Aprelin 23-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
BŞBPİ-nin mətbuat xidmətindən bildirmişlər ki, idarənin rəisi, polis general-mayoru Rafiq Abbasov müşavirəni açaraq vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində 2010-cu ildə də Azərbaycanın uğurlu inkişafı davam etmiş, respublikamızın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu daha da artmış, sosial-iqtisadi problemlər öz həllini tapmışdır. Daxili İşlər Nazirliyinin ölkəmizin iqtisadi inkişafı üçün zəruri olan ictimai-siyasi sabitliyin etibarlı qorunması və əmin-amanlığın təmin olunması istiqamətində vəzifələrinin həyata keçirilməsində Bakı Şəhər Baş Polis İdarəsi də fəal iştirak etmiş, xidməti vəzifəsini və verilən göstərişləri əzmlə yerinə yetirmişdir.
BŞBPİ-nin xidməti fəaliyyətinin əsasını DİN-in kollegiya qərarları, tədbirlər planları, əmr və göstərişləri təşkil etmiş, onların tələbləri Bakı şəhərinin əməliyyat şəraiti nəzərə alınmaqla, bütövlükdə icra edilmişdir. Baş idarənin tabeçiliyində olan idarə və şöbələrdə təşkilatçılıq və idarəçilik işinin yaxşılaşdırılması, ərazi polis orqanlarının əməliyyat şəraitinə nəzarət imkanlarının və təsirinin yüksəldilməsi, nöqsanların və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Bununla yanaşı, əməkdaşlar tərəfindən qanunçuluğa, xidməti və icra intizamına, insan hüquqlarına riayət olunmasına nəzarət və tələbkarlıq gücləndirilmiş, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi önəm verilmişdir.
BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, hesabat dövründə Bakı şəhərində 2602 cinayət qeydə alınmış, onların 2206-ı və ya 84,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 15,3 faizi isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur.
Aparılmış qabaqlayıcı profilaktik tədbirlərin düzgün təşkili nəticəsində əvvəlki illə müqayisədə qəsdən adam öldürmə 3 fakt (23,1 faiz), quldurluq 4 fakt (12,9 faiz), soyğunçuluq 12 fakt (16 faiz), qəsdən sağlamlığa az ağır xəsarət yetirmə 5 fakt (14,3 faiz), dələduzluq 9 fakt (4,6 faiz), adam oğurluğu 3 fakt (4 dəfə), hədə-qorxu ilə tələbetmə 1 fakt (20 faiz), şəxsi əmlak oğurluğu 16 fakt (2,5 faiz) azalmış, ölümə sui-qəsdlər sabit qalmış (6 fakt), zorlama cinayətləri isə ümumiyyətlə qeydə alınmamışdır. Ümumi cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 79,6 faiz, ağır cinayətlərin açılması isə 2,6 faiz artaraq 77,5 faiz təşkil etmiş, naməlum şəraitdə baş vermiş cinayətlərin 61,4 faizinin (2009-cu ildə 54,5 faiz) açılması təmin olunmuşdur.
Hesabat dövründə qeydə alınmış 704 şəxsiyyət əleyhinə cinayət hadisəsinin ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 687-nin, başqa sözlə, 95,7 faizinin (2009-cu ildə 94,4 faiz) açılması təmin olunmuş, ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə qeydə alınmış 10 qəsdən adam öldürmənin hamısı, ölümə sui-qəsdlərin 87,5 faizi, quldurluqların 68,4 faizi (66,7 faiz), soyğunçuluqların 72,3 faizi (64,6 faizi) açılmış, 28 soyğunçuluq və quldurluq cinayəti törətmiş 29 nəfərdən ibarət 10 qrup, eləcə də 11 mənzil oğurluğu törətmiş 5 nəfərdən ibarət 3 qrup ifşa edilmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunan cinayətlərin, o cümlədən satış ilə əlaqədar faktların sayı müvafiq olaraq 2,6 və 15 faiz azalmış, 2009-cu ilin 1-ci rübü ilə müqayisədə qanunsuz dövriyyədən güclü təsirə malik 3,9 kiloqram çox tiryək, 5 kiloqramdan artıq çox heroin çıxarılmışdır.
Axtarışda olan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilmiş, 598 cinayətkardan 236-nın, başqa sözlə, 39,5 faizinin (2009-cu ildə 39 faiz) tutulması təmin edilmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 110, qalıq isə 70 fakt azalmışdır.
Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmışdır. Əməliyyat şəraiti nəzərə alınmaqla vahid dislokasiya əsasında xidmət aparan post-patrul xidməti əməkdaşları tərəfindən qanunsuz keçirilməsinə cəhd göstərilən 2 aksiyanın qarşısı alınmış, bu müddətdə şəhər miqyasında keçirilən 57 kütləvi tədbirdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 32-dən çox tədbir və mərasim zamanı ictimai asayiş nümunəvi təmin olunmuşdur.
Hesabat dövründə kadrların seçilib yerləşdirilməsi, təqdimatlara vaxtında baxılıb həll edilməsi, polis əməkdaşlarının fiziki, döyüş və peşə hazırlığı səviyyəsinin, xüsusən, Attestasiya Komissiyasının fəaliyyət keyfiyyətinin artırılması məsələləri daima nəzarətdə saxlanılmışdır.
Vətəndaşların ərizə-şikayətlərinə baxılması, onların qəbulu məsələlərinə xüsusi önəm verilmişdir. 2010-cu ilin 1-ci rübü ərzində ərazi polis orqanlarına 15 355 (2009-cu ildə 14.820), Baş Polis İdarəsinə isə 1899 (2009-cu ildə 2.503) ərizə və müraciət daxil olmuşdur. Daxil olmuş ərizə və müraciətlərdən 316-sı ərazi polis orqanlarının, 379-u isə baş polis idarəsinin rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.
İstintaq işlərinin və təhqiqatların aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, müsbət nəticələr əldə edilmişdir.
Məruzə ətrafında çıxış edən Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri görülmüş işlər barədə danışmış, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz vermişlər.
İdarənin rəisi Rafiq Abbasov əməliyyat müşavirəsinə yekun vuraraq tapşırıq və tövsiyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərmişdir. Baş İdarənin rəisi ölkə rəhbərliyini əmin etmişdir ki, Bakı Polis Qarnizonunun şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizədə əlindən gələni edəcək, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmin edilməsi istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində həmişə ayıq-sayıq dayanacaqdır.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.