Qubadlı məcburi köçkünlərinin sosial vəziyyəti yaxşılaşmaqda davam edir

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində son vaxtlar davamlı iş aparılır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sahədə imzaladığı sərəncamlarla təsdiq olunmuş dövlət proqramlarının, həyata vəsiqə alan genişmiqyaslı layihələrin reallaşması 33 min əhalisi olan Qubadlı rayonu məcburi köçkünlərinin də həyat şəraitini son illər müsbət yöndə dəyişmişdir.
Rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş yığıncağında I rübün yekunları ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Malik İsaqov aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin I rübün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin son üç ayda inkişafı və qarşıda qoyulan vəzifələr barədə məlumat verdi. Sonra rayon icra hakimiyyəti başçısının müavini Sahib Əliyev geniş məruzə ilə çıxış etdi.
O bildirdi ki, 2010- cu ilin ötən 3 ayı ərzində rayonda xeyli iş görülmüş, məcburi köçkünlərin kommunal-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Xızı rayonunun Sitalçay qəsəbəsində məskunlaşan köçkünlərin yol, elektrik və su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Burada məskunlaşan 72 köçkünün yaşadığı 16 binanın təmiri həyata keçirilir. Hazırda bunlardan 12-si tam başa çatdırılmışdır. Qalan evlər üçün lazım olan tikinti materialları alınmış və yaxın vaxtlarda işlər başa çatdırılacaqdır. Bundan əlavə, Sumqayıt şəhəri 12-ci mikrorayonda, "yarımçıq bina"da məskunlaşan bir məcburi köçkün ailəsinin mənzilinin dam örtüyünün təmiri üçün tikinti materialları ilə köməklik göstərilmişdir. İnşaatçılar qəsəbəsinin "Beton zavod" yaşayış massivində 200 metrlik kanalizasiya xətti təmir edilmişdir.
Sahib müəllim bildirdi ki, sosial-iqtisadi sahədə tədbirlər məcburi köçkün rayonlarının spesifikası nəzərə alınmaqla həyata keçirilir. Belə ki, rayon əhalisinin 21,4 min nəfəri, yəni 64 faizi Sumqayıt şəhərində, 12,1 min nəfəri və ya 36 faizi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşmışdır.
Əhalinin yığcam məskunlaşdığı məntəqələrdə keçirilmiş görüşlər burada yaşayanların kommunal, sosial problemlərinin həllinə zəmin yaradır.
Rayon icra hakimiyyəti başçısının tapşırığı ilə aparatın məsul işçiləri, digər nümayəndələr mütəmadi olaraq yaşayış yerlərində olmuş, köçkünlərin problemləri ilə maraqlanmışlar. Aparılan ümumiləşdirmə həlli vacib problemlərin önə çəkilməsinə, işin daha səmərəli qurulmasına yardım göstərmişdir.
Rayon əhalisinin 18,5 min nəfəri əmək qabiliyyətlidir. Bunlardan 10,8 min nəfəri iqtisadi fəal əhalidir. Son illər ardıcıl görülən tədbirlər nəticəsində iqtisadi fəal əhalinin 10,6 min nəfərinin məşğulluğu təmin olunmuşdur. Bu, əmək qabiliyyətli əhalinin 57,3 faizini təşkil edir.
Rayon icra hakimiyyəti yeni iş yerlərinin açılması, əhalinin əmək qabiliyyətli hissəsinin işlə təmin edilməsi istiqamətində ardıcıl iş aparmışdır. Regionların İnkişafı Dövlət Proqramında qarşıya qoyulan vəzifələrə uyğun olaraq son vaxtlar rayonda 1904 yeni iş yeri açılmışdır. Son 3 ayda 39 nəfər işlə təmin olunmuşdur.
Rayonda 130 hüquqi, 1321 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2010-cu ilin birinci rübündə büdcəyə onlar tərəfindən 1 milyon 21 min 300 manat vəsait daxil edilmişdir. Bu da nəzərdə tutulandan 3 dəfə artıqdır.
Natiq bildirmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə orta aylıq müavinət alan işçilərə orta aylıq əmək haqqı verilməsinin müddəti ilin sonunadək uzadılmışdır. Hazırda bu sahədə iş aparılır. Yaxın günlərdə əmək haqlarının ödənilməsinə başlanılacaqdır.
Rayon əhalisinin əksəriyyəti şəhərdə yaşasa da, aqrar bölmədə də müəyyən işlər görülür.
Məşğulluq Mərkəzi nəzdində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində 10 baş iri buynuzlu mal-qara, 712 xırda buynuzlu heyvan saxlanılır ki, bundan 304 başı "Fermer" kəndli təsərrüfatının, 408 başı "Bərgüşad" kənd təsərrüfatı müəssisəsinin payına düşür.
Fərdi təsərrüfatlarda saxlanan mal-qaranın sayında artım müşahidə olunur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 8 baş artaraq 306 başa, qoyun- keçilərin sayı 119 baş artaraq 976 başa çatmışdır.
Kənd təsərrüfatı torpaqlarının yerlərdə özəlləşdirilməsi ilə bağlı obyektiv çətinliklər olsa da, aqrar bölməyə dövlət qayğısının artması, bu bölmənin inkişafı üçün yollar axtarılması zərurətini ortaya çıxarmışdır.
Natiq onu da bildirdi ki, dövlət qayğısı nəticəsində təqaüdçülərin, aztəminatlı ailələrin vəziyyəti ilbəil yaxşılaşır. Hazırda sosial müdafiə orqanlarında 7 min 598 nəfər pensiyaçı qeydiyyatdadır. Onlara təyin olunan pensiyaların orta məbləği 105 manat təşkil edir. Yaşa görə pensiya alanlar 3 min 331 nəfər, əlilliyə görə 3 min 399 nəfər, ailə başçısını itirməyə görə 273 nəfər, sosial pensiyaçılar 595 nəfərdir.
Aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının ayrılması ilə əlaqədar rayonda ardıcıl iş aparılır. 2010-cu ilin üç ayı ərzində 267 ailənin 1099 üzvünün hər birinə 24,9 manat ünvanlı sosial yardım təyin olunmmuşdur.
Rayon üzrə 30953 nəfər dövlət tərəfindən təyin olunan yemək xərci alır. 31920 nəfər məcburi köçkünün kommunal xərcləri dövlət tərəfindən ödənilir. Bankomatlar vasitəsilə əhaliyə çatdırılan vəsaitlərin vaxtlı-vaxtında alınması, bu sahədə qarşıya çıxan hər hansı problemin operativ həll edilməsi üçün müntəzəm iş aparılır.
Təhlil göstərir ki, rayonun köçkün əhalisinin orta aylıq əmək haqqı respublika göstəricisindən 76 manat aşağıdır. Bu da köçkünlərə, xüsusilə də, əhalinin daha həssas aztəminatlı ailələrinə humanitar yardım göstərilməsi zərurətini yaradır.
Ona görə də cari ilin 3 ayi ərzində - 8 Mart Qadınlar bayramı münasibətilə 150 ailəyə 3000 manat, Novruz bayramı münasibətilə 200 ailəyə 5000 manat dəyərində ərzaq və sənaye malları ilə yardım edilmişdir.
Ayrı-ayrı hallarda müalicəyə ehtiyacı olan, gözlənilməz məişət problemləri ilə üzləşən ailələrin çətinliklərinin aradan qaldırılmasına fərdi qaydada köməklik göstərilmişdir. Belə hallar üçün 680 manat xərclənmişdır.
Rayonda təhsil, mədəniyyət və səhiyyə sahəsində xeyli iş görülmüşdür.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə rayon məktəbləri arasında fənn olimpidası keçirilmişdir. Fənn olimpiadasının rayon turunun II mərhələsi 2010- cu il yanvarın 10-da baş tutmuş, Aşağı Mollu, Çaytumas, Qubadlı şəhər 2 saylı, İşıqlı orta məktəbləri qalib olmuşdur.
Natiq qeyd etmişdir ki, son illər təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən geniş miqyaslı tədbirlər artıq nəticəsini verməkdədir.
Rayon mərkəzi xəstəxanası bu ilin 3 ayında 4308 məcburi köçkünə ambulator xidmət göstərmişdir.
Rayon Mədəniyyət və turizm idarəsinin iş şəraitinin yaxşılaşdırılması burada keçirilən tədbirlərin rəngarəngliyini artırmışdır. 2010- cu il mart ayının 23- də Mədəniyyət evində Milli Musiqi Akademiyasının rektoru Səyavuş Kəriminin iştirakı ilə rayonun istedadlı uşaq və gəncləri arasında baxış müsabiqəsi keçirilmişdir. Rayon Mədəniyyət evində bayram və əlamətdar günlərlə, yubileylərlə bağlı tədbirlər, yaradıcı ziyalılarla keçirilən görüşlər məcburi köçkünlərin əhval-ruhiyyəsinə, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xidmət edir.
2010- cu ildə beynəlxalq turnirlərdə iştirak edən üç idmançı yüksək nəticələr göstərmişdir. S. Qaraşov Türkiyədə keçirilən turnirdə birinci yeri, N. Hacıyev Tailandda, N. Əsədov Qazaxıstanda keçirilən turnirdə ikinci yeri tutmuşlar. 12 idmançı müxtəlif yarışlarda respublika çempionu olmuş, 10 nəfər isə ikinci-üçüncü yerləri bölüşmüşdür. Beynəlxalq turnirlərə gedən idmançılara daxili imkanlar hesabına 2500 manat maliyyə köməkliyi göstərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2010- cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar rayonda görüləcək işlər müəyyənləşdirilmiş, tədbirlər planı hazırlanmışdır. Ötən mövsümdə 1990 ağac, yaz mövsümündə isə 834 ağac əkilmişdir. Bunlardan 428 ağac Bakı şəhərində, 2025 ağac Sumqayıt şəhərində, 371 ağac isə Abşeron rayonunda əkilmişdir.
Bundan başqa, yol kənarlarında, ictimai binaların, yaşayış binalarının həyətlərində bu kampaniya davam etdirilmişdir. Tədbirlər planına uyğun olaraq bu günədək 2824 ağac və bəzək kolu əkilmişdir. Onlara aqrotexniki qaydada qulluq göstərilməsi, qorunması işi konkret şəxslərə həvalə edilmişdir.
Sahib müəllim son olaraq bildirdi ki, rayon əhalisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Nazirlər Kabinetinin yığıncağında qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi sahəsində bütün səylərini səfərbər edəcəkdir.
Sonra rayonun Statistika İdarəsinin müdiri Cəlal Ağayev, DSMF-in rayon şöbəsinin müdiri Cəlaləddin Məmmədov, Məşğulluq Mərkəzinin direktoru Ələkbər Qurbanəliyev, Kommunal Təsərrüfat İdarəsinin rəisi İlham Hümbətov və başqaları çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında