Sosial siyasət aztəminatlı təbəqənin problemlərinin həllinə istiqamətlənib

Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən həyata keçirilən sistemli islahatlar ölkəmizdə uğurlu iqtisadi şaxələndirmə şəraitində sosial-iqtisadi inkişaf proseslərinin davam etməsinə imkan verərək, respublikamızın müasir standartlara cavab verən sığorta-pensiya sistemində də müsbət nəticələrin əldə olunmasına şərait yaradıb.

Cari ilin yanvar-iyul aylarının statistikasına nəzər salsaq görərik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz və ya 167,4 milyon manat artaraq 2000,7 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,7 faiz artaraq 1183,2 milyon manat təşkil edib. Daxilolmaların 63,9 faizi və ya 755,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz və ya 75,9 milyon manat çoxdur və beləliklə də proqnoz 105 faiz icra olunub. Cari ilin iyul ayı üzrə qeyri-büdcə proqnozunun icrası isə 107,6 faiz təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafik əsasında vaxtında maliyyələşdirilməsinə imkan verib.

Qeyd edək ki, ölkəmizdə əmək pensiyaçılarının sayı cari il iyulun 1-nə olan məlumata görə, 1 milyon 325 min nəfər təşkil edib ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə  29,3 faizi əlilliyə görə pensiya alır. Pensiya təminatında artım dinamikasının davamı olaraq, cari ilin iyul ayına ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4 faiz artaraq 224 manata çatıb. Sığorta-pensiya sisteminin mühüm elementi olan fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da getdikcə artır. Sistemdə qeydiyyatda olanların sayı cari ilin əvvəlinə nisbətən 6,6 faiz faiz artaraq avqustun 1-də  3 milyon 512 min 269 nəfərə çatıb.

2017-ci il aprelin 1-dən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması sığortaedənlər tərəfindən hesabatların təqdim edilməsi prosesinin sadələşdirilməsinə, hesabatların sayının azaldılmasına, nəticə etibarilə sosial sığorta sahəsində iş mexanizminin daha da təkmilləşməsinə imkan verib.

Bir qayda olaraq, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən vətəndaş müraciətləri diqqətlə araşdırılıb, işçi hüquqlarının pozulması, o cümlədən əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları aşkar olunduqda, belə halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Müraciətlərə əsasən  görülən tədbirlər nəticəsində cari ilin yanvar-iyul aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 67 716 manatı gecikdirilmiş əmək haqlarından, 3 701 manatı işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi zərərə görə ödənişlərdən ibarət olub. Vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı işçilərin qeyri-qanuni şəkildə işdən azad edildikləri müəyyən olunaraq, onlar yenidən əvvəlki işlərinə bərpa ediliblər.

DƏMX işəgötürənlər arasında əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsinə dair norma və standartlar barədə məlumatlandırma işlərini də davam etdirib. Eyni zamanda, yanvar-iyul aylarında xidmətin xətti ilə ölkənin müxtəlif orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinin hüquqi əsasları və s. barədə iştirakçılara ətraflı məlumatlar verilib.

Ötən müddətdə DƏMX tərəfindən, həmçinin, əlilliyi olan şəxslərin məşğulluğunun təminatı işləri də davam etdirilib. Belə ki, cari ilin yanvar-iyun aylarında xidmətin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri nəticəsində 260 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” əsasında bu qəbildən olanlara  idarə, müəssisə və təşkilatlarda kvota üzrə iş yerləri ayrılır. Əlilliyi olan şəxslər də həmin vətəndaşların kateqoriyasına aiddir və bu ilin 6 ayında DMX tərəfindən işlə təminatı həyata keçirilən əlilliyi olan şəxslərdən 89 nəfərinin kvota üzrə iş yerlərində məşğulluğu təmin olunub. Bu il nazirliyin xətti ilə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlər sırasında əlilliyi olan şəxslərin sayı  212 nəfər olub.

Ümumilikdə, cari ilin yanvar-iyun aylarında ƏƏSMN tərəfindən 33 654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib, 2 406 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Cari ilin ötən dövründə  əlilliyi olan şəxslər 17 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib. Onlardan 411 ədədini əlil arabası, 683 ədədini aşağı və yuxarı ətraf protezi, 1 056 ədədini aşağı və yuxarı ətraf ortezi, 341 ədədini bel və boyun nahiyəsi üçün korset, 5 236 ədədini müxtəlif reabilitasiya vasitələri, 754 ədədini dirsəkaltı ağac, 368 ədədini dördayaqlı dayaq vasitəsi təşkil edib. Həmçinin əlilliyi olan şəxslərə 1 464 cüt protez ayaqqabı, 2 722 cüt ortopedik ayaqqabı, 477 cüt qoltuqaltı ağac, 1 008 ədəd əsa, 111 ədəd ortopedik aparat, 243 ədəd eşitmə aparatı və s. verilib. Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 443 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib.

Ümumilikdə yanvar-iyul aylarında 5 714 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 697 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib.

Ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin təminatı məsələsi də diqqətdən kənarda qalmayıb. Dövlət başçısının 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmanı respublikamızda çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Fərmana əsasən, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 2014-cü ilin əvvəlindən aylıq 30 manat məbləğində sosial müavinət verilir. Cari ilin 1 iyuluna  bu müavinət ölkəmizdə beşdən çox uşağı olan 3022 nəfər qadının 18 yaşına çatmamış 8760 nəfər uşağına ödənilir.

Ümumilikdə, ölkədə aylıq sosial müavinətlə təmin olunanların bir hissəsini də uşaqlar təşkil edir. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES əlillərinin, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı ailələrin 1 yaşınadək uşaqları aylıq sosial müavinətlə təmin olunurlar.

Ailə başçısını itirməyə görə aylıq müavinət və əmək pensiyası ödənilən ailələrdəki ailə üzvlərinin mühüm hissəsi uşaqlardan ibarətdir və cari ilin 6 ayında aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların ümumi sayı isə 442,8 min nəfər təşkil edib.

Bu il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 2447 nəfər şəxs də birdəfəlik müavinətlə təmin edilib. Belə ki, qeyd olunan şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli – 464 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə hazırlığına cəlb edilməsi işləri də davam etdirilib. Bu məqsədlə cari ilin ötən dövründə Bakı şəhərindəki yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində, habelə 6, 2, 4, 7, 10 və 16 saylı və Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Həmin cəzaçəkmə müəssisələrindəki peşə tədrisi bazalarında elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, avtomobillərin təmiri üzrə çilingər, komputer texnikasının təmiri, inşaat rəngsazı və s. peşələr üzrə təşkil olunan kurslara cəza müddəti başa çatmaqda olan ümumilikdə 164 nəfər şəxs cəlb edilib. Onlardan böyük əksəriyyəti artıq bu kursları başa çatdırıb və onlara peşə şəhadətnamələri təqdim edilib.

Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin edilməsi yönündə də məşğulluq orqanları tərəfindən müvafiq işlər aparılır. Bütün bunlar onu deməyə əsas verir ki,  Azərbaycan dövlətinin sosial-iqtisadi siyasəti ölkənin aztəminatlı təbəqəsinin problemlərini daim nəzarətdə saxlamağa, diqqət və qayğısını onlardan əsirgəməməyə istiqamətlənib.

Zərifə HÜSEYNOVA, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında