Azərbaycan sabitlik adası kimi əcnəbilərin diqqətini cəlb edir

 

 

 

 

 

 

 

 

 

 


Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun ölkəmizdə olması nəinki yaz-yay, hətta payız-qış istirahətinin də təşkilinə imkan yaradır. Zəngin tarixi, mədəni irsimizə maraq da son illər dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Min bir dərdin dərmanı olan mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan Naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar yaradıb.

Turizm sahəsində Azərbaycanın rəqabət imkanları çox yüksək olduğundan, deyə bilərik ki, regionların inkişafı üçün məhz turizm sənayesi həlledici əhəmiyyət kəsb edir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb və beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.

Mədəniyyət və Turizm Nazirliyinin hesabatlarına görə, 2003--2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin sayı  9,569-dan 32,834-ə yüksəlib. Eyni zamanda, 2003-cü ildə turizm gəlirləri müvafiq olaraq 57,7 milyon dollardan 2013-cü ildə 1479 milyon dollaradək yüksəlib.

Bütün bu irəliləyişlər turizm sahəsində həyata keçirilən dövlət siyasətinin, müvafiq dövlət proqramlarının uğurlu icrası nəticəsində əldə edilib. Lakin Azərbaycana böyük turist axınının başlanması əsasən 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışmasından sonra daha geniş miqyas almağa başlayıb. 2015-ci ildəki ilk Avropa Oyunları, o cümlədən 2016 və 2017-ci illərdə keçirilən “Formula-1” yarışları, eləcə də IV İslam Həmrəyliyi Oyunları ölkəmizə gələn turistlərin artmasında müstəsna rol oynayıb.  2016-cı ildə Azərbaycana, demək olar ki, rekord sayda xarici ölkə vətəndaşı gəlib. Statistikaya görə, ötən il ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 242 min 783 nəfər olub. Bu isə 2015-ci il illə müqayisədə 11,7 faiz artım deməkdir.

Son illərdə Azərbaycanda turizm sektorunun tərəqqisi müvafiq beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Dünya İqtisadi Forumunun 2013--2014-cü illər üzrə “Dünya rəqabətlilik hesabatı”nda qlobal turizmin rəqabət qabiliyyətlilik indeksinə görə, Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qeyd edək ki, 2012--2013-cü illər hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011--2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ölkədə turizmin inkişafı məsələsindən danışarkən demişdir: “Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən “Formula-1” yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək “.

Son illərdə turizm sektorunun sürətlə inkişaf etməsi bu sahədə həyata keçirilən islahatlarla da bağlıdır. Buraya həm müvafiq dövlət strukturlarında aparılan təkmilləşdirmələr, həm də turizm xidmətlərinin müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində görülən işlər daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamına uyğun olaraq 15 regional mədəniyyət və turizm idarəsi yaradılmış və onların fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu regional idarələrin yaradılması mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. İlin ilk altı ayının təhlili göstərir ki, həyata keçirilən islahatlar nəticəsində regionlarda mədəniyyət və turizmin inkişafı istiqamətində işlər daha da sürətlənib.

2017-ci ilin birinci yarısının statistik göstəricilərinə əsasən demək olar ki, bu il də eyni tendensiya davam edir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, cari ilin altı ayı ərzində Azərbaycana 1 milyon 200 minə yaxın turist səfər edib. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 966497 nəfər çoxdur. Bu artım ayrı-ayrı ölkələr üzrə də xeyli fərqlənir. Məsələn, əvvəlki illərlə müqayisədə cari ilin altı ayında Rusiyadan 374491 nəfər, Gürcüstandan 254425 nəfər, İrandan 180103 nəfər, Birləşmiş Ərəb Əmirliklərindən 44196 nəfər çox turist gəlmişdir. Turistlərin çoxluğu digər ölkələrdən gələnlərin sayında da müşahidə edilir. Bu artım digər məsələlərlə yanaşı, bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və “Formula-1” yarışları ilə də bağlı olmuşdur. Qeyd edək ki, ötənilki “Formula-1” yarışı ilə müqayisədə 2017-ci ildə bu yarışı izləmək üçün Azərbaycana gələn xarici vətəndaşların sayı iki dəfə artıq olub və onlar 65 ölkəni əhatə ediblər.

Görülən işlər nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı ilbəil artmaqda davam edir. Deyə bilərik ki, Azərbaycan sabitlik adası kimi əcnəbilərin diqqətini çəkir. Bu il keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Azərbaycan Qran-prisi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın yaratdığı növbəti mükəmməl təşkilatçılıq modeli idi. İstər bu mötəbər layihələrlə bağlı, istərsə də müxtəlif məqsədlərlə əlaqədar ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza sərbəst gəlməsinin və getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli istiqamətində də zəruri tədbirlər görülüb.

Ölkəmizdə turizmin müxtəlif formaları – daxili və xarici turizm, sosial turizm, dini turizm və s. inkişaf edir. Bu gün regional turizmin inkişafı dövlətin sosial siyasətinin aparıcı istiqamətlərindən biridir. Regionlarda turizmin inkişafı üçün kompleks sabit və tənzimlənmiş siyasətin həyata keçirilməsi zəruridir. Sabit regional inkişaf sosial, ekoloji, iqtisadi ehtiyatların sosial istiqamətə yönəldilməsinə şərait yaradır. Son dövrlərdə ekoloji turların təşkili çox geniş yayılmışdır, bunlara təbii qoruqlara səfərlər, trekkinq və alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri, dənizdə çimmək, Xəzəryanı istirahət mərkəzlərində olmaq çox cəlbedicidir. İstər xarici ölkə vətəndaşlarının Azərbaycana istirahətə gəlişi, istərsə də ölkəmizin vətəndaşlarına göstərilən xidmətin təşkilindən çoxlu nümunə gətirmək olar.

Ölkəmizdə turizm sahəsinə dövlət qayğısı gündən-günə artır və turizm iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməkdədir. Hazırda paytaxt Bakıda və digər turist zonalarında çoxlu sayda yüksək xidmət səviyyəsinə malik 500-dən çox mehmanxana fəaliyyətdədir. Azərbaycanın ən məşhur brend şəbəkəli mehmanxanalarından olan “Four Seasons Hotel Baku”, “Hyatt Regency”, “JW Marriott Absheron Baku Hotel”, “Jumeirah Bilgah Beach Hotel”, “Grand Hotel Europe”, “Hilton Baku”, “Badamdar” və digərləri diqqətçəkəndir.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq “Qafqaz” Mehmanxanalar Şəbəkəsini, Qəbələdəki “Gabaland” attraksionlar parkını, Qusar rayonundakı möhtəşəm “Şahdağ” Yay-Qış Turizm Kompleksini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik Olimpiya İdman Kompleksini və digərlərini göstərmək olar.

Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması məqsədilə yaradılan “Şahdağ” Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan bu nəhəng obyektin tikintisi zamanı ölkə başçısının görülən işlərlə yerində tanış olması məqsədilə həyata keçirdiyi səfərlər dövlət tərəfindən turizmə göstərilən qayğının bariz nümunəsidir. Dünyada ən mükəmməl layihələrdən biri olan “Şahdağ” Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Ölkə Prezidenti İlham Əliyev Qusar rayonuna səfərləri çərçivəsində kompleks ərazisində  2012--2013-cü illərdə bir neçə hotelin açılışında iştirak etmişdir. Onu da deyək ki, bir neçə il öncəyə kimi Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir: Qusarda “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

Azərbaycanda turizm sahəsindəki davamlı inkişafın nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyac da sürətlə artmışdır. Ölkədə turizmin inkişafı üçün müasir tələblərə cavab verən kadrların hazırlanması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə ATİ-nin bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Bu, ölkə Prezidentinin təhsilə, turizm sektorunun inkişafına, ümumiyyətlə, ölkədə müasir menecment təcrübəsinin tətbiqinə verdiyi böyük dəstəkdir. Məzunlar bu gün nəinki Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, təhsil alır və vətənimizi uğurla təmsil edirlər.

Turizmin inkişafı üçün mövcud olan dəyərləri qorumaq, bütün regionlarda turizmin balanslaşdırılmış səviyyədə inkişafını təmin etmək, düzgün idarəetmə və turizm ehtiyatlarından səmərəli istifadə mexanizmlərini qurmaq üçün respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən, rəqabətədavamlı turizm xidməti sahələrinin yaradılması zərurəti nəzərə alınaraq, yaxın 10 ildə ölkədə turistlərə xidmət yerlərinin sayının ciddi ölçüdə artırılması nəzərdə tutulur. Turizm sənayesinin inkişafı ilə bağlı aparılmış tədqiqatların nəticələrinə görə, 2020-ci illərdə turizm təhsilinin müxtəlif səviyyələri üzrə ixtisaslaşmış təxminən 70-75 min nəfərə ehtiyac olacaqdır. Məhz bu ehtiyacı ödəmək, regionlarda inkişafı peşəkarlarla davamlı etmək üçün kompleks tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

 

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”
      


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında