Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq və quldurluq törətmiş bir qrup şəxs yaxalanmışdır

Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq və quldurluq cinayətlərini törətmiş, eləcə də bu məqsədlə qanunsuz olaraq odlu silah, döyüş sursatı və qaz silahı əldə etmiş Azərbaycan vətəndaşları - Şahverdiyev Mehdi Kamal oğlu, Xəlilov İdris Şeyx oğlu, Dibirov Mehman Dibir oğlu, Əsgərov Ayaz Ələsgər oğlu, Abakarov Məhəmməd Mütəllib oğlu və Xudayev Vətən Rəcəb oğlundan ibarət qabaqcadan əlbir olan bir qrup şəxs ifşa edilərək yaxalanmışdır.
Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə məlumatında bildirilir ki, Şəki və Qax şəhərlərində quldurluq cinayətləri törətmək məqsədilə Mehdi Şahverdiyev istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxladığı "AK-74" tipli avtomat, Mehman Dibirov isə qaz silahı ilə silahlanaraq, qrupun digər üzvləri Ayaz Əsgərov və İdris Xəlilovla birlikdə, sonuncunun idarə etdiyi "BMW" markalı avtomobildə 2010-cu il aprelin 4-də gecə vaxtı Balakən rayonundan Şəki rayonu istiqamətində yola düşmüşlər.
Həmin gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 718 saylı stasionar postunun inspektorları tərəfindən saat 00:30-da içərisində qrupun adları çəkilən üzvlərinin olduğu açıq-aşkar şübhə doğuran "BMW" markalı avtomobilə baxış keçirilərkən, Mehman Dibirov qanunsuz olaraq əldə edib gəzdirdiyi qaz silahı olan qaz balonunu inspektorlara qarşı tətbiq etmişdir. Bundan sonra Mehman Dibirov qaz balonunu, Ayaz Əsgərov isə Mehdi Şahverdiyevə məxsus "AK-74" tipli avtomat silahı yolun kənarına ataraq hadisə yerindən qaçıb gizlənməyə çalışmışlar. Keçirilmiş çevik tədbirlər nəticəsində Mehdi Şahverdiyev və İdris Xəlilov tezliklə yaxalanmışlar.
Balakən rayonunun ərazisindəki meşə massivində gizlənmiş Mehman Dibirov və Ayaz Əsgərov davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də yaxalanaraq istintaqa təhvil verilmişlər. Qrupun üzvləri tutulduqlarına görə Şəki və Qax şəhərlərində konkret ünvanlar üzrə əvvəlcədən planlaşdırdıqları quldurluq əməllərini başa çatdıra bilməmişlər.
İş üzrə keçirilmiş istintaq hərəkətləri nəticəsində yeni xüsusatlar məlum olmuş, qrupun üzvləri tərəfindən əvvəllər törədilmiş digər cinayətlərin də üstü açılmışdır. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Mehdi Şahverdiyev, Mehman Dibirov və qeyriləri əvvəlcədən hazırladıqları plana uyğun olaraq 2009-cu il dekabrın 10-da Ağdaş şəhər sakinləri Şıxıyeva Tənzilə Ağabala qızı və onun əri Məmmədov Nadir Məmməd oğlunun əmlaklarını ələ keçirmək məqsədilə evlərinə silahlı basqın etmiş, onların həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq hərəkətləri tətbiq etməklə 40 min manat pullarını ələ keçirmişlər.
Bundan başqa, Mehdi Şahverdiyev oğurluq, quldurluq və digər cinayətlərdə istifadə etmək üçün qanunsuz olaraq əldə edib saxladığı "AK-74" tipli avtomatla silahlanaraq, Vətən Xudayev və Mehman Dibirovla birlikdə Balakən rayonunun Katex kənd sakini Davudov Müslüm Murtuzəli oğlunun evinə basqın etmək məqsədilə 2010-cu il martın 30-da sonuncunun həyətinə gəlmiş və evi güdməyə başlamışlar. Təxminən saat 21:30-da Müslüm Davudov qonaqları və ailə üzvləri ilə birlikdə evdən çıxıb getdikdən sonra Mehdi Şahverdiyev özündə olan avtomat silahı Mehman Dibirova verərək ona pusquda dayanmağı tapşırmış, özü isə Vətən Xudayevlə birlikdə həyətdə olan dəmir lingdən istifadə edərək evin pəncərəsinin metal barmaqlıqlarını aralayıb içəri daxil olmuş və ev sahibinə məxsus pul və zinət əşyalarını oğurlayaraq hadisə yerindən qaçmışdır.
İş üzrə keçirilmiş istintaq hərəkətləri nəticəsində Mehdi Şahverdiyevin yaşadığı və işlədiyi "Balakən" mehmanxanasındakı otağından 96 ədəd 5,45 çaplı və 20 ədəd 7,62 çaplı patron, eləcə də 25 ədəd "Makarov" tapançasının patronu və kustar üsulla hazırlanmış kəsici və deşici 1 "beşbarmaq", Mehman Dibirovun yaşadığı Balakən rayonunun Tülü kəndindəki evindən soyuq silah olan bıçaqlar və kustar üsulla hazırlanmış qılınc və nizə, Məhəmməd Abakarovun həmin rayonunun Arılıq kəndindəki evindən isə 20 ədəd 5,45 çaplı patron, həmçinin evinin yaxınlığında gizlətdiyi Mehman Dibirova məxsus "TOZ-8"markalı tüfəng, ona aid 37 ədəd patron və 1 süngü bıçağı aşkar edilərək götürülmüşdür.
Göstərilən faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə), 177.2.1-ci və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olma), 181.2.1-ci, 181.2.3-cü, 181.2.4-cü və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olma, zərər çəkmiş şəxsə xeyli ziyan vurma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Mehdi Şahverdiyev, İdris Xəlilov, Mehman Dibirov, Ayaz Əsgərov, Məhəmməd Abakarov və Vətən Xudayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması, hüquqa zidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında