Qax: Davamlı inkişaf yolunda uğurlu addımlarla

Son günlər bu dağlar diyarının – özündə tarixiliklə müasirliyi , ənənəviliklə tərəqqini ustalıqla yaşadan Qaxın ölkə ictimaiyyətinin və mətbuatın  gündəliyindən düşməməsinin  çox səbəbləri vardır. Həmin səbəblərdən birini, hətta deyərdim ki, birincisini  avqustun 4-də Azərbaycan   Prezidenti  İlham Əliyevin dilindən eşitdik. Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində  giriş  nitqi  ilə çıxış edən dövlət başçımız dedi ki, mən dünən  Balakən, Zaqatala, Qax rayonlarında səfərdə olmuşam.

Rayonlarda görülən işlərlə tanış olmuşam, əlavə tapşırıq vermişəm və bir daha görürəm ki, bu rayonlarda son illər ərzində çox sürətli inkişaf gedir.  Prezident əlavə etdi: “ Bir çox sosial, infrastruktur, energetika, nəqliyyat, kənd təsərrüfatı, emal sənayesi obyektlərinin açılışlarında iştirak etmişəm.  Dünənki bütün tədbirlər əslində, son illər ərzində bu bölgədə və ümumiyyətlə, Azərbaycanda görülən işləri bir daha əyani şəkildə təqdim edir. Nəinki bu üç rayonda, bütün şimal-qərb zonasında çox sürətli inkişaf gedir”.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə söhbətimizdə də əsasən elə  bu rayonda keçirilən respublika miqyaslı  müşavirə barədə danışdıq.  Çünki Musa müəllim həm  o tədbirin  şərti olaraq ev sahibi idi, həm də dövlət başçımızın giriş nitqindən sonra ilk çıxış edən məhz  o  olmuşdu. Baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafı ilə bağlı respublika müşavirəsinin Qaxda keçirilməsinə görə rayonuun bütün əhalisi adından  dövlət başçısına  dərin minnətdarlıq bildirən Musa Şəkiliyev əlavə etmişdi ki, bu müşavirə rayonun  hər bir sakininin, hər bir kənd təsərrüfatı məhsulları istehsalçısının yaddaşında böyük iftixar hissi ilə xatırlanan  hadisə kimi qalacaq.

Həmsöhbətim xatırlatdı ki, respublikada sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə olunmaqla ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində  dövlətin  qarşıya qoyduğu vəzifələr ali məqsədlərə xidmət edir və inkişafı sürətləndirir. Məsələn, ötən il Sabirabad rayonunda keçirilən ümumrespublika müşavirəsində yerlərdə ixracyönümlü məhsul istehsalının artırılması üçün  Prezidentin verdiyi tapşırıqların icrası nəticəsində  Qaxda fındıq bağlarının genişləndirilməsi məqsədilə 2016-cı ilin payız əkini mövsümündə 1275 hektar, 2017-ci ilin yaz əkini mövsümündə isə 513 hektar olmaqla, cəmi 1788 hektar ərazidə yeni fındıq bağları salınıb. Ümumilikdə isə rayonun mövcud olan fındıq bağlarının sahəsi son 3-4 il ərzində 2800 hektar genişləndirilərək 6800 hektara çatdırılıb. Bu istiqamətdə işlərin davam etdirilməsi üçün rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 700 hektara yaxın örüş sahəsinin və kolluq sahənin əkin dövriyyəsinə cəlb edilməsi üçün müvafiq işlər görülüb.

Musa müəllim  bildirdi ki, Qax  üçün ənənəvi istehsal sahələrindən biri də tütünçülükdür.  Ona görə də  cari təsərrüfat ilində ötən illə müqayisədə 274,8 hektar çox olmaqla 605,8 hektar sahədə tütün əkini aparılıb ki, bunun da 582,3 hektarını “Virciniya”, 8,5 hektarını “Berley” növlü ətirli növlər,  15 hektarını isə digər tütün növləri təşkil edir. Sahibkarlara subsidiyaların verilməsi, satınalma qiymətlərinin artırılması kimi dövlət dəstəyinin təmin olunması məhsul istehsalçılarında  bu sahəyə  marağı artırıb,  tütün istehsalının genişləndirilməsinə münasibət ciddi şəkildə dəyişib.  Məsələn, bu il  5500 tondan artıq yaşıl tütün yarpağı tədarükü gözlənilir ki, bu da 2016-cı illə müqayisədə 1,7 dəfə çoxdur. Tədarük olunmuş tütün məhsuluna görə istehsalçılara 1,1 milyon manatdan artıq vəsait ödəniləcək. 1248 nəfərin mövsümi işlə təmin olunduğu tütün istehsalında hazırda “Virciniya” növü üzrə 962,2 ton yaş tütün emal müəssisələrinə təhvil verilib.

Həmsöhbətim daha bir məsələni də xüsusilə yada saldı  ki,  müstəqilliyin ilk illərində  obyektiv və subyektiv səbəblər üzündən  təkcə Qaxda deyil, eləcə də respublikamızın hər yerində barama istehsalı dayandırılmışdı. Son  illər bu  sahəyə də  xüsusi diqqət yetirilir.  Baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar  Prezidentin verdiyi sərəncam və tapşırıqlara uyğun olaraq  bu sahəyə dövlət dəstəyi təmin edilir.  Qax  kümçülərində inam və böyük ruh yüksəkliyi yaranıb, nəticədə ötən dövr ərzində ilk dəfə olaraq 2016-cı ildə 3,8 ton,  bu  il isə 12,5 ton yüksək keyfiyyətli barama istehsalı təmin edilib. Baramaçılıqla məşğul olan 72 kümçüyə 50 min manat vəsait ödənilib, 62,6 min manat subsidiyanın verilməsi isə yaxın vaxtlarda təmin olunacaq.

Həmişə olduğu kimi, sabaha daha böyük əminliklə baxan həmsöhbətim xatırlatdı ki, yaxın gələcəkdə barama istehsalının bir neçə dəfə artırılması üçün yem bazasının gücləndirilməsi məqsədilə 2016-cı ilin payız əkini mövsümündə rayonun ayrı-ayrı ərazilərində Çin Xalq Respublikasından gətirilmiş yüksək məhsuldarlığı olan  45 min ədəd və 10 min 200 ədəd yerli tut tingi olmaqla, cəmi 55 min 200 ədəd tut tinginin əkilməsi təmin olunub. Eyni zamanda, rayonun daxili imkanları hesabına yetişdirilmiş 60 min tut toxmaçarı inzibati ərazi dairələri üzrə nümayəndəliklərə bölüşdürülərək böyütmə sahələrinə köçürülməsi təmin olunub.

Ancaq Qaxın inkişafı və tərəqqisi təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Burada xidmət sahələrinin fəaliyyətinin müasirləşdirilməsi, tikinti, quruculuq və abadlıq  işlərinin sürətləndirilməsi istiqamətində də kifayət qədər qeyd edilməli faktlar vardır.  Məsələn, öyrəndik ki,  2017-ci ilin  geridə qalan aylarında rayon üzrə məhsulun ümumi buraxılışı 49 milyon 355 min manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz çoxdur.  Kənd təsərrüfatı məhsulu istehsalı 17 milyon 167 min manat və ya 5,5 faiz çox, tikintidə 8 milyon 247 min manat və ya 2,4 dəfə çox, nəqliyyatda 1 milyon 94 min manat  və ya 6,2 faiz, rabitədə 498 min manat və ya 2,3 faiz, ticarətdə 19 milyon 960 min manat və ya 15,4 faiz çox olub. Əhalinin gəlirləri 51 milyon 612 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 176 min manat çoxdur.

 Rayonda sahibkarlığın inkişafı , əhalinin məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 29 layihə üzrə 289 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunub,  ilin əvvəlindən bəri 420 daimi yeni iş yeri açılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 iş yeri çoxdur.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı aidiyyəti dövlət qurumlarına bir sıra tapşırıqlar verilmişdi. Həmin  tapşırıqların  icrası ilə bağlı rayonda geniş “Tədbirlər planı” tərtib olunub. Planda  qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində  bir sıra işlər görülüb.  Belə ki, rayonda  bitkiçilik və heyvandarlıq sahəsinin dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlər  davam etdirilərək cari ilin əvvəlindən bəri  ötən illə müqayisədə 714 hektar çox olmaqla 4739 hektar sahədə yazlıq bitkilərin, o cümlədən 816 hektar sahədə yonca, 361 hektar sahədə tərəvəz, 258 hektar sahədə vələmir, 182 hektar sahədə bostan, 364  hektar sahədə kartof, 1870 hektar sahədə dən qarğıdalı, 50 hektar sahədə noxud, 18 hektar sahədə qara zirə, yeni yaradılmış Aqropark ərazisində 50 hektar sahədə soya, 33 hektar sahədə dənlik qarğıdalı, 19 hektar sahədə yaşıl yem üçün qarğıdalı, 43 hektar sahədə günəbaxan əkini aparılıb.

Rayon həyatında Qax üçün yeni olan bir məqam da  diqqətimizi cəlb etdi. Belə ki, respublikamızda aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı ölkə başçısı  İlham Əliyevin tapşırıqlarına uyğun olaraq,   Qaxda 2044 hektar ərazidə Aqropark yaradılması nəzərdə tutulub. Ötən müddət ərzində fəaliyyətə başlamış Aqropakın infrastrukturunun yaradılması istiqamətində xeyli iş görülüb. Məsələn, Aqropark ərazisinin suvarma suyu ilə təmin olunması üçün Əyriçay dəryaçasından 4,5 kilometr  uzunluğunda 1200 millimetrlik su xəttinin çəkilişi başa çatdırılıb, 9 ədəd vaqon ev, 1 ədəd tərəzi quraşdırılıb, 3 ədəd ofis binası tikilib, 2 ədəd anbar binasının tikintisi başa çatmaq üzrədir. Yaxın vaxtlarda “Pivot” suvarma sisteminin quraşdırılmasına başlanılacaq. Eləcə də,  24 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikasının alınması üçün sifariş verilib.

Bu gün Qaxda tikinti və abadlıq işləri də diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Əsaslı təmir və  abadlıq  işlərinin  görülməsi ilə bağlı  büdcədə  nəzərdə  tutulmuş  vəsait  hesabına şəhərin Ü.Hacıbəyov küçəsinə 0,7 kilometr uzunluğunda asfalt örtüyü salınıb.  Hazırda şəhərin M.Mustafayev küçəsinə asfalt örtüyünün salınmasına başlanılıb, yaxın günlərdə isə Dəymədağlı  kəndinin giriş yolunun 1 kilometr  hissəsinə asfalt örtüyünün salınmasına başlanılacaq. Ağyazı kənd uşaq bağçasında təmir işlərinin aparılması nəzərdə tutulur. Hazırda görüləcək işlərlə bağlı müvafiq sənədləşmə  işləri  aparılır. İlisu kəndində  üçulduzlu otelin, Baydarlı kəndində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisi işləri davam etdirilir.  Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, Dövlət Bayrağı meydanının, Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Qax rayon  şöbəsinin  inzibati  binasının  tikintisi işləri davam etdirilib. Heydər Əliyev Fondu tərəfindən Tasmalı və Lələpaşa kəndlərində iki aztəminatlı ailəyə tikilən fərdi yaşayış evlərinin tikintisi başa çatdırılıb. Eləcə də,  Təhsil Nazirliyi tərəfindən rayonun Qaradolaq, Qapıçay, Qarabaldır və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisinə başlanılıb.

Xidmət sahələrinin fəaliyyətində də qeyd edilməli məqamlar istənilən qədərdir. Məsələn,  Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi tərəfindən qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilərək 80 ədəd qaz sayğacı yenisi ilə əvəzlənib,  smartkart tipli sayğaclar  quraşdırılıb, 55 mənzilə qaz çəkilişi aparılıb.  İndi artıq  rayon üzrə 15 min 598 ev təsərrüfatından 9684 təsərrüfat təbii qazdan istifadə edir.

 Elektrik şəbəkəsi tərəfindən  16 ədəd transformator yarımstansiyası əsaslı təmir olunub, 10 ədəd yeni ayrıcı quraşdırııb. Qaxbaş  kəndində  10 ədəd  yeni  transformator  yarımstansiyası  quraşdırılıb,    şəbəkənin  qurulması  üçün   792 ədəd  metal  boru  dayaq basdırılıb,  35, 3 kilometr  uzunluğunda  SİP  kabeli  çəkilib. Yeni    xəttin  çəkilişi  üçün  54 ədəd  dəmir-beton  dayaq  basdırılıb, İlisu   kəndində  8 ədəd  yeni  transformator  yarımstansiyasının  özül hissəsi  quraşdırılıb.  Yeni “Qax” yarımstansiyasının qurulması, Qax elektrik şəbəkəsinin  inzibati binasının və yeni  “İlisu” yarımstansiyasının tikintisi işləri davam etdirilir.

... Sonda bir zəng haqqında.  Dövlət başçımızın sədrliyi ilə Qaxda keçirilmiş  respublika müşavirəsindən hazırlanan televiziya materialı efirə gedəndən sonra tələbə yoldaşlarımızdan biri məndən  xahiş etdi ki, yazılardan  hansındasa  onun  bir mülahizəsini  də yada salım. Nə idi bu istək?  Doqquzuncu Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində,  iyulun 29-da  Qax rayon mərkəzində  -- şəhərin “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti olmuşdu.  Dostumun fikrincə, həmin tədbirin təşkil edildiyi ünvan Qaxın tarixiliyini, dünəninin zənginliyini  nümayiş etdirirdisə, müşavirənin keçirildiyi binanın möhtəşəmliyi  də  bu rayonun müasir memarlığının , yəni  inkişafının simvolu kimi görünürdü.

Yaxşı müşahidə, uğurlu  bənzətmə idi. Elə ona  görə də bu sətirləri həmin dostumun yada saldığı istəklə yekunlaşdırdım.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında