Zərdablılar zəhmət ənənəsinə sadiqdirlər

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Qaxda keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bölgələrdə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı önəmli nümunələr sırasında Zərdab kümçülərinin baramaçılıqda əldə etdikləri uğurdan – onların bu il respublikada rekord miqdarda ipək xammalı istehsal etmələrindən də söhbət açılmışdır. Zərdab Rayon İcra Hakimiyyətində keçirilən toplantıda Prezident İlham Əliyevin müşavirədə qarşıya qoyduğu vəzifələr geniş müzakirə olundu, təqdir olunan uğurları daha da artırmaq üçün konkret fəaliyyət planı müəyyənləşdirilmişdir.

Müşavirə barədə ərtaflı məlumat verən  Zərdab RİH-in başçısı Lütvəli Babayev bildirdi ki, Prezident İlham Əliyev nüfuzlu aqrar toplantıda geniş və proqram səciyyəli nitq söyləyərək respublikamızda baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafı istiqamətində işləri ətraflı təhlil etdi, qarşıdakı illərdə bu sahədəki layihələrlə bağlı konkret tapşırıqlar verdi.  Azərbaycan  kəndinin bugünkü yüksəlişinin aktual məsələlərinin müzakirə olunduğu respublika toplantısında rayondan 9 nəfər nümayəndə iştirak edirdi. Sevindirici haldır ki, son iki ildə rayonumuzun baramaçılıqda qazandığı təcrübə barədə Zərdab RİH başçısı olaraq mənim məlumatım da maraqla dinlənildi.

İlk növbədə, mən rayonumuzda 27 tondan çox barama tədarük edilərək respublikada birinci yer tutduğumuza görə bütün rayon əhalisini, xüsusən də baramaçılarımızı ürəkdən təbrik edirəm, hər birinizə çox sağ olun deyirəm və gələn il daha böyük nəticələrə nail olmağı arzulayıram. Möhtərəm Prezidentin müşavirədə çıxış etmək üçün mənə də vaxt ayırması rayon kümçülərinin əməyinə və bu qələbəsinə verdiyi çox böyük qiymətdir. Bu diqqət və etimadı zərdablılar, əlbəttə, daha böyük nailiyyətlərlə doğrultmağa çalışacaqlar.

Müşavirədəki çıxışımda bildirdim ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələri kimi, Zərdab rayonu da gündən-günə inkişaf edir, abadlaşır. Tarixən Zərdab rayonunun əhalisi baramaçılıqla məşğul olub, sovet dövründə 293 ton barama tədarük ediblər. Azərbaycanın bütün təbii sərvətləri kimi baraması və ipəyi də dünyada özünəməxsus şöhrət qazanıb. Baramaçılıqla bağlı keçirilən beynəlxalq konfranslarda Azərbaycan baraması, xüsusən Zərdab baramasının ipəyi parlaqlığına və keyfiyyətinə görə daim yüksək qiymətləndirilib.

Dövlət rəhbərinin son illərdə respublikamızda baramaçılığın inkişafına dair verdiyi tapşırıqlar, qəbul olunmuş qərarlar Zərdab rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. Uzun fasilədən sonra ötən il baramaçılarımız bu işlə məşğul olmağa başlayıb və 5710 kiloqram barama tədarük ediblər.

Dövlət başçısının 2016-cı ilin dekabr ayında Birinci vitse-prezident Mehriban xanım  Əliyeva ilə rayonumuzda səfərdə olarkən Zərdabda tədarük edilmiş 6 tona yaxın baramanın gələn il ən azı 3 dəfə artırılması ilə bağlı tapşırığı məsuliyyətimizi qat-qat artırıb və cari ildə baramaçılarımız daha yaxşı işləyərək 24 ton proqnoz tapşırığa qarşı 27 tondan çox barama tədarük ediblər. Bu göstərici 2016-cı ilə nisbətən, təqribən, 5 dəfə çox olmaqla, respublikada əldə olunan ən yüksək göstəricidir.

700 nəfərə yaxın kənd sakini mövsümi işlə təmin edilib. Baramaçıların ailə büdcəsinə 240 min manatdan çox vəsait daxil olub ki, bunun 106,8 min manatını emal müəssisəsi ödəyib, 133,3 min manatı isə dövlət tərəfindən ödənilən subsidiya olub.

Prezident İlham Əliyevin ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncamı ilə yaş baramanın hər kiloqramına görə baramaçılara subsidiyanın verilməsi, xarici ölkədən gətirilən tut tinglərinin yerlərdə əkilməsi baramaçılığın inkişafına çox böyük stimul yaradıb. Zərdab rayonu ərazisində 260 mindən çox tut tingi əkilib ki, bu da yaxın illərdə daha yüksək səviyyədə barama istehsalı üçün yeni imkanlar yaradacaq.

Başçı daha sonra bildirdi ki, hazırda kümçülər gələn il daha yüksək nəticələrə nail olmaq məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər. 2018-ci ildə rayonumuzun baramaçıları 50 tona yaxın yaş barama tədarük etmək əzmindədirlər.

Müşavirədə mən zərdablı kümçülərin bir xahişini də səsləndirərək kümçülərin baramanı vaxtında təhvil verilməsi üçün Zərdab rayonunda barama qəbulu məntəqəsinin yaradılması üçün aidiyyəti təşkilatlara müvafiq göstəriş verilməsini xahiş etdim. Çıxışımda taxılçılıqda qazandığımız uğurdan da söz açdım  və bildirdim ki, 10 min hektar əlavə torpaq sahəsinin suvarılması üçün Kür çayından 15 kilometr məsafəyə su xəttinin çəkilişinin qısa müddətdə təmin edilməsi rayonumuzda aqrar sahənin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Sonra başçı rayon üzrə barama tədarükündə birinci 10 yeri tutan icra nümayəndəliklərinin və kümçülərin adlarını qeyd etdi, həmin ərazilərin rəhbərlərinə, bələdiyyə sədrlərinə, eləcə də kümçülərə təşəkkürünü bildirdi. Builki barama tədarükündə ən yaxşı nəticə göstərən 3 nəfər kümçüyə – İsrayıl Abbasova (Məlikli kəndi, 263 kiloqram), Əmrah Aslanova (Bıçaqçı kəndi, 235 kiolqram), Yusif Musayevə (Yuxarı Seyidlər kəndi, 215,5 kiloqram) qiymətli hədiyyələr təqdim edildi.

Müşavirə iştirakçısı Abdul Orucov, kümçü  İsrayıl Abbasov, Dəliquşçu kənd icra nümayəndəsi Abbas Nağıyev və digər çıxış edənlər respublika müşavirəsində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün zəruri olan məsələlərdən söz açdılar.

Respublika müşavirəsinin müşavirənin videoçarxının nümayişindən sonra  rayonun icra qurumları üçün konkret tapşırıqlar verildi. Qeyd edildi ki, gələn il rayon ən azı 50 ton barama təhvil verməlidir. Bu il rayona 120 min tut tingi verilməsi nəzərdə tutulub və indidən onun veriləcəyi  şəxslərin siyahısı və əkiləcəyi yerlər müəyyənləşdirilməlidir. İki və daha çox kəndin daxil olduğu hər bir icra nümayəndəliyi 3 ton, qalan hər bir icra nümayəndəliyi 2-2,5 ton barama tədarük etməlidir.

Müşavirə iştirakçıları Azərbaycan kəndinin hərtərəfli inkişafını dövlət siyasətinin prioritetinə çevirən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəklərini əminliklə bildirdilər.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında