“Məzun evi”: üçüncü bina tikilir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində mənzillə təmin edilmiş valideyn himayəsindən məhrum gənclərin məşğulluğunun artırılması məqsədilə xalça və tikiş sexləri açılıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov bildirib ki, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması, onların mənzillə təmin olunması Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir. Heydər Əliyev Fondunun humanist təşəbbüsü ilə həyata keçirilən böyük sosial əhəmiyyətli layihələrdən biri kimi Abşeron rayonunun Masazır kəndində hər biri 120 mənzilli iki yaşayış binası gənclərin istifadəsinə verilib. Hazırda “Məzun evi” üçün daha bir 120 mənzilli yaşayış binasının tikintisi aparılır. Sevindirici haldır ki, gənclər buraya köçdükdən sonra onların bir çoxu ailə qurub və indi burada yaşayan 51 ailədə 50 nəfərə yaxın uşaq böyüyür. Tikilən növbəti binada onlar üçün uşaq bağçası, binanın ətrafında isə məzunlar üçün idman kompleksi olacaq. Burada məktəb tikilməsi də nəzərdə tutulub.

Nazir qeyd edib ki, “Məzun evi”ndəki gənclərin qarşılaşdıqları problemlərin həlli, cəmiyyətə fəal inteqrasiya olunmaları yönündə konkret tədbirlər görülür. Müəssisədə, habelə ictimai-iaşə xidməti sahələrində burada yaşayan 20 nəfər gənc çalışır. Eyni zamanda, “Məzun evi”ndən 30 nəfər yaşıllaşdırma müəssisəsində, 25 nəfər “Məzun evi” üçün tikilən növbəti binanın inşası işlərində, 10 nəfər yaxınlıqda məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisində, 6 nəfər karton fabrikində işlə təmin olunub. Gənclərdən bir qismi ali məktəblərdə təhsil alır. Ali məktəbləri bitirdikdən sonra ixtisaslı mütəxəssislər kimi onların əmək bazarına çıxışının dəstəklənməsi üçün də zəruri işlər görüləcək.

Xalça sexinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradıldığını qeyd edən nazir bu nəcib işə görə həmin təşkilata minnətdarlığını ifadə edib. Qeyd edib ki, xalça sexində 18, tikiş sexində isə 10 nəfər məzunun məşğulluğu təmin olunub. Onlar ƏƏSMN tərəfindən xalçaçılıq və tikişçilik peşələri üzrə kurslarda həmin peşələrin sirlərini öyrəniblər.

Bildirilib ki, yaxın vaxtlarda “Məzun evi”nin elə özündə bir sıra peşələr üzrə kursların təşkil olunması nəzərdə tutulub.

Çıxış edənlər ölkəmizdə hər iki valideynini itirmiş gənclərin özlərini cəmiyyətin layiqli üzvləri kimi doğrultmaları üçün həyata keçirilən kompleks tədbirlərin hər bir vətəndaşın dövlət rəhbərinin qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu vurğulayıblar.

Xalça və tikiş sexlərində işlə təmin olunmuş gənclər daim qayğı ilə əhatə olunduqlarına, həmçinin, məşğulluqlarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Zərifə BƏŞİRQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında