ABŞ konqresmeni həmkarlarını Azərbaycan xalqına qoşularaq 20 Yanvar faciəsini anmağa çağırmışdır

ABŞ Konqresində Azərbaycanla bağlı işçi qrupunun həmsədri Bil Şuster yanvarın 19-da 20 Yanvar hadisələri ilə bağlı Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir. Bəyanatda deyilir:
"Konqresdə Azərbaycanla bağlı işçi qrupunun həmsədri kimi mən, bu gün ayağa qalxaraq faciəvi Qara Yanvar hadisələrini anan Azərbaycan xalqına qoşuluram. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təxminən 26 minlik sovet qoşunu tank və zirehli texnika ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum etmişdir. Həmin gecə sovet hərbi qüvvələri günahsız azərbaycanlıları əzib üstündən keçərək, qadın və uşaqlar da daxil olmaqla dinc nümayişçilərə atəş açmışdır. Azərbaycan mənbələrinə görə, bu amansız aktın nəticəsində 134 nəfər həlak olmuş, 611-i yaralanmış, 841 nəfər həbsə alınmış, 5-i isə itkin düşmüşdür.
"Hyuman Raytz Votç" təşkilatının "Azərbaycanda Qara Yanvar" adlı hesabatında bildirilir ki, Bakıya təcavüz zamanı yer alan insan haqlarının vəhşicəsinə tapdanmasına tibbi heyət, təcili yardım maşınları və hətta xəstəxanalara hücumlar da daxil idi. Hesabatın yekununa görə, sovet ordusunun əl atdığı zorakalıq kütləvi cəzalandırmanın tədbiqi idi. Bakıda bu cəzalandırmanı həyata keçirən sovet əsgərləri təkcə azərbaycanlılara deyil, Sovet İttifaqının digər respublikalarının millətçilərinə də xəbərdarlıq edirdilər. Qara Yanvar qırğınları azərbaycanlıların ruhunu əzməyə müvəffəq olmayaraq, əksinə, ölkədə baş qaldıran müstəqillik hərəkatını möhkəmləndirmiş, Azərbaycan xalqını azadlıq arzusu uğrunda birləşdirmişdir.
Bu gün Azərbaycan Birləşmiş Ştatların vacib və strateji tərəfdaşı olaraq Sovet İttifaqından müstəqilliyinin 20 illiyini qeyd etməyə hazırlaşır. Mən fəxrlə dostluğuna görə Azərbaycan xalqına minnətdarlığımı bildirir, Azərbaycanın müstəqilliyi uğrunda həyatlarından keçənlərin ailələrinə başsağlığı verirəm. Mən həmkarlarımı bu hadisələrdə sovet hərbçiləri tərəfindən qətlə yetirilənlərin xatirəsinə həsr edilmiş Qara Yanvar memorialını ziyarət etməyə və faciəni anan azərbaycanlılara qoşulmağa çağırıram".

{nl}


Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında