Dünən Xətai rayonunun 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar rayon icra hakimiyyətinin hesabat yığıncağı keçirildi. Yığıncaqda hesabat məruzəsilə çıxış edən Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov öncə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş nitqindəki mühüm məqamlara toxundu. Natiq bildirdi ki, dövlət başçısı 2010-cu ildə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafının davam etdiyini, bütün sosial-iqtisadi göstəricilərin yüksək olduğunu diqqətə çatdırmaqla yanaşı, qarşıda duran bir çox mühüm məsələlərin həllini də vacib vəzifə kimi qeyd etmişdir.
Möhtərəm Prezident sənaye potensialımızın gücləndirilməsinin, hərbi sənaye kompleksinin, regionların, kənd təsərrüfatının və s. inkişafı üçün iri layihələrin həyata keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək, daxili investisiyaların xarici investisiyaları böyük fərqlə üstələməsini müsbət hal kimi vurğulamışdır.
Həmçinin o da qeyd olunmuşdur ki, bu gün ölkəmizdə infrastuktur layihələrin - içməli su, kanalizasiya məsələlərinin həllinə yönəldilən layihələrin həyata keçirilməsi üçün böyük iş aparılır və bu layihələr regionların sosial iqtisadi inkişafı dövlət proqramında öz əksini tapmışdır.
Bütün bunların ölkənin hərtərəfli inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan Razim Məmmədov 2010-cu ilin ilk üç ayında Xətai rayonunda da uğurlu nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq dedi:
- Cari ilin I rübündə sənaye müəssisələri tərəfindən keçən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.Sənaye istehsalının 34,0 faizi məhsuli istehsalının, 66,0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşür. Bu müddətdə istehlakçılara 209 milyon 295,4 min manatlıq, yəni bütövlükdə sənaye istehsalının 98,4 faizi qədər məhsul göndərilmişdir.
Sənaye məhsulunun ümumi həcmində dövlət bölməsinin xüsusi çəkisi 74,5 faiz ,qeyri-dövlət sektorunun xüsusi çəkisi isə 25,5 faiz təşkil edir.
Rayon üzrə isə mal və xidmətlərin buraxılışı, faktiki qiymətlərlə 209 milyon 383,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 152,9 faiz təşkil edir.
Göründüyü kimi, qeyri-dövlət mülkiyyətində olan müəssisələr üzrə mal və xidmətlərin buraxılışı 9 dəfə, yüklənmiş malların həcmi isə faktiki qiymətlərlə demək olar ki, 3,9 dəfə artmışdır. İlin əvvəlindən istehlak və xidmət bazarlarında əhaliyə 196 milyon 258,4 min manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 0,6 faiz artaraq 142 milyon 686,7 min manata, pullu xidmətlərin həcmi isə 0,4 faiz artaraq 53 milyon 571,7 min manata çatmışdır. Rüb ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 35 milyon 150,9 min manatlıq xidmətlər göstərilmiş, bu sahədə çalışan işçilərin orta aylıq əmək haqqı 652,5 manat təşkil etmişdir. Rabitə müəssisələri 4 milyon 434,7 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox rabitə xidməti göstərmişlər.
İlin ilk üç ayında bütün maliyyə mənbələri hesabına 21 milyon 816,7 min manat əsas fondlar istifadəyə verilmiş, bütün maliyyə mənbələrindən əsas kapitala 45 milyon 816,7 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,2 faiz çoxdur. İstehsal təyinatlı obyektlərin inşasında 34 milyon 362,2 min manat investisiyadan istifadə edilmişdir. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 75 milyon 139 min manat, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 38 milyon 302,8 min manat sərmayə yönəltmişlər. Hesabat dövründə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,6 faiz çox tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 76,7 faiz çox olmuşdur. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz coxalaraq 399,1 manata çatmışdır. Həmin müddətdə sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı 6,7 faiz artaraq 376,7 manat, tikinti kompleksində çalışanların əmək haqqı 1,2 faiz artaraq 466,6 manat olmuşdur. 2003-cü il oktyabrın 1-dən 2010-cu il yanvarın 1-nə olan dövr ərzində rayonda 16058, o cümlədən 15852 daimi iş yeri açılmışdır. Hesabat dövründə isə 1118 yeni iş yeri açılmış, bunun 666-sı yeni yaradılmış müəssisələrdə, 277-si mövcud müəssisələrdə, 17-i fəaliyyətini bərpa etmiş müəssisələrdə, 158-i isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
Natiq əhalinin sosial müdafiəsi məsələlərinin daim diqqətdə saxlanıldığını, sosial yardıma ehtiyacı olanların müəyyənləşdirilməsindəki komissiyanın işinə nəzarətin artırılmasını qeyd edərək bildirdi ki, əhalinin aztəminatlı təbəqəsinin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması gündəlik fəaliyyətimizin əsasını təşkil edən məsələlərdən biri olmuşdur.
Hesabat dövründə rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata götürülmüş, 340 nəfərin 111 nəfəri münasib işlə təmin olunmuşdur.Məşğulluq strategiyasının (2006-2010-cu illər) həyata keçirilməsi üzrə Dövlət Proqramında gənclərin məşğulluğunun inkişaf etdirilməsi məqsədilə rayon Məşğulluq Mərkəzi ilə birgə gənclərin peşə təhsili, peşəyönümünə inteqrasiya mövzularında rayon miqyaslı tədbir keçirilmiş, problemlər dinlənilərək onların həlli istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür.
Məruzədə sosial məsələlərin həllində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) xüsusi əhəmiyyət kəsb etdiyi, proqramın birinci ilinin yekunları ilə bağlı rayonda keçirilən müşavirədə kommunal və xidmət təşkilatlarının gördükləri işlərin təhlil olunduğu, rayonun sahibkarlarının da bu proqramın əhəmiyyətini yüksək qiymətləndirdikləri və rayonda aparılan bu işlərə onların da dəstək olacaqları qeyd olundu.
Hesabat dövründə rayonun abadlaşdırılmasının qarşıda duran ən mühüm məsələ olduğunu diqqətə çatdıran R.Məmmədov bildirdi ki, son üç ildə başlanmış quruculuq işləri hesabat dövründə də davam etdirilmişdir. İlin ilk üç ayında Yusif Səfərov küçəsində yolun yenidən çəkilişindən sonra piyada yollarının kənarlarına bardyürlər qoyulmuş, bu yollara müasir döşəmə plitələri salınmış, yol boyu 5500 kvadratmetrdən çox ərazidə yaşıllıqlar yaradılaraq, burada minlərlə müxtəlif dekorativ gül kolları və ağaclar əkilmişdir.
Yusif Səfərov küçəsində hazırda inşa olunan yeraltı keçid burada əlavə gözəllik yaratmaqla çoxsaylı insanların ətrafdakı iki orta ümumtəhsil məktəbinə,üç xəstəxanaya təhlükəsiz gediş -gəlişinə imkan yaradacaqdır.
Zığ yolundakı 38,40 və 42 saylı binaların arxasındakı 2 hektardan artıq ərazidə müasir memarlıq üslubunda tikilən park kompleksi, burada quraşdırılan fəvvarə və parkın uzunluğu boyu 260 metrdən artıq digər fəvvarə kompleksi, uşaq əyləncə elementləri və yaradılan digər şərait nəinki təkcə rayonumuzun sakinlərinin, həm də şəhərimizin digər sakinlərinin normal istirahətini təmin edəcəkdir.
C.Naxçıvanski adına Hərbi Liseyin yaxınlığındakı dairədə salınan parkda tamamlanmaq üzrə olan abadlıq və yaşıllaşdırma işləri də bu il həyata keçirdiyimiz layihələrdəndir.
Cənab Prezidentin xüsusi önəm verdiyi və proqram şəklində qarşıya qoyduğu əsas məsələlərdən biri də ölkənin, xüsusən də Bakının və Abşeron yarmadasının ekoloji vəziyyətinin sağlamlaşdırılması, abadlıq və quruculuq sahəsində işlərin davam etdirilməsi olmuşdur. Ekologiya ili çərçivəsində rayonumuzun bir sıra ərazilərində demək olar ki, hər həftənin şənbə və bazar günləri bütün idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə iməciliklər və ağacəkmə kampaniyaları təşkil olunur. Təkcə bu yaz mövsümündə rayon ərazisində 21000 ədəd müxtəlif ağac növü və 50 mindən artıq xaricdən gətirilmiş gül kolu əkilmiş, yaşıllıq zolaqları salınmışdır ki, bu da həmin ərazilərə, küçə və prospektlərə xüsusi bir gözəllik verir.
İcra hakimiyyətinin başçısı məruzədə rayonda ictimai-siyasi ab-havanın sabit olduğunu, tarixi günlərin və bayramların yüksək səviyyədə qeyd edildiyini, rayonun Heydər parkında Novruz bayramının böyük təntənə ilə keçirildiyini, gənclər siyasətinin daim diqqətdə saxlanıldığını, qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və şəhid ailələri, ümumiyyətlə, bu qismdən olan sakinlərə xüsusi qayğı göstərildiyini də konkret faktlar və rəqəmlərlə nəzərə çatdırdı.
Əhalinin sağlamlığı, sosial-məişət qayğıları ilə bağlı görülən işlərin razılıqla qarşılandığını bildirən R.Məmmədov bu işdə keçirilən səyyar görüşlərin böyük əhəmiyyət daşıdığını vurğuladı və qeyd etdi ki, bu rübdə keçirilən səyyar görüşdə 62 sakinin müraciətinə baxılmış və müvafiq tədbirlər görülmüşdür.
Sonda cari ildə başlanan işlərin vaxtında və uğurla başa vurulacağını bildirən natiq bütövlükdə 2010-cu ilin yüksək nailiyyətlərlə yekunlaşması üçün icra hakimiyyəti aparatının bütün imkanları səfərbər edəcəyinə söz verdi.
Sonra məruzə ətrafında çıxışlar oldu. Rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov, Əhmədli bələdiyyəsinin sədri Pərviz Quliyev və başqaları 2010-cu ilin I rübündə görülən işi və rayon icra hakimiyyətinin fəaliyyətini qənaətbəxş hesab etdilər. Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmöv rayonda görülən işlərin miqyasının bütövlükdə Azərbaycanda gedən iqtisadi inkişaf və tərəqqi ilə üst-üstə düşdüyünü vurğuladı və qazanılan uğuruların davamlı olacağına əminliyini bildirdi. "Harada insan zəhməti və əməyi varsa, orada inkişaf və tərəqqi var", deyən H.Mirələmov bunu Xətai payonunun timsalında gördüyünü və buna daxilən sevinib, qürur duyduğunu söylədi.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.