Milli Məclisin iqtisadi siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilmişdir

Yanvarın 21-də Milli Məclisin iqtisadi siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilmişdir.
İclasda "İcbari sığortalar haqqında" qanun layihəsi müzakirə olunmuşdur. Komitə sədri, akademik Ziyad Səmədzadə demişdir ki, Azərbaycanda icbari sığorta sektoru kifayət qədər inkişaf etməmişdir. Qanunun qəbulunda məqsəd sığorta bazarını inkişaf etdirməkdir.
Bu qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləyəcək, sığortaçıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərini qoruyacaqdır. Ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını müəyyən edəcəkdir.
Layihə ilə bağlı məlumat verən maliyyə nazirinin müavini Azər Bayramov bildirmişdir ki, yeni qanun 74 maddədən və iki hissədən ibarətdir. Ümumi hissədə qanunun mahiyyəti ilə bağlı izahat verilmişdir. Xüsusi hissə sığorta növləri barəsindədir. Qanunda icbari sığortanın dörd növü nəzərdə tutulmuşdur. Bunlar daşınmaz əmlakın icbari sığortası (yanğınlar, partlayışlar, elektrikin qısaqapanmasından baş verən partlayışlar, texniki qəzalar, subasma, təbii fəlakətlər, üçüncü şəxslərin qəsdən etdiyi hərəkətlər və s), nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortasıdır.
Nazir müavini demişdir ki, bu gün nəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığorta məbləği formal xarakter daşıyır. Burada nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı mərkəzi məlumat bazasının yaradılması da nəzərdə tutulmuşdur. Avropa ölkələrində olduğu kimi sürücü 3-4 il sığorta ödəyir, bu müddətdə qəza törətmirsə, sığorta ödənişləri aşağı salınacaq, əks halda isə artırılacaqdır.
Qanun qəbul olunduqdan sonra sərnişindaşıma ilə (şəhərdaxili və qəsəbədaxili sərnişindaşıma istisna olunmaqla) məşğul olan nəqliyyat vasitələrinin sahibləri daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməlidirlər. Nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məbləği 5 min manat təklif edilir.
Qanun layihəsində daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası üzrə sığorta məbləğləri də əksini tapmışdır. Belə ki, fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50 min manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərərə görə 50 min manat təklif olunur. Layihədə, həmçinin sığorta edənlərin, sığorta olunanların hüquq və vəzifələri, məsuliyyəti və s. əksini tapmışdır.
Layihə ilə bağlı komitə sədrinin müavini Çingiz Əsədullayev, deputatlardan Vahid Əhmədov, Əli Məsimli və başqaları çıxış edərək rəy və təkliflərini bildirmişlər.
Sonda qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında