İnsan, dəniz və neft

Siyavuş Məmmədiyə oğlu Alxazov 1959-cu ildə təyinatla Neft Daşlarına gələndə "möcüzələr adası"nın cəmi 10 yaşı var idi. Burada fəaliyyət göstərən geofizika bazası isə 7 il idi ki, köhnə texnika əsasında təşkil olunmuşdu. Belə bir şəraitdə polad dirəklər üzərində salınmış dəniz şəhərində əmək fəaliyyətinə başlayan S. Alxazov ömrünün 50 ilini dəniz mədən geofizikasına həsr etdi. Onun adı dəniz neftçisi, geofizik kimi neft sənayesinin tarixinə düşdü.
S. Alxazov Neft Daşlarında mədən geofiziki xidmətin yaradıcılarından və təşkilatçılarından, habelə buradakı müasir geofizika ekspedisiyasının əsasını qoyanlardan biridir. S.Alxazovun bir mühəndis kimi geofizikanın inkişafında, həmçinin bir ziyalı kimi Neft Daşlarında şəhər mədəniyyətinin yaradılmasında və təşəkkül tapmasında böyük və müstəsna zəhməti olmuşdur.
... Siyavuş Alxazovun gəlişi ilə Neft Daşlarındakı geofiziki xidmət sahəsində canlanma və dönüş hiss olunmağa başlandı. İşə can yandırmağını görən rəhbərlik ona ciddi tapşırıqlar verir, ictimai vəzifələr həvalə edirdi. Həmin vaxtlarda müəssisə tərəfindən yeni, mürəkkəb texnika - avtomat karotaj stansiyası alınmışdı. Gənc mühəndis bu stansiyanı mənimsəyərək işə salır və 1961-ci ildən yeni təşkil olunmuş dəstənin növbə rəisi təyin olunur.
1963-cü ildə S. Alxazov maraq dairəsi və diapazonu geniş mütəxəssis kimi rəhbərliyin diqqətini cəlb edir. Ona Neft Daşlarında interpretasiya xidmətinin yaxşılaşdırılması kimi çox ciddi tapşırıq verilir. 1964-1966-cı illərdə Siyavuş Alxazova daha bir etimad göstərilərək baza rəisinin müavini vəzifəsinə irəli çəkilir.
1966-cı aprelin 19-dan S. Alxazov "Neft Daşları" Dəniz Mədən Geofizika Ekspedisiyasının yeni təşkil olunmuş nəzarət interpretasiya dəstəsinin rəisi təyin olunur. Bu sahədə çalışarkən "Neft Daşları" və "Palçıq Pilpiləsi" yataqlarının geofiziki üsullarla öyrənilməsini təmin edir, "Günəşli" və "Həzi Aslanov" yataqlarının kəşfində iştirak edir. Neft Daşlarından gedənə qədər bu vəzifədə çalışan S. Alxazov qazılan yüzlərlə quyuda lülələrin elmi-texniki əsaslarla düzgün istiqamətləndirilməsini və quyu dibinin neftli-qazlı obyektlərə çatdırılmasını təmin etmiş, neft-qaz yataqlarının geoloji kəsilişini öyrənmiş, hər quyunun kəmiyyət və keyfiyyət göstəricilərini təhlil etmişdir.
... Neft Daşlarında işlər get-gedə daha çox qaynayırdı. Xüsusilə qazma sahəsində rekord göstəricilər əldə edilirdi. 1531 saylı quyunun dibinin Avropa rekordu olaraq 2040 metrlik, 1621 saylı quyunun isə 1317 metrlik sapmaya malik olması göstəriciləri və lülənin proyeksiyaları S. Alxazovun hesablamalarının və tədqiqatının məhsulu idi. 1970-ci illərdə qazma işi bir qədər sürətlənir, Azərbaycanda rekord əyriliyə malik quyular qazılmağa başlanır. Həmin illərdə lülərinin əyriliyi 60 dərəcədən çox olan 1742, 1744, 2045, 782, 2037 saylı quyular qazılır. Azərbaycanda belə quyuları ölçə bilən cihazlar yox idi. Hətta yeni inklinometrlər lüləsinin əyriliyi 45 dərəcədən çox olmayan quyuları ölçə bilirdi. Xaricdən alınması nəzərdə tutulan MWD sistemlərinin qiyməti isə çox baha idi. Siyavuş Alxazov vəziyyətdən çıxış yolunu tapmaq üçün bütün bacarığını səfərbər edib yeni ixtira üzərində işləyir. Nəticədə 0-82 dərəcə diapazona malik yeni inklinometr hazır olur. S.Alxazov cihazın ilk sənaye nümunəsinin hazırlanmasına da nail olur və böyük əyriliyə malik quyular qazılır. Sonralar ixtira və sənaye nümunəsi üçün Siyavuş Alxazov patentlər alır.
Bacarıqlı mütəxəssis S. Alxazov neft-mədən, əsaslı təmir, qazma idarələrinin sifarişləri əsasında yerinə yetirilən geofiziki tədqiqat işlərinin və alınan materialların (diaqramların) keyfiyyətinə qarşı çox tələbkar idi. Əbəs yerə deyil ki, mütəxəssislər ən keyfiyyətli geofiziki materialların Neft Daşlarında olduğunu söyləyirlər.
"Möcüzələr adası"nda, püxtələşən S. Alxasov tez-tez maraqlı təkliflər və təşəbbüslər irəli sürürdü. 1975-ci ildə o, Duvannı və Pirallahı adalarında yerləşən iki analoji geofiziki kontorun birləşdirilməsi təklifini vermiş və bunu bir mütəxəssis kimi əsaslandırmışdı. 1988-ci ildə təklif yerinə yetirilmiş və Qum adası yaxınlığında yerləşən "Xəzərneftmədəngeofizika" tresti yaradılmışdı.
Hələ gənc yaşlarından elmi-texniki işə həvəs göstərən S. Alxazovun Neft Daşlarında işlədiyi dövrdə bir ixtirası, beş səmərələşdirici təklifi və bir sıra elm işləmələri istehsalatda tətbiq olunmuş, dörd elmi məqaləsi jurnallarda dərc edilmişdi. 1990-cı ildən elmi sahəyə keçən S. Alxasov əvvəlcə ÜNETTİ-nin Geofizika işlərinin təhlükəsizliyi sektorunda, iki il sonra Qazma işlərinin təhlükəsizliyi laboratoriyasında böyük elmi işçi vəzifələrini tutmuş, 1994-cü ildən isə "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu Neft Qazmədən geofizikası" laboratoriyasında həmin vəzifədə çalışmış, 2000-2009-cu illərdə isə institutun aparıcı elmi işçisi olmuşdur.
Əldə etdiyi nəzəri bilikləri və təcrübəni ümumiləşdirən Siyavuş Alxazov 1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. O, 160-a yaxın elmi-texniki işin müəllifidir. Bunlardan 8-i ixtira, 5-i səmərələşdirici təklif, 30-u elmi-tədqiqat işi, 32-si isə elmi məruzədir.
Siyavuş müəllim gəncləri çox sevir. Bu səbəbdən də harada işləməsindən asılı olmayaraq, 35 ildən çoxdur orta ümumtəhsil, texniki-peşə, orta ixtisas, ali məktəblərdə və ixtisasartırma sistemində dərs deyir. Hazırda Bakı Dövlət Universitetində geoloq və geofizik kadrların hazırlanmasına kömək edir. Ömrünün səkkizinci onilliyini yarıya çatdırsa da, Siyavuş Alxazov işdən, axtarışdan yorulmur. O, indi də gənclik həvəsi ilə çalışır, mədən geofizikasının nəzəri prinsiplərinin öyrənilməsi istiqamətində bilik və bacarığını əsirgəmir.{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında