Əsrə sığmayan ömür

Görkəmli ictimai xadim, diplomat, jurnalist, tərcüməçi Bağır Seyidzadənin anadan olmasından 105 il keçir

Azərbaycan tarixində şərəfli ömür yolu ilə bugünkü nəslə örnək olan parlaq şəxsiyyətlər çoxdur. Onlar xalq və Vətən qarşısında dəyərli işlər görüblər. Avqustun 9-da anadan olmasının 105 ili tamam olan Bağır Seyidzadə bu cür insanlardan biridir. O, qeyri-adi əməksevərliyi, xeyirxahlığı, fitri istedadı, nadir bilik və qabiliyyəti sayəsində dərin hörmət və ehtiram qazanıb. Bu nəcib keyfiyyətlərin isə nəsildən, ailədən qaynaqlandığına şübhə ola bilməz.

 

Seyidzadələr nəslinin yaxın tarixinə qısa ekskurs

 

Bağır Seyidzadənin babası Seyid Məmməd Qərbi Azərbaycanın (çar Rusiyası dövründə İrəvan quberniyasının) Qəmərli kəndinin varlı maldarlarından birinin təsərrüfatında muzdurluq edirdi. Sonradan bu ailənin qızı Ümmunisə ilə evlənmişdi. Seyid Məmməd həm də müxtəlif müalicəvi bitkilər toplayır, kənd camaatı üçün cürbəcür dərmanlar hazırlayırdı. Kənddə onu ehtiramla Seyid həkim çağırırdılar. Seyid Məmməd 1870-ci ildə özündən sonra dörd övlad qoyaraq 40 yaşında dünyadan köçüb.

Bağır Seyidzadənin atası Mirqasım kişi və əmisi Mirəli əsasən ticarətlə məşğul olurdular. Sonradan İrəvana köçən qardaşlar orada böyük ticarət şəbəkəsi qururlar. Ailə varlanmağa başlayır, lakin xoşbəxtlik uzun sürmür.

 

Həssas qəlbli övlad

 

Bağır Mirqasım oğlu Seyidzadə 1912-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda dünyaya göz açıb. Onun altı yaşı olanda - 1918-ci ildə İrəvanda millətlərarası münasibət kəskinləşdiyi üçün Mirqasım ailəsini doğma yurdlarından köçürməli olur.

Bağır Seyidzadənin qızı Dilarə xanımın xatirələrindən: “Onlar 1918-ci ildə İrəvanda millətlərarası münasibətlər kəskinləşdikdən sonra şəhəri tərk edirlər. Mirəli artıq vəfat etmişdi. O, tacir kimi səfərdən qayıdarkən Qarsda dünyasını dəyişmiş və elə oradaca dəfn olunmuşdu. Yeri gəlmişkən, mən Türkiyədə onun məzarını axtarıb tapdım. Buna biz Türkiyədə səfərdə olanda ulu öndər Heydər Əliyevin sayəsində nail oldum. Odur ki, babam Mirqasım həm özünün, həm də qarda- şının ailəsini götürüb Tiflisə gəlir”.

Ailə Tiflisdə əsasən azərbaycanlıların yaşadığı Şeytanbazar məhəlləsində məskunlaşır. Mirqasım kişi ticarətini davam etdirir, qazandığı pullarla uşaqlarına mükəmməl təhsil verir. Dilarə xanım deyir ki, atası Bağır rus və fransız dillərini Tiflisdə öyrənmişdi.

 1924-cü ildə Mirqasım kişinin ömür-gün yoldaşı vəfat edir və bu itki ailənin bütün üzvlərinin, xüsusən də Bağırın qəlbində dərin iz buraxır. Xədicə xanımı Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edirlər. On iki yaşlı Bağır tez-tez qəbiristanlığa gedirdi. Fikirləşirdi ki, bəlkə möcüzə baş verər, anası əbədiyyət yuxusundan ayılar və özünü qəbiristanlıqda tək görüb qorxar. Oğlunun iztirablarını görən Mirqasım kişi ailəsini Tiflisdən uzaq bir məkana köçürməyi qərara alır.

 

Taleyin ironiyası

 

1925-ci ildə ailə Bakıya köçür. Bu o dövr idi ki, bolşevik istilasına baxmayaraq, Bakıda Azərbaycanı müstəqil görmək istəyən Hüseyn Cavid, Əhməd Cavad, bir qədər sonra onların sırasına qədəm qoyan Mikayıl Müşfiq, Almas İldırım yazıb-yaradırdılar. Bağır Seyidzadə Bakıda Tağıyevin fabrikində işə düzəlir və təhsilini fəhlə fakültəsində davam etdirir. Şəhərdəki ictimai-siyasi ab-havanı tezliklə dərk etsə də, nə evdəkilərə, nə də ətrafdakılara kimlərə rəğbət bəslədiyini bildirmir. Lakin illər ötdükdən sonra Moskvada aspiranturada oxuyan sevimli qızı Dilarəyə deyəcəkdi: “Qızım, əgər sən nə vaxtsa Azərbaycan tarixinin ən şərəfli və vacib dövrünə əsər həsr etsən, mütləq o dövrün mətbuatına diqqət yetir, ələlxüsus da “Füyuzat” jurnalına”. Deməli, ürəyindəki rəğbəti füyuzatçılara imiş.

Gənc Bağır 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay “Kəndli” qəzetinin redaksiyasında korrektor işləyir. 1936-cı ildə isə Azərbaycan Sənaye İnstitutunun məzunu Bağır Seyidzadə “Gənc işçi” qəzetinə redaktor təyin olunur. Bu o qəzet idi ki, Mikayıl Müşfiq 1926-cı ildə orada “Bir gün” adlı ilk şeirini dərc etdirmişdi. Repressiya illərində hər dəfə bu tufanın apardığı adamların adlarını eşidəndə Bağır Seyidzadənin ürəyi qana dönürdü. Axı, çoxusu ilə münasibəti vardı... İkinci dünya müharibəsinin başlanması Kremli Bakını türkçülük əhvalruhiyyəsi olan azərbaycanlılardan təmizləmək siyasətini dayandırma- ğa məcbur etdi. Beləliklə, Bağır Seyidzadənin və onun kimi minlərlə vətənpərvər azərbaycanlının canı repressiyadan qurtardı. Dilarə xanımın xatirələrindən: “O vaxt belə bir qayda vardı – kim qəzetə rəhbərlik edirdisə, sonra respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilirdi. Beləliklə, atam respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçildi və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla İrana getdi”. Bağır Seyidzadə İrana yola düşən gün – sentyabrın 15-də atası Mirqasım kişi infarktdan keçinir. Övladın isə bundan xəbəri olmur. Qeys xanım qayınatası vəfat etdiyi üçün ərini qaytarmaq xahişi ilə MK-ya zəng etsə də, bir nəticə hasil olmur. MK Mirqasım kişinin dəfnin təşkil etməklə vəzifəsini bitmiş hesab edir. Vaxtilə hər gün anasının qəbrini ziyarət edən Bağır uzun illər atası- nın məzarına baş çəkə bilmir. Bu da taleyin ironiyası.

 

Qismətinə çətin vaxtlar düşmüşdü

 

Görkəmli ictimai, siyasi və dövlət xadimi Əziz Əliyev İrana diplomatlar hazırlamaq üçün kadr seçəndə nəzakətli davranışı, hər kəslə ünsiyyət qurmaq bacarığı ilə başqalarından fərqlənən Bağır Seyidzadənin üzərində dayanır və onu Moskvaya SSRİ Xarici İşlər Nazirliyindəki Ali Diplomatiya Məktəbinin altı aylıq kursuna göndərir. Moskvada fars dilini mükəmməl öyrənən və təhsilini fərqlənmə diplomu ilə bitirən Bağır Seyidzadə 1944-cü ildə SSRİ diplomatı kimi İrana göndərilir. Dilarə xanımın xatirələrindən: “Oraya gedəndə mənim cəmi 5 yaşım vardı, qayıdanda isə 10 yaşında idim. Atam müəyyən müddət Makuda işlədi, sonra onu Təbrizə vitse-konsul göndərdilər, daha sonra baş konsul təyin etdilər. Təbrizdə konsulluq bağlandıqdan sonra atam Bakıya qayıtdı”.

Yazıçı Qılman İlkin Təbriz dövrünü belə xatırlayır: “Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə “Vətən yolunda” qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında onun böyük xidməti vardı. Hətta Milli Hökumət onu “21 Azər” medalına da layiq görmüşdü”.

1941-1944-cü illər sovet diplomatiyasının İrandakı ən çətin illəri idi. Lakin Bağır Seyidzadə heç vaxt nə ailəsinə, nə qohum-əqrəbasına, nə də dost-tanışlarına İranda baş verənlərdən danışmayıb, İran onun üçün bağlı mövzu olaraq qalıb. İrandan sonra Moskva Bağır Seyidzadəni təcrübəli bir diplomat kimi Türkiyəyə göndərmək istəyir. Lakin Mircəfər Bağırov mərkəzə müraciət edərək onun Bakıda qalmasına nail olur və 1949-cu ilin fevral ayında Bağır Seyidzadəni kinematoqrafiya naziri təyin edir.

 

 Həyatın keşməkeşli yollarında

 

Bağır Seyidzadə kinematoqrafiyada olan problemlərin aradan qaldırılması üçün çox böyük işlər görür. Yeni nazirin dövründə Bakı kinostudiyasında neftçilərdən bəhs edən “Bakının işıqları” bədii, habelə müxtəlif mövzularda “Böyük yol”, “Hədiyyə xal- çası”, “Quba bağlarında”, “Tərtərçay vadisində”, “Mingəçevir”, “Sovet Naxçıvanı”, “Gədəbəyin sərvəti”, “Abşeronun ocaqları”, “Səhər nəğməsi”, “Sovet Azərbaycanı”, “Azərbaycanın müalicə ocaqları”, “Elmlə dostluq şəraitində”, “Arazın sahillərində”, “Gözlərinizi qoruyun”, “Xəzər neftçiləri haqqında dastan” və digər sənədli və elmi-kütləvi filmlər yaradılır.

“Sovet Azərbaycanı” sənədli filmi 1951-ci ildə Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın kino tarixində ilk dəfə olaraq xüsusi mü- kafata layiq görülür. “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” sənədli-bədii filmlərinə görə yaradıcı qrupun bir neçə üzvü sovet dövründə ən yüksək mükafatı – Lenin mükafatını alır. “Dənizi fəth edənlər” filmi həm də I Moskva kinofestivalında gümüş medalla mükafatlandırılır. Filmin çəkilişi ilə bağlı maraqlı bir faktı xatırlamaq yerinə düşər. Yaradıcı qrup Neft Daşlarında çəkilişə hazırlaşarkən neftçilər xəbər verirlər ki, anbaan fırtına başlaya bilər. Çəkiliş aparmaq çox təhlükəlidir. Amma nə fırtına, nə də dəniz təlatümü rejissor Roman Karmeni işindən çəkindirə bilməzdi. O, həmkarlarına müraciətlə: “Çəkirik, uşaqlar?” - səsləndiyi an arxadan kimsə ucadan dedi: “Əlbəttə, çəkirik!”. Hamı arxaya çevriləndə qarşılarında mədəniyyət nazirinin müavini Bağır Seyidzadəni görür. Bu gözlənilməz hadisədən kino işçiləri əvvəlcə çaşbaş qalır, eyni zamanda, var qüvvə ilə çəkilişə başlayırlar. Hər şey yaradıcı qrupun ürəyincə olur.

Bağır Seyidzadənin kinematoqrafiya naziri kimi əldə etdiyi uğurlar onu Mircəfər Bağırovun gözündə ucaldırdı. Lakin naziri gözdən salmaq istəyənlər də az deyildi. Onlar gecə- gündüz Mərkəzi Komitəyə böhtan dolu məktublar yazırdılar. Mircəfər Bağırov 1951-ci ilin fevralında Bağır Seyidzadəni nazir vəzifəsindən azad etməyə məcbur olur. İşsiz qalan sabiq nazir öz taleyini həll etməli, ailəsini dolandırmalı idi. Axı o, ömür-gün yoldaşı Qeys xanımın, övladları Fuadın, Dilarənin, Xoşqədəmin yeganə ümidi idi. Bağır Seyidzadə Radioinformasiya Komitəsinə gələrək fars redaksiyası- na işə götürülməsini xahiş edir. Onu nəinki işə götürür, hətta farsca birbaşa efiri də ona həvalə edirlər. 1953-cü ildə isə Bağır Seyidzadə Radioinformasiya Baş İdarəsində müavin vəzifəsinə irəli çəkilir. Çox keçmir ki, Mərkəzi Komitə Bağır Seyidzadəyə Poliqrafiya və Nəşriyyat İdarəsini yaratmağı tapşırır. Bu idarə 1958-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinə birləşdiriləndən sonra Bağır Seyidzadə nazir müavini təyin olunur.

 

Halal çörəkpulu və ya gülünc əmr

 

Nazir müavini işləyərkən tərcümə ilə də məşğul olan Bağır Seyidzadə halal çörəkpulu qazanan bir məmur idi. O, “Görkəmli adamların həyatı” silsiləsindən Natalya Muravyovanın “Viktor Hüqo”, Leopold İnfeldin “Evarist Qalua”, İohan Pestalotsinin “Seçilmiş pedaqoji əsərləri” kitablarını tərcümə etmişdi. Bağır Seyidzadənin uğurlarına paxıllıq edənlər yenə də dinc durmur, Mərkəzi Komitəyə anonim məktublar yazırdılar. Xalq yazıçısı Qılman İlkinin xatirələrindən: “Hamı bilirdi ki, onun bir dəqiqə də olsun boş vaxtı yox idi, yarımçıq işlərini bitirmək üçün işdən sonra da idarədə qalırdı. Gecələr isə yuxunu israfçılıq sayaraq bədii tərcümə ilə məşğul olur, ailəsinin heç bir şeydə korluq çəkməsinə imkan vermirdi. Bu da həmkarlarında paxıllıq hissi doğururdu, onlar nəyin bahasına olursa-olsun ona zərbə vurmağa çalışırdılar. Nail oldular da. Onu işdən azad etdilər. İşdən azad edilməsi haqqında əmr çox gülünc səslənirdi...”

Azərinformun (indiki AZƏRTAC) baş redaktoru Azər Ələsgərov bu barədə yazırdı: “Bağır Seyidzadə nazir müavini işləyə-işləyə iki-üç kitab tərcümə edib onları nəşr etdirmiş- di. Bu səbəbdən də belə bir məsələ qaldırılmışdı ki, o, tərcümə edərək filan qədər qonorar almışdır”. Sonralar Mərkəzi Komitənin birinci katibi Vəli Axundov etiraf etmişdi ki, Bağır Seyidzadəni işdən əbəs yerə çıxarıb. Bu, tarixdə görünməmiş bir əmr idi. Amma Bağır Seyidzadə bu haqsızlığı da özünə xas dəyanətlə qarşılayır.

Dilarə xanımın xatirələrindən: “Onu nazir müavini vəzifəsindən azad edəndə, - bunu heç vaxt unutmayacağam, - yaman fikir çəkirdi. Firavan həyatımızı təmin edən yeganə mənbə onun tərcümələri idi. Onu isə “xidməti vəzifəsindən istifadə edərək tərcümələrlə məşğul olduğu” üçün işdən çıxarmışdılar... Atam hətta bütün bunların ədalətsiz olduğu barədə fikrimə tərəfdar çıxmadı”.

 

Jurnalistlik onda Allah vergisi idi

 

Bağır Seyidzadə hansı vəzifədə çalışırsa-çalışsın, yazıb-yaratmağa meyilli olub. Azərbaycan Sənaye İnstitutunun məzunu olsa da, jurnalistikanı həmişə həyatının əsas işi saymışdı. Dilarə xanımın xatirələrindən aydın olur ki, Bağır Seyidzadə hələ məktəbdə oxuyarkən, eləcə də tələbə olarkən divar qəzeti çıxarmışdı. Bəlkə də gənc Bağırın ürəyindən hələ o vaxt jurnalist olmaq keçmişdi.

Vaxtilə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri kimi Azərinforma tez-tez gələn jurnalist Elmira Əliyeva sonralar “Yaxşı ad qoyub gedənlər unudulmur” məqaləsində yazır: “Deyilənə görə, jurnalistlik onda Allah vergisi idi. Hərçənd ki, uzun illər yüksək və məsul vəzifələrdə çalışmışdı - kinematoqrafiya naziri, Təbrizdə sovet diplomatik nümayəndəliyinin rəhbəri. Təbrizə SSRİ Xarici İşlər Nazirliyi tərəfindən ezam olunmuş, burada tanınmış dövlət xadimi Əziz Əliyevlə birlikdə o zaman İranda baş verən proseslərdə bilavasitə iştirak etmişdi. Jurnalist İbrahim Novruzov kitabında yazır ki, Azərbaycanın o vaxtkı rəhbəri Bağırov hətta soruş- muşdu: Bu Seyidzadə yazıçıdır?” Dilarə Seyidzadə deyir: “Atamın bütün məktubları, hesabatları təsdiq edir ki, o, əla jurnalist olmuşdur. Həyatda qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə atama daim yazması, redaktə və tərcümə işi ilə məşğul olması kömək edirdi. Atam azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, qəlbən jurnalist olaraq qalmışdı”.

 

Canlı ensiklopediya, natiq, tərcüməçi – “pulemyotçu”

 

Bağır Seyidzadə həm də gözəl natiq idi. Elmira Əliyevanın məqaləsində oxuyuruq: “Bir dəfə, 1939-cu ildə, respublika rəhbərliyi tərəfindən ona tapşırılır ki, filarmoniyada keçirilən iclasda XVIII partiya qurultayına ictimaiyyətin təbrik məktubunu oxusun. Qarşısındakı mətnə baxmadan təbriki oxuyan Seyidzadə hamını təəccübləndirmiş, elə o vaxt da diqqəti cəlb etmişdi…”

Dilarə xanım atasının müharibə illərində Səməd Vurğunun rəhbərlik etdiyi bir qrup Azərbaycan ziyalısı ilə birlikdə Novorossiysk cəbhəsində 416-cı, 77-ci və 223-cü diviziyalarda olduğunu xatırladaraq deyir ki, onlar özləri ilə incəsənət xadimlərini, müğənniləri aparır, konsertlər təşkil edir, mühazirələr oxuyurdular. Bağır Seyidzadə Səməd Vurğunla birlikdə Tiflisdə vətənpərvərlik mitinqində iştirak etmişdi. Onlar natiqlik məharəti və inamları ilə insanları coşdurur, öz ardınca aparırdılar.

Azərbaycan tərcümə məktəbinin baniləri arasında Bağır Seyidzadənin adı xüsusi ehtiramla çəkilir, çünki onun bu sahədə xidmətləri çox böyükdür. Azərinformun baş direktoru Yefim Qurviç ona tərcüməçi deyil, “pulemyotçu” deyərdi. Çünki Bağır Seyidzadə tərcümə zamanı mətni birbaşa, çox sürətlə və yüksək keyfiyyətlə makinaçıya diktə edirdi. Həmin mətn sonradan heç bir əhəmiyyətli düzəliş olunmadan mətbuata göndərilirdi.

Bağır Seyidzadənin ümdə arzusu vardı: ictimai-siyasi ədəbiyyatın tərcüməsində doğma Azərbaycan dilindən geniş istifadə olunsun, səriştəli mütəxəssislər mürəkkəb siyasi terminlərin qarşılığını tapmaqla tərcümə problemlərini həll etsinlər. Əməkdar Mədəniyyət İşçisi Ənvər Quliyevin dediyi kimi, onun leksikonunda “bilmirəm, bacarmaram” sözləri yox idi. O, canlı ensiklopediya idi.

Tanınmış jurnalist Tamilla Nuriyeva “O, məşhur Seyidovlar nəslindən idi” məqaləsində yazır: “Məsul vəzifələrdə işləməsinə baxmayaraq, həqiqət naminə etiraf etməliyik ki, onun gözəl Azərbaycan dilində tərcümə etdiyi kitablar özündən sonra qoyub getdiyi ən qiymətli xatirədir”.

 

 Azərinformda yeni nəfəs

 

Bağır Seyidzadə 1963-cü ildə Azərinforma (indiki AZƏRTAC) baş direktorun müavini vəzifəsinə təyin edilir. Qızı Dilarə Seyidzadə bunu belə xatırlayır: “Bu, sadəcə xoşbəxt bir təsadüf idi. O vaxtlar qardaşım Fuad gənc memarların müsabiqəsinə təqdim edəcəyi işin tərtibatı ilə məşğul idi. Böyük bir planşetin fotoşəklini çəkməliydi, ona görə də böyük ölçüdə fotokağız axtarırdı. Atam dedi ki, Qurviçin yanına get. Ən yaxşı kağız AzərTA-dadır. Amma kimin oğlu olduğunu demə. Qurviç çox yaxşı insandır, o, sənə kömək edər. Qurviç isə Fuadın soyadını eşidən kimi onun Bağır Seyidzadənin oğlu olduğunu soruşmuşdu. Yəni, atam jurnalistikada tanınmış sima idi. Sonra Qurviç MK-ya təqdimat yazır və atam onun müavini olur”.

Elmira Əliyeva məqaləsində yazır ki, “deyilənə görə, direktor Yefim Qurviç agentliyin rəhbərliyində öz yanında məhz Bağır Seyidzadəni görmək istəmişdi. Yəqin böyük həyat yolu keç- miş bu insana bələd imiş və layiqincə qiymətləndirirmiş. Beləcə, Bağır müəllim agentliyimizin həyatında mühüm rol oynayan insanlardan biri olub”.

Dilarə xanım xatırlayır ki, atası AzərTA-dakı işindən, sözün əsl mənasında, zövq alırdı: “Səhər saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr mənasız hesab etdiyim məsələlərə görə durmadan ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Mən hiddətlənirdim, o isə deyirdi ki, bunlar çox məsuliyyətli məsələlərdir. Bütün jurnalistlər – İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev “Gənc işçi” qəzetində işləmiş, ilk addımlarını bu gənclər qəzetində atmışdılar. Cəmil Əlibəyov elə hey deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Atam Vətənini, məşğul olduğu işi, doğma jurnalistikanı çox sevirdi”.

Bağır Seyidzadə Azərinform üçün əsl tapıntı idi. Direktor müavini olması ilə yanaşı, həmçinin tərcümə şöbəsi müdirinin işini görür, bir çox hallarda qəzetin nömrəsinə gedən materialları özü tərcümə və redaktə edirdi. O, həm özünə, həm də əməkdaşlara qarşı çox tələbkar idi. Bağır Seyidzadə Azərinformda ömrünün son gününə qədər – 1968-ci il martın 24-dək işlədi.

Əməyi layiqincə qiymətləndirilən Bağır Seyidzadə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilib.

 

Sözardı və ya böyük insan haqqında

 

Bağır Seyidzadə ilə birlikdə işləyən insanlar, bir qayda olaraq, onun dostlarına, məsləkdaşlarına çevrilirdilər. Hələ “Gənc işçi” qəzetində redaktor olduğu dövr, yəni müharibəqabağı illər, çətin, mürəkkəb, insan mənəviyyatını imtahana çəkən zəmanə idi. O dövrdə dostluq, yoldaş- lıq xüsusi cəsarət tələb edirdi. Bağır Seyidzadə insan ləyaqətini sınağa çəkən bu imtahandan üzüağ çıxdı. Jurnalistikamızın korifeylərindən olmuş Qulam Məmmədlinin xatirələrində yazdığına görə, əgər Bağır Seyidzadə olmasaydı, onun işləri müşkülə düşə bilərdi. Sən demə, onun məqalələrindən birində hansısa məqam respublika rəhbərliyinin xoşuna gəlməyib və yazılarına sərt qadağa qoyulub. O vaxt Bağır Seyidzadə ona demişdi: “Ürəyinə salma. Gəl belə edək, sən yaz, mən də onları öz adımla çap etdirib qonorarını sənə verərəm”. Əlbəttə, bu cür hərəkət etmək hər adamın işi deyildi. Bunun üçün cəsarətdən savayı, başqasının dərdinə şərik olmağı bacarmaq da lazım idi. Belə keyfiyyət isə yalnız həssas təbiətli insanlarda olur. Bağır Seyidzadə də bu cür insanlardan idi.

 Şərəfli ömür sürən Bağır Seyidzadə bu gün də səmimiyyətlə anılır, onunla bağlı xatirələr nəsildənnəslə ötürülür. Şair İlyas Tapdıq “Məmməd Arazın məktubları”nda yazır: “Mən onda Məmmədə məktub yazıb bildirdim ki, məni işdən çıxarıblar. Kitabımla bağlı bütün şəhəri bürüyən söz-söhbətlə şəxsən maraqlanan MKnın o vaxtkı katibi Nazim Hacıyev 1960-cı ilin payızında məni yanına çağırdı. Yığıncaqda mədəniyyət nazirini möhkəm danladı. Çox hörmətli və xeyirxah bir insanın – Baş Nəşriyyat İdarəsinin rəhbəri Bağır Seyidzadənin himayəsi sayəsində üç aydan sonra məni vəzifəmə bərpa etdi”.

Dilarə Seyidzadənin xatirələrindən: “Atam təbiətən sadə, heç vaxt özü haqqında danışmayan, özünü tərifləməyən, əldə etdiyi nailiyyətləri ilə öyünməyən bir insan, çox mehriban ailə başçısı idi”.

Cəmi 56 il yaşamış Bağır Seyidzadənin jurnalist, diplomat, nazir, tərcüməçi ömrü, sözün həqiqi mənasında, yaşadığı dövrün mühitinə sığmayan dəyərli işləri özündə ehtiva edir.

Gözəl AĞAYEVA,
AZƏRTAC-ın əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında