Qeyri-formal məşğulluğun aradan qaldırılması sosial siyasətin hədəflərindəndir

 

Müasir dünyanın iqtisadi xəritəsində əhəmiyyətli amillərdən biri də qeyri – formal iqtisadiyyat və onun ayrılmaz tərkib hissəsi olan qeyri – formal məşğulluqdur. Qeyri-rəsmi məşğulluq qeyri-formal iqtisadiyyatı səciyyələndirən əsas cəhət kimi iqtisadi fəaliyyət subyektlərinin və iqtisadi fəal əhalinin qanunla tənzimlənən və ya tənzimlənməyən, kifayət qədər əhatə olunmayan bütün iqtisadi fəaliyyət növlərini özündə birləşdirir. Rəsmi və qeyri-rəsmi iqtisadiyyat arasında dəqiq sərhəd olmadığından formal və qeyri-formal məşğulluq arasında da bu mənada tam dəqiq sərhəd yoxdur. Bu səbəbdən dünya ölkələrinin qeyri-formal məşğulluğa müxtəlif yanaşmaları mövcuddur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev müasir dünyada qeyri-formal əmək bazarının  qlobal problemə çevrildiyini vurğulayaraq bildirir ki, əmək və məşğulluq sahəsində ümumdünya siyasətini formalaşdıran və dünya ölkələri arasında təşviq edən bir təşkilat kimi Beynəlxalq Əmək Təşkilatının (BƏT) bu məsələ ilə bağlı ümumiləşdirilmiş yanaşmasına görə, qeyri-formal məşğulluq --iqtisadiyyatın qeyri-formal sektorunda məşğul olanların və iqtisadiyyatın formal sektorunda qeyri-formal məşğul olanların cəmindən ibarətdir. Qeyri-formal sektorda fəaliyyət göstərən subyektlər qeydiyyatsız olduğundan, eləcə də iqtisadiyyatın formal sektorunda qeydiyyatsız çalışanlar qeyri-formal məşğul şəxslər sayılırlar. BƏT iqtisadi fəaliyyət subyektlərinin qeyri-formal sektora aid edilməsinin müəyyən tövsiyələrini hazırlamışdır. Həmin tövsiyələrə görə, ev təsərrüfatlarında müəyyən xidmətlər göstərən şəxslər (dayələr, ev qulluqçuları və s.) ayrıca qrupda göstərilməlidir. Vəkillərin, həkimlərin, mühasiblərin formal və ya qeyri-formal sektora aid edilməsi şərtləri digər peşəkar qruplara bu mənada edilən yanaşma ilə eyni olmalıdır.

Qeyri-formal məşğulluğun qiymətləndirilməsi üçün bu sahədə məlumatların toplanması vacib məsələlərdən biridir. Hazırda BƏT tərəfindən yalnız 47 ölkə üzrə bu sahədə müəyyən göstəricilər toplanmışdır. Son məlumatlara görə, kənd təsərrüfatı sektorunun qeyri-formal məşğulluqda payı Cənubi Asiyada 82 faiz, Saxara səhrasından cənubda yerləşən Afrika ölkələrində 66 faiz, Çin istisna olmaqla, Şərqi və Cənub-Şərqi Asiya ölkələrində 65 faiz, Latın Amerikası ölkələrində 51 faiz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində 10 faiz təşkil edir.

Kənd təsərrüfatında çalışanların məşğul əhalidə xüsusi çəkisinin yüksək olduğu ölkələrdə qeyri-formal məşğulluğun payı daha yüksəkdir. Statistikasında cins nisbəti göstərilən ölkələrdə kənd təsərrüfatı istisna olmaqla, Saxara səhrasından cənubda yerləşən Afrika ölkələrində çalışan qadınların 74 faizi, kişilərin isə 61 faizi, Latın Amerikası və Karib hövzəsi ölkələrində qadınların 54 faizi və kişilərin 48 faizi, Cənubi Asiyada qadınların 83 faizi və kişilərin 82 faizi, Çində isə qadınların 36 faizi və kişilərin 30 faizi qeyri-formal əsasda çalışır.

Dünyanın bəzi regionlarında qeyri-formal əmək bazarında çalışmaq işsizlikdən yeganə çıxış yolu kimi qəbul olunur. Qeyri-formal məşğulluq rəsmi məşğulluqla bərabər fəaliyyət göstərir, eyni siyasi və iqtisadi faktorların təsirinə məruz qalır.                                                              Bəzi iqtisadçıların fikrincə, əksər ölkələrin sosial-iqtisadi həyatında mühüm praktiki rol oynayan qeyri-formal məşğulluğun, müsbət tərəfləri də var. İlk növbədə qeyri-formal məşğulluq əmək bazarında nisbi gərginliyi aradan qaldırır. Əmək bazarının formal sektorunda müxtəlif səbəblərdən, əsasən də təhsilin, peşə və ixtisasının, təcrübəsinin olmaması, yaxud aşağı olması səbəbindən iş tapa bilməyən şəxslər qeyri-formal sektorda işlə təmin olunmaq imkanı qazanırlar. Bir sıra hallarda qeyri-formal məşğulluq əhalinin aztəminatlı hissəsinə, qeyri-formal olsa da, gəlir əldə etmək imkanı verir. Adətən, əmək bazarının formal sektorunda iş tapa bilməyən şəxslər təhsil, peşə və ixtisası olmayan aztəminatlı ailələrin üzvləri olurlar. Qeyri-formal məşğulluq əmək bazarında çevikliyi təmin edir. Belə ki, bu sektorda müəssisələr və sahələr arasında, eləcə də müəssisə daxilində işçi qüvvəsinin hərəkət tezliyi daha yüksəkdir. Bəzi işəgötürənlər mövsümi, bəziləri isə fasilələrlə fəaliyyət göstərirlər. 

Lakin bununla belə, bu işdə nəticə etibarilə mənfi hallar qaçılmazdır. Məsələn, qeyri-formal məşğulluq əmək bazarında nisbi gərginliyi aradan qaldırsa da, çoxsaylı əmək mübahisələri ilə müşayiət olunur. Qeyri-formal məşğulluq istehlak bazarına ucuz və maya dəyəri aşağı olan məhsul və xidmətlər təqdim etsə də, təcrübədə onların keyfiyyət səviyyəsinin aşağı olması, yarıtmazlığı, müvafiq standartlara cavab vermədiyi də diqqətdən yayınmır. Bu məşğulluq ölkə ictimaiyyətinə, ölkə iqtisadiyyatına və əhalinin sosial rifah halına mənfi təsir göstərir və ona sarsıdıcı zərbə vurur. Belə ki, qeyri-formal məşğulluq ilk növbədə dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıma prinsipinə ziddir. Qeyri-formal məşğulluq vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olmaqla, nəticədə dövlət büdcəsinə böyük itkilər yaradır, işçiləri cari və gələcək sosial təminat hüquqlarına malik olmaqdan məhrum edir. Bu zaman isə həmin işçilərin dövlətin sosial müdafiə sisteminə çıxışının olmaması ictimai birliyin və sosial ədalətin tam təminatına mane olur, onların iqtisadi risklərdən qorunması mümkün olmur.

Bu sektorda işçilər təhlükəli iş yerlərində və normalaşdırılmamış iş rejimində çalışır, əməyin mühafizəsi qaydalarından kənarda qalır, minimum əməkhaqqı məbləğindən də aşağı əməkhaqqı alır, məzuniyyət və müavinət almaq hüquqlarından məhrum olurlar. Qeyri-formal məşğulluq daha çox qadınlara, aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir edir. Bu məşğulluq əsasən təhsilsiz, peşəsiz və ixtisassız şəxslərdən ibarət olduğundan, bu sahədə fəaliyyət göstərən işəgötürənlər insan kapitalının formalaşmasına investisiya yatırmaqda maraqlı olmurlar.

Azərbaycanda qeyri-formal məşğulluqla mübarizənin gücləndirilməsi ilə paralel olaraq qeyri-formal əmək münasibətlərindən formal əmək münasibətlərinə keçidin stimullaşdırılmasına yönələn institusional və praktiki platformanın formalaşdırılması, vətəndaşların məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, onların əmək və sosial hüquqlarının qorunması, maddi və sosial tələbatlarının ödənilməsi yeni islahatların əsas hədəflərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizin həyatında yeni və sürətli inkişaf dövrü olan son 13 ildə makroiqtisadi sabitlik şəraitində sosialyönümlü iqtisadiyyatın formalaşması tam təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmişdir.

“Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır.

Ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərin və əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıqlar verilmişdir.

Bu tədbir qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğunu bir daha təsdiq edir.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında