Azərbaycanın dəmir yolu öz inkişaf tarixinin yeni mərhələsini yaşayır

Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üzrə təşkilatının sədri Xeyrulla Hümbətov söhbətimizin əvvəlində təmsil etdiyi qurumda son iki ildə əldə olunan uğurlar barədə məlumat verdi. Bildirdi ki, göstərilən dövrdə respublikanın dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu müddət ərzində ümumilikdə 380 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, 150 dəstdən çox yeni yoldəyişən qurğu alınıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi reallaşdırılıb.

X.Hümbətov daha sonra dedi: 

– Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı və xeyir-duası ilə 2015-ci il sentyabrın 12-də 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Ötən dövr ərzində bu qatardan 1 milyon 500 mindən çox vətəndaş istifadə edib. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun da nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.

Sərnişinlərin rahatlığı məqsədilə yenidən qurulan Bakı dəmir yolu vağzalı binası əsaslı təmir olunduqdan sonra, bu il fevralın 10-da cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Təmir-bərpa işləri, ümumilikdə, 200 min kvadratmetr sahəni əhatə edib. İşlər 1883-cü ildə inşa olunan və “Bakının Tiflis vağzalı” adı ilə tanınan binada, 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən vağzal-mehmanxana kompleksində və ümumiyyətlə, bütün vağzal ərazisində aparılıb. Təmir-bərpa işləri hər iki binanın memarlıq üslubunun saxlanması ilə həyata keçirilib. 1926-cı ildə tikilən vağzal binasında isə dəmir yolu muzeyi yaradılması nəzərdə tutulub.

– Azərbaycan dəmir yolu tarixində mühüm hadisə olan Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının bir müddət bundan əvvəl işə salınması ilə bağlı nə deyə bilərsiniz?

– Bəli, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyətə başlayıb. Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra isə Naxçıvan-Bakı qatarı işə salınacaq ki, bununla da Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının təqribən 30-32 saata paytaxt Bakıya daşınması mümkün olacaq. Eyni zamanda, sadalanan ixrac məhsullarının qonşu ölkələrin bazarlarına çıxarılmasına da imkan yaranacaq. Bu məqsədlə hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi həyata keçirilir.

Möhtərəm dövlət başçımızın dəstəyilə hazırda Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində lazımi tədbirlər görülməkdədir. Xatırladım ki, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə ölkə Prezidentinin 2015-ci il dekabrın 7-də imzaladığı “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncamından və 2016-cı il fevralın 23-də İran İslam Respublikasına səfəri zamanı müvafiq müqavilələrin imzalanmasından sonra başlanılıb. Ölkəmizin ərazisində keçən il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb.

Görülən tədbirlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, bu il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir. Dəmir yolu infrastrukturunun yenilənməsi yaxın gələcəkdə dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan məqsədə – sərnişin qatarlarının sürətini saatda 100 kilometrə, yük qatarlarının orta sahə sürətini isə saatda 60 kilometrə çatdırılmasına imkan verəcək.

– Bildiyimizə görə, vaqon parkının yenilənməsi də “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin daim diqqət mərkəzində olduğu məsələlərdən biridir.

– Son iki il ərzində Azərbaycan dəmir yollarında hərəkət heyətinin yenilənməsinə dair bir sıra işlər görülüb və hazırda davam etdirilməkdədir. Vaqon parkının yenilənməsi məqsədilə 3 mindən çox yeni yük vaqonu alınaraq vaqon parkına daxil edilib. Lokomotiv parkının sağlamlaşdırılması məqsədilə 10 ədəd yeni teplovoz və 4 ədəd yeni elektrovoz, Gürcüstanda əsaslı təmir olunan 3 ədəd elektrovoz, 5 ədəd teplovoz alınaraq istifadəyə verilib, səhmdar cəmiyyəti tərəfindən təmir edilən 5 ədəd lokomotiv də istismara buraxılıb.

Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 ədəd müasir elektrovozun alınmasına dair müqavilə imzalanıb və elektrovozların Bakı-Böyük Kəsik marşrutunda istifadəyə verilməsi planlaşdırılır. Həmçinin Azərbaycan Prezidentinin Fransaya səfəri çərçivəsində həmin elektrovozların standartlara uyğun texniki istismarını təmin etmək üçün Biləcəri qəsəbəsi və Gəncə şəhərində depoların inşasının maliyyələşdirilməsi məqsədilə Fransa İnkişaf Agentliyi ilə kredit müqaviləsi imzalanıb.

Hazırda islahatlar çərçivəsində aparılan sağlamlaşdırma prosesi sərnişin vaqon parkını da əhatə edir. İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ədəd ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 30 vaqonun alınmasına dair təchizat müqaviləsi imzalanıb, maliyyələşməni təmin etmək üçün kredit müqaviləsi ilə bağlı danışıqlar aparılıb.

– Tranzit yükdaşımaların səviyyəsinin yüksəldilməsi istiqamətində hansı işlər görülür?

– Dünya iqtisadi böhranı və region dövlətləri iqtisadiyyatlarının əsas lokomotivi olan karbohidrat resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi həmin ölkələrin yükdaşıma fəaliyyətində də ciddi geriləmə yaradıb. Ancaq buna baxmayaraq, 2015-ci oktyabrın 21-də ölkə Prezidenti tərəfindən verilən müvafiq sərəncam əsasında respublikamızda Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması bu sahədə köklü dəyişikliklərə səbəb olub. Yükdaşıyıcılara vahid tariflər təqdim edilib, bu sahədə ciddi şəffaflıq və açıq rəqabətlilik mühiti yaradılıb.

Respublikanın tranzit potensialının artırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” ölkəmizin digər nəqliyyat strukturları ilə birgə, artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb, marşrutda vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində tədbirlər reallaşdırılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədi ilə Rusiya, Azərbaycan və İran dəmir yolları administrasiyalarının birgə fəaliyyəti nəticəsində İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə 14 gün ərzində sınaq yüklərin daşınması həyata keçirilib və bu yüklərə vahid qiymət siyasətinin tətbiq olunması üzrə razılıq əldə edilib. Bundan başqa, Hindistandan Rusiyaya test olaraq konteynerlər nəql edilib və Hindistan yüklərinin bu dəhlizə daha intensiv və davamlı cəlb olunması üçün qarşı tərəflə ardıcıl iş aparılır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bir qolu kimi, Cənub-Qərb Nəqliyyat Marşrutunun inkişafı üçün iştirakçı ölkələrlə İran-Azərbaycan-Qara dəniz-Avropa və əks istiqamətdə yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün davamlı tədbirlər həyata keçirilir.

Ümumiyyətlə, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, təkcə ötən il ərzində Azərbaycan Respublikası dəmir yolları vasitəsilə 15,4 milyon ton yük daşımağa müvəffəq olub. Xatırladım ki, bu tendensiya ölkəmizdə beynəlxalq yükdaşımalar üzrə aparılan son islahatların bariz nümunəsidir.

Onu da qeyd edim ki, yük daşımalarında sifarişlərin onlayn şəkildə verilməsi və tariflərin onlayn hesablanması xidməti istifadəyə verilib. Eyni zamanda, sərnişinlərin məmnunluğunu təmin etmək məqsədi ilə biletlərin onlayn satışına başlanılıb.

– Xeyrulla müəllim, bu gün, şübhəsiz ki, dəmiryolçuların sosial rifahının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır.

– Möhtərəm dövlət başçımızın Azərbaycanda yürütdüyü müdrik sosial siyasət dəmiryolçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində də əməli işlərin görülməsinə təkan verib. Uzun müddət mənzil növbəsində dayanan 200-ə yaxın dəmiryolçu ailəsi yeni mənzillə təmin olunub. Dəmiryolçuların iş şəraitinin yaxşılaşdırılması məqsədilə “Azərbaycan Dəmir Yolları”nın inzibati binası əsaslı təmir edilərək istismara verilib. Artıq formalaşdırılan və dünya səviyyəsində tanınaraq Azərbaycan brendinə çevrilən “ASAN xidmət” innovasiya sisteminin bir hissəsi olan “ASAN qatar” uğurla fəaliyyət göstərir və qısa müddət ərzində regionlarda 10 mindən çox vətəndaşa xidmət edib.

– Dəmir yollarının perspektiv inkişafı barədə fikirlərinizi də oxucularla bölüşməyiniz maraqlı olardı.

– Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti, son dövr ərzində həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Bununla belə, inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün modernləşmə baxımından daha çox iş görülməlidir. Bu məqsədlə ölkə rəhbərinin tapşırığına uyğun olaraq, dəmir yollarının inkişaf proqramı hazırlanıb. Belə ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama-Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.

– Dəmir yolu turizminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verməyinizi istərdik.

– Bu məsələ dəmiryolu rəhbərliyinin diqqət mərkəzindədir. Fikrimin təsdiqi kimi bir misal deyim. Cari il iyunun 16-18-də “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi və “RailTravel” şirkətinin təşkilatçılığı ilə Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində dəmir yolu turizminin inkişafına dəstək məqsədilə infotur təşkil olunub. Dəmir yolunun inkişafı üçün ilk dəfə həyata keçirilən yeni layihədə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayrılıb. Qatar iyunun 17-də səhər saatlarında Gəncəyə çatdıqdan sonra Bakı-Ağstafa-Qazax sərnişin qatarına, daha sonra isə Qazax-Ağstafa-Bakı sərnişin qatarına qoşulub. Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində təşkil edilən infotur zamanı Göygöl Milli Parkı, “Gəncə qapıları”, “Nizami Gəncəvi” məqbərəsi, “butulka ev”, Şah Abbas Məscidi (XVII əsr), Çökək hamam, Cavad xan türbəsi və “Xan Bağı”na ekskursiyalar təşkil olunub. Ekskursiya zamanı məlumat verilib ki, qatarla səyahət digər nəqliyyat vasitələri ilə müqayisədə maraqlı, rahat, təhlükəsiz, ucuz və komfortludur.

Ümumiyyətlə, Azərbaycanın əksər bölgələrinə, başqa sözlə, cənub, qərb, şimal rayonlarına, habelə Bakı-Batumi, Bakı-Tbilisi istiqamətlərində dəmir yolu vasitəsilə turların təşkil edilməsi nəzərdə tutulub. Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi dəmir yolu turizminin inkişafını daha da sürətləndirəcək.

Qeyd edim ki, turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Son illər ərzində ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülür.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında