümayəndəliyi və bələdiyyə hamının ev əşyalarının daşınmasına  kömək göstərib.

Bu il Göytəpədəki Ehtiram Əmirov küçəsində 16 ailəlik 2 mərtəbəli kommunal binanın kanalizasiya sistemi əsaslı təmir edilib. Qurtuluş prospekti boyunca yolun hər iki tərəfində başdan-başa səkilər düzəldilib, dekorativ hasarlar tikilib. Şəhərdə gənclərin öz vaxtlarını səmərəli keçirməsi üçün bir neçə idman-trenajor zalı fəaliyyət göstərir. Bu il üçün nəzərdə tutulmuş 6 kilometrə qədər uzunluğu olan Göytəpə-Komanlı yolunda asfalt çəkilişi gedir. Bu yol 8 mindən çox əhalinin yaşadığı 4 kəndi birləşdirir. Yolun bir hissəsində işlər tamamlanıb. Cəlilabad Yol İstismarı İdarəsi tərəfindən yolun 2,5 kilometrində asfalt örtüyü tam bərpa olunub, qalan hissəsində asfalt çəkilməsi davam etdirilir.

Xatırlayıram ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Göytəpədə yaşayan qohumlarımgilə vaxtaşırı qonaq gələrdim. O zaman, xüsusilə də payız-qış aylarında elə gün olmurdu ki, burada işıqlar saatlarca sönməsin. Lampa işığının iyi, his-pası camaatı bezdirirdi. Rusdillilər bunu yumorla “svetomuzıka” (işıq effektli musiqi əsəri) adlandırırdılar. Amma indi həmin günlər xatirəyə dönüb. Şəhərin işıqlandırma sistemi yaxşı vəziyyətə gətirilib, kabellər, dirəklər dəyişdirilib, transformatorlar təmir olunub və ya təzələnib. Daimi qazı, işığı olan camaat artıq qayğılardan azaddır. Şəhərdə abadlıq, tikinti-quruculuq işləri davam edir.

Bu dəfə Göytəpə park-bulvarında olarkən vaxtilə Sumqayıtda yaşamış eloğlum Rafid Abışovla rastlaşdım. Gəlişimin məramını bilincə ürəkdən gələn sözlərlə fikirlərini bölüşdü:

– Artıq illərdir Göytəpədə yaşayıram. Əvvəllər burada vəziyyət, doğrudan da, çətin idi. İşıq, qaz yox idi, asfaltsız yolların tozu-dumanı ərşə dirənirdi. İndi isə Göytəpə bölgənin yaraşıqlı bir şəhərinə çevrilir. Güzəran da yaxşıdır, deyim ki, artıq buranın sakini olmasıyla fəxr edənlərin sayı sürətlə artır. İcra başçısı Əziz Əzizov tez-tez şəhərimizə baş çəkir. Abadlıq-quruculuq işlərilə maraqlanır, sakinlərlə mehriban söhbətlər aparır, hamının qayğıları ilə maraqlanır və əlindən gələn köməkliyi əsirgəmir. Belədə camaatın dövlət orqanlarına inamı da birə-beş artır. Elə bu yaxınlarda dövlət başçısı cənab İlham Əliyevin yenidən rayonumuza səfər etməsi, görülən işləri bəyənməsi, təzə obyektlərin açılışına xeyir-dua verməsi bizi hədsiz dərəcədə sevindirdi. İnanırıq ki, bundan sonra da bölgəmiz sürətlə inkişaf edəcək və bunun da sayəsində biz hansısa gözdən uzaq–könüldən iraq bir əyalətdə yaşadığımızı tamamilə unudacağıq.

Şəhriyar kənd yolunda, O.Eynullayev küçəsində yerləşən peşə liseyinin direktoru, Əməkdar müəllim Etibar Sadıqov da həvəslə söhbətə qoşuldu. Etibar müəllim düz 12 il Göytəpə şəhər icra nümayəndəsinin müavini vəzifəsində çalışıb. Elə buna görə də söhbətin mövzusunun ona heç də yad olmadığını vurğulayaraq dedi:

– Bizim doğma ünvanımız olan Göytəpəyə diqqətin artırılması sözün əsl mənasında fərəh doğurur. Abadlıq yürüşü durmadan davam edir. Əvvəlki baxımsız şəhərdən, demək olar ki, əsər-əlamət qalmayıb. Mənim rəhbərlik etdiyim peşə liseyi də bu işlərə həvəslə kömək edir, tez-tez iməciliklərə çıxır, təmizlik və səliqə-sahman işlərində yaxından iştirak edirik.

Fürsətkən, liseyin fəaliyyəti ilə də tanış olduq. Hazırda burada geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, meliorasiya işləri maşinisti, kəndlərin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, traktor və avtomobillərin avadanlıqları üzrə elektrik-çilingər, elektrik-qaz qaynaqçısı, kompüter ustası ixtisasları üzrə peşəkarlar hazırlanır. Rayonda pambıq əkilməsini nəzərə alıb bu ildən pambıqçılıq ixtisası üzrə kadr hazırlığına da başlanıb. Cari tədris ili üçün liseyə 220 şagird qəbul olunub. Onların təlim-tərbiyəsi ilə 19 müəllim, 17 istehsalat təlimi ustası, 8 təlimatçı-sürücü məşğuldur. Təhsil Nazirliyi liseyə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin verilməsini təmin edib. Burada 10 ümumtəhsil və 12 ixtisas fənn kabineti, habelə avtomobil quruluşu, avtomobillərin istismarı və traktor laboratoriyaları, çilingərlik və qaynaq işləri üzrə emalatxanalar fəaliyyət göstərir. Yeni yaradılmış kənd təsərrüfatı maşınları laboratoriyaları   daha da zənginləşdirilib. Təlimata uyğun olaraq, liseyin həyətyanı sahəsində fərdi sürücülük üzrə təlim meydançası – avtodrom daha da genişləndirilib, liseyin yük avtomobilləri təmir olunaraq standartlara cavab verəcək səviyyəyə gətirilib. Liseyin məzunları müxtəlif idarə və müəssisələrdə, özəl sektorda işləyirlər. Bu il Təhsil Nazirliyi ilə BMT-nin UNDP layihəsi çərçivəsində Cəlilabadın əmək bazarının tələbləri öyrənilib, ilk peşə ixtisası təhsilinin inkişafına dəstək proqramının hazırlanmasına start verilib ki, bu da ixtisaslı kardların hazırlığının yeni mərhələsindən xəbər verir.

Göytəpə şəhərindən bəhs edərkən onun igid oğullarını xatırlamamaq olmur. Ölkəmizin ərazi bütövlüyü uğrunda mərdliklə döyüşən göytəpəlilərin xatirəsi daim əziz tutulur. Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlov vaxtilə Göytəpə Avtomobil Təmiri Zavodunda çalışıb. Vətənin çağırışıyla Qarabağa yollanıb. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə şücaət göstərib. 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində vuruşmada həlak olub. Kəşfiyyatçı mayor, qərargah rəisi Akif Abıyevsə Laçın uğrunda vuruşan qartallardan olub. Döyüşlərdə düşmənə qan uddurub. Dəfələrlə yaralansa da, sağalan kimi cəbhəyə can atıb. Təəssüf ki, aldığı ağır kəllə-beyin travması üzündən 2009-cu ildə dünyasını dəyişib.

Göytəpədə Şəhidlər xiyabanı salınıb. Orada bu şəhərdən olan bütün şəhidlərin barelyefi qoyulub. Hər il göytəpəlilər Novruz bayramında, 28 May – Respublika Günündə, 20 Yanvarda, şəhərdə keçirilən digər tədbirlərdə şəhidlərin xatirəsini ehtiramla yad edirlər. Göytəpə şəhərində Vüqar Mürsəlovun təhsil aldığı məktəbə onun adı verilib, şəhərin mərkəzində büstü qoyulub. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var. Birinci dərəcəli Qarabağ əlili Akif  Abıyevin də  doğulub boya-başa çatdığı küçə onun adını daşıyır. Milli Qəhrəman Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbi ötən il “İlin ən yaxşı məktəbi”, həmin məktəbin tarix müəllimi Zaur Ələkbərov “İlin ən yaxşı müəllimi” adına layiq görülüb. Şagirdlər, gənclər igid vətən oğullarının adına layiq olmağa çalışırlar.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında