Azərbaycanda sosial siyasətin mərkəzində insan amili dayanır

Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Azərbaycan Prezidentinin uğurlu islahatlar kursunun nəticəsi olaraq ölkədə yaşanan sabit inkişaf tempi sosial məsələlərin həlli və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımların atılması ilə müşahidə edilir. Cari ildə də ölkənin ümumi inkişafında sosial müdafiə amili ön planda dayanmaqla, bu sahədə bütün proqramların icrası, sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial təminat sistemi ilə əhatə olunması, bu sistemin səmərəliliyinin artırılmasına və uzunmüddətli dayanıqlılığına yönələn məqsədyönlü islahatların reallaşdırılması təmin edilib.

2017-ci ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 259,4 milyon manat və ya 16,6 faiz artaraq 1822,5 milyon manata yüksəlməsi, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 16,7 faiz və ya 105,3 milyon manat artaraq 1005,7 milyon manat təşkil etməsi və proqnoza 101,7 faiz əməl olunması bunun əyani təsdiqidir. Müsbət haldır ki, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edir və sosial sığorta haqlarının 62,9 faizi və ya 632 milyon manatı qeyri-büdcə sektorundan daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz və ya 56,2 milyon manat çox olmaqla, rüblük proqnozun 105 faiz icra edildiyini göstərir.

DSMF-nin xərcləri cari ilin 6 ayında 1708,1 milyon manat təşkil edib ki, bu vəsaitin 1672,4 milyon manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 1626,6 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 45,8 milyon manat olub. Qeyd etmək lazımdır ki, fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan verib. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı cari ilin əvvəlinə nisbətən 124770 nəfər və ya 3,7 faiz artaraq 2017-cı il 1 iyul tarixinə 3 496 678 nəfərə çatıb. Onlardan 59,5 faizi kişilər, 40,5 faizi qadınlardır.

Sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikası 2017-ci ildə də davam edir.  Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2017-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə uyğun, yəni 12,4 faiz indeksləşdirilərək artırılması həyata keçirilib. Cari ilin iyul ayına ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4 faiz artaraq  224 manata çatıb. Pensiyaçıların sayı isə cari il  iyulun 1-nə olan məlumata görə, 1 milyon 325 min nəfər (ölkə əhalisinin 13,5 faizi) təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alanlardır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin may fərmanı ilə pensiya qanunvericiliyində bu il iyulun 1-dən qüvvəyə minən dəyişikliklər pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərini əhəmiyyətli şəkildə gücləndirib. Bununla da bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsində mühüm faktor kimi vətəndaşların pensiya təminatı sistemində və üzləşə biləcəkləri sosial risklərin səmərəli idarə olunmasında, bu risklərin mənfi nəticələrinin minimallaşdırılmasında daha fəal iştirakı stimullaşdırılır. Qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın həyata keçirilməsi, pensiya təminatı sistemində təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi, sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi və s. kimi mühüm məsələlərin həlli təmin olunur. Eyni zamanda, bu dəyişikliklər başlıca məqsədlərdən biri olan pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına əsaslı təminat verir.

Son illərdə ƏƏSMN-nin fəaliyyət sahələrində yeni yaradılan elektron sistemlər nəticəsində əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində idarəetmə və əhaliyə xidmətlərin müasir və şəffaf şəkildə qurulduğu diqqətə çatdırılıb. Sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılaraq vahid rüblük hesabatla əvəz edilməsi və 2017-ci ilin 1 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması əhaliyə xidmətlərin elektron müstəvidə sadələşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, səmərəli iş mexanizmlərinin tətbiqi yönündə ötən dövrdə aparılan işlərin davamıdır.

Respublikamızda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ilə paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar, onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə dövlət qayğısı həmin insanların sosial ödənişlərlə təminatında və bu ödənişlərin mütəmadi olaraq artırılmasında da aydın şəkildə təsdiqini tapır. Ölkə rəhbərinin müvafiq fərmanı ilə Qarabağ müharibəsi əlilləri 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilirlər. 19 yanvar 2016-cı il tarixli fərmanla qeyd olunan şəxslərə həmin təqaüdün məbləği artırılıb. Beləliklə də, Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdünün məbləği bu təqaüdün təsis edildiyi 2008-ci ildən bəri orta hesabla iki dəfədən də çox artırılıb. Bu təqaüdlə yanaşı, hazırda Qarabağ müharibəsi əlillərinin böyük əksəriyyəti əmək pensiyası, digərləri isə aylıq sosial müavinətlə təmin olunurlar.

Ölkəmizdə bütün sosial proqramlar kimi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı da uğurla icra edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən il 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin yeni mənzillə təminatı həyata keçirilib. Cari ildə də nazirliyin sifarişi ilə Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala Qazax, İsmayıllı rayonlarında inşa olunmuş yeni fərdi yaşayış evləri, ümumilikdə 29 ev bu təbəqələrdən olan insanlara təqdim olunub.

Cari ilin ilk yarımilində respublika əhalisinin 4,4 faizinə və ya 442800 nəfərə aylıq və birdəfəlik sosial müavinət, 58638 nəfərə isə Azərbaycan Prezidentinin aylıq təqaüdləri təyin olunaraq ödənilib. Bu məqsədlər üçün ödənilən vəsaitin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 milyon manat və ya 4,2 faiz artıb. Bu da sosial müdafiə sahəsində dövlət qayğısının ildən -ilə artmasının bir göstəricisidir. 2016-cı ilin 15 fevralından tətbiq olunan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi dövlət sosial yardım sisteminin müasir əsaslar üzərində və tam şəffaf şəraitdə, ünvanlılıq prinsipinə uyğun formalaşmasına imkan verən, ötən müddətdə özünü məhz gözlənilən səviyyədə doğruldan uğurlu təcrübələrimizdən biridir. Sosial yardımın alınması üçün vətəndaşlar tərəfindən edilən elektron müraciətlərə sistem tərəfindən elektron şəkildə baxılaraq qərar qəbulu prosesi normal qaydada davam etdirilir. Həmin elektron sistemin tətbiqi ictimai məmnunluğa səbəb olmaqla ünvanlı dövlət sosial yardımı ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayının da minimuma enməsi ilə nəticələnib.

Əhalinin sosial müdafiəsi işinin digər istiqamətlərində də məqsədyönlü tədbirlər həyata keçirilib. Bu sahədə fəaliyyətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısına layiq şəkildə davam etdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilib. Eyni zamanda sosial cəhətdən həssas əhali qruplarının maddi təminatlarının gücləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların diqqət və qayğı ilə əhatə olunması, sosial xidmətlərin təşkili və digər sahələrdə bir çox işlər görülüb. İlin altı ayında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində dövlət təminatında yaşayanların sayı 1089 nəfər təşkil edib. Bu dövrdə fondun yerli orqanlarının sosial işçiləri tərəfindən 11209 nəfər tənha ahıl və əlillliyi olan şəxsə evlərində sosial məişət xidməti göstərilib. Həmçinin, qeyd etməliyik ki, sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası və insan alveri qurbanlarına ehtiyac duyduqları yardımların təşkili, əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə kömək göstərilməsi və digər aidiyyəti fəaliyyət sahələrində görülən işlər də diqqətdən kənarda qalmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan layihələr üzrə 2000 nəfərdən çox ehtiyacı olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Son 6 ayda əlilliyi olan insanların asudə vaxtının təşkili məqsədi ilə bu təbəqədən olan 906 nəfərin Lənkəran, Xaçmaz və Quba rayonlarında yerləşən istirahət sağlamlıq mərkəzlərində istirahəti təşkil edilib və hazırda da bu işlər davam etdirilir.

Sosial məsələlərin həlli ilə bağlı ölkədə icra edilən proqramlar, həyata keçirilən böyük layihələr, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar ölkənin aztəminatlı təbəqəsinin, əmək pensiyaçılarının, məcburi köçkünlərin, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin  sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir və bu  istiqamətdə atılan mühüm və önəmli sosial addımlar bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti, ilk növbədə, ölkə əhalisinin qayğısına qalır. Bütün xalq görür ki, dövlət başçısının öz vətəndaşına, ölkənin aztəminatlı təbəqəsinə diqqəti, qayğısı daimidir. Azərbaycan Prezidenti üçün insan amili hər şeydən öndə dayanır.

Zərifə BƏŞİRQIZI,
 “Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında