Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışmışdır. Bildirmişdir ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz idi. Xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış Qanlı Yanvar, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.
Ziya Yusifzadə baş vermiş qanlı olaylardan dərhal sonra ürəyi hər an Azərbaycanla birgə döyünən ümummilli lider Heydər Əliyevin respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini qeyd etmişdir. O, ulu öndər Heydər Əliyevin faciəni törədənlərin adlarını açıq şəkildə bildirdiyini, onların cəzalandırılmasını tələb etdiyini də xüsusi vurğulamışdır. Natiq məhz Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün imzaladığı sərəncamların şəhidlərin xatirəsinə böyük ehtiram olduğunu bildirmişdir.
Qeyd etmişdir ki, işğal altında qalmış torpaqlarımız düşməndən azad edilməli, dədə-baba torpaqlarından didərgin düşən soydaşlarımız doğma el-obalarına qayıtmalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə yorulmaq bilmədən fəaliyyət göstərir. Ali Baş Komandanın apardığı uğurlu siyasətin önündə getməli, Vətən uğrunda, torpaqlarımızın işğaldan azad olunması naminə qüvvə və bacarığımızı əsirgəməməliyik.
Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev çıxışında bildirmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə Azərbaycan tarixinə hüzn günü kimi daxil olsa da müstəqilliyimizin yolunda yeni mərhələyə çevrilmişdir. Xalqımız öz azadlığı uğrunda mübarizəyə qalxdı və qalib gəldi. Vətənimizin müstəqilliyi üçün canlarını qurban verən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Azadlıq yolunda verdiyimiz qurbanlar, şəhid qanı hədər getməmişdir. Azərbaycanın müstəqilliyi möhkəmlənir, bayrağımız yüksəklərdə dalğalanır. Ölkəmiz sürətlə inkişaf edir. Ordumuzun gündən-günə güclənməsi isə torpaqlarımızın erməni işğalçılarından azad ediləcəyi anı daha da yaxınlaşdırır.
Tədbirdə çıxış edən müdavimlər də 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşmüş, hazırda müdavim, gələcəkdə isə bir zabit olaraq Azərbaycanın müstəqilliyinin dönməzliyi, dövlətimizin daha da qüdrətlənməsi naminə bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə hazır olduqlarını bildirmişlər.
Tədbirin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında