Dünya elminin Lütfi Zadə zirvəsi

Böyük azərbaycanlı alim ömrünün 97-ci ilində dünyasını dəyişib

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da yerli vaxtla səhər saat 7:30 radələrində dünyasını dəyişib. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs idi, Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan diaspor təşkilatının fəxri sədri idi.

Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) 1921-ci il fevralın 4-də Bakıda anadan olub. Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olaraq özünə yaxşı güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə yanaşı, Azərbaycan Universitetinin şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi işləyib. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.

Belə bir ailədə həyata göz açan Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir.

Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki o illərdə SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Beləcə, o, 11 yaşındaikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o, ilk dəfə olaraq ABŞ elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib. Orta təhsilini tamamladıqdan sonra Lütfi Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub.

Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini uğurla başa vurduqdan sonra o, Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb.

Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün son  gününə qədər də Berkli Universitetinin professoru olaraq qalıb.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər.

Lütfi Zadə nəzəriyyəsinin tətbiqi “gündoğar ölkə”yə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsindən foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Yaponiya dövləti dünya şöhrətli alim Lütfi Zadənin əməyini yüksək qiymətləndirib. Belə ki, o, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyada görkəmli elm adamlarına verilən ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Lütfi Zadənin Yaponiyadakı qeyri-adi uğurlarından sonra artıq amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə ABŞ-ın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Yeri gəlmişkən, bu nəzəriyyədən iqtisadiyyatla yanaşı, psixologiya, linqvistika, siyasət, fəlsəfə, sosiologiya, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Qeyri-səlis məntiq nəzəriy-yəsindən əlavə, Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: “Təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompüter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompütinq”.

Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: “Aristotel məntiqi” ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, “Zadə məntiqi” isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki, “Aristotel məntiqi” ikili (binar) məntiqdir, “Zadə məntiqi” çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. “Zadə məntiqi”ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqin mahiyyətində üstünlük təşkil edir.

Dünyanın görkəmli alimləri, mütəxəssisləri əmindirlər ki, Lütfi Zadənin zəngin elmi irsi hələ uzun onillər boyu elm və texnologiyaların inkişafına xidmət edəcək. Xatırladaq ki, 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb.
“Alter” adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.

Böyük azərbaycanlı alimin dünya elmi qarşısındakı görkəmli xidmətləri təkcə Yaponiya və ABŞ-da deyil, dünyanın başqa qabaqcıl ölkələrində də yetərincə yüksək dəyərləndirilmişdir. Yalnız iki  faktı çəkməyi lüzum görürük: 2013-cü il iyunun 19-20-də Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria) Fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən informasiya-kommunikasiya texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb. İkinci fakt isə budur ki, Macarıstanda Obuda Universitetinin nəzdində Antal Beyçzi adına İntellektual Robotiks Mərkəzi ilə əməkdaşlığına görə Lütfi Zadənin fotosu bu mərkəzin divarında yerləşdirilib.

Lütfi Zadə bir sıra xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarca xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktorudur.

O, Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.

Böyük alim həyatda isə son dərəcə sadə, təvazökar, xeyirxah bir insan olub. O, Vətəni Azərbaycanı çox sevir, müstəqil dövlətimizin bütün sahələrdəki uğurlarına sevinirdi. Görkəmli alim dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə məktub yazaraq, müstəqil ölkəmizin bütün sahələrdəki parlaq uğurlarına heyran qaldığını bildirmişdir. Lütfi Zadə Vətənin inkişafı, tərəqqisi barədə düşüncələrini bu sözlərlə ifadə etmişdir: “Azərbaycan mənim doğma Vətənimdir. Mən həmişə Azərbaycanın uğuru gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək”. O, dəfələrlə Bakıda olmuş, paytaxtda aparılan geniş  quruculuq-abadlıq işlərindən razı olduğunu dilə gətirmişdir.

Böyük alim bütün ruhu, qəlbi ilə doğma Bakıya, Azərbaycana bağlı idi. Təsadüfi deyil ki, Lütfi Zadə öz vəsiyyətində məhz anadan olduğu Bakıda dəfn olunmasını arzu edib. Dünya şöhrətli azərbaycanlı alimin bu son arzusunun da həyata keçəcəyinə şübhə etmirik. Azərbaycanın elmi ictimaiyyəti, xalqımız, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız dünya şöhrətli alim Lütfi Zadənin görkəmli xidmətlərini heç vaxt unutmayacaq, böyük alim və şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiram hissi ilə yad edəcəklər. 

Hazırladı: 
Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında