Yeni təşəbbüs olan özünüməşğulluq proqramı böyük perspektivlər vəd edir

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində yeni təşəbbüs olan özünüməşğulluq proqramının vacibliyinə də diqqət yönəltmişdir. Ölkədə güclü iqtisadi potensiala və yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına yönələn sosial-iqtisadi siyasətin strateji hədəflərindən biri də əmək bazarının inkişafına və hər bir əmək qabiliyyətli vətəndaşın səmərəli məşğulluğuna şəraitin yaradılmasıdır.

Prezidentin sosial-iqtisadi inkişaf strategiyası özəl sektorun genişlənməsi şəraitində respublikamızda əmək resurslarından səmərəli istifadə edilməsi və əhalinin məşğuluğunun təmin olunması istiqamətində də əhəmiyyətli addımların atılmasını şərtləndirib. Ölkəmizdə iqtisadi şaxələndirmə şəraitində əməktutumlu sahələrin yaradılması və çoxsaylı iş yerlərinin açılması həmçinin, əmək resurslarının səmərəli məşğulluğunun təminatında əhəmiyyətli rol oynayır. Bunun nəticəsidir ki, kompleks tədbirləri nəzərdə tutan mühüm dövlət proqramları, sahibkarlığın dəstəklənməsi, əməktutumlu sahələrin yaradılması, qeyri-neft sektorunun genişləndirilməsi, xüsusilə də aqrar sahənin inkişafının stimullaşdırılması və digər tədbirlər son 13 ildə 1,6 milyondan çox iş yerinin açılmasına, əmək bazarında sabitliyə və işsizliyin 5 faizədək azalmasına səbəb olub.

Dövlət başçısının tapşırığı və tövsiyəsi ilə Azərbaycanda əhalinin aztəminatlı hissəsinin məşğulluğunun təmini, yoxsulluq səviyyəsinin aradan qaldırılması istiqamətində də proqramlar həyata keçirilir. Hər ay müəyyən məbləğdə yardım alan ailələr bununla öz ehtiyaclarının müəyyən qismini qarşılamağa müvəffəq olurlar. Məsələn, ötən il orta hesabla 165 min 352 ailə, 692 min 44 nəfər ailə üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilib və bu yardımın bir ailəyə düşən orta aylıq məbləği 151,7 manat, yəni, hər ailə üzvünə görə 36,12 manat olub.

Hələ ötən il Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev aztəminatlı ailələrin özlərinin pul qazanması üçün müəyyən şərait yaradılmalı olduğunu qeyd edərək bildirib: “Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Ünvanlı sosial yardım dayandırılaraq, başqa bir dövlət proqramı ilə əvəz ediləcək. Bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlılıq yaradır. Ələbaxımlılıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıb. Lazım olarsa, daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar”.

Qeyd edək ki, dövlət başçısının aztəminatlı ailələrin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına əsaslı təminat yaradan “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, aztəminatlı ailələrin aktiv əmək bazarı proqramlarına cəlb olunması, özünüməşğulluğunun təmin edilməsi yolu ilə onların yoxsulluq vəziyyətindən çıxarılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əsas fəaliyyət istiqamatlərindən biridir. Sərəncam dövlətin məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açaraq, işsiz və işaxtaran şəxslərin ailə əməyinə, fərdi təsərrüfatlarını yaratmalarına, əmək potensiallarını özünüməşğulluq formasında reallaşdırmalarına, nəticə etibarilə ölkədə məşğulluq imkanlarının daha da artırılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına şərait yaradıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb. Ötən dövrdə ölkədə özünüməşğulluqla bağlı icra olunan ayrı-ayrı pilot layihələr müsbət nəticələnib. Məsələn, Şamaxı rayonunda 11 nəfər əlilliyi olan şəxs istəklərinə uyğun olaraq arıçılıqla məşğul olmaq üçün lazımi avadanlıq və vasitələrlə təmin olunub və arıçılıq təsərrüfatlarını yaradıblar. Müəyyən müddətdən sonra onlar təsərrüfatlarını inkişaf etdirərək daha da genişəndirməklə, həm də gəlirlərini artırıblar. Prezident sərəncamı bu sahədə işləri dövlət səviyyəsində bütün ölkə üzrə daha geniş müstəvidə həyata keçirməyə imkan verib.

Özünüməşğulluq proqramının icra mexanizmini tənzimləmək məqsədilə ƏƏSMN tərəfindən “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili tələbləri” hazırlanaraq qəbul edilib. Həmin sənəd çərçivəsində ilkin mərhələdə ölkəmizin bütün rayon və şəhərləri üzrə bu proqramda iştirak etmək istəyən, 2016-cı il aprelin 1-dək müvafiq rayon (şəhər) məşğulluq mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından özünüməşğulluq üçün potensialı olan insanlar seçilərək, ikiaylıq təlim kurslarına cəlb ediliblər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış beynəlxalq sertifikatlı təlimçilər tərəfindən onlara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib. Kursları başa çatdırdıqdan sonra onların seçdikləri iqtisadi fəaliyyət növü üzrə hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesi həyata keçirilib.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti özünüməşğulluq proqramına yeni təşəbbüs kimi diqqət yetirməyin vacibliyini vurğulayıb: “Qeyd etmək istədiyim sonuncu məsələ də yenilikdir, yeni təşəbbüsdür. Bunun da çox böyük perspektivi və artıq yaxşı nəticələri var. Bu, özünüməşğulluq proqramıdır. Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fonundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik”.

Biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyekiv və şəffaf şəraitdə aparılan qiymətləndirmə nəticəsində həmin şəxslərdən 1400 nəfərin biznes-planları müsbət dəyərləndirilib. Uğurlu hesab edilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrinə aid olub. Keçirilmiş qiymətləndirmələrin nəticələri bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-in rəsmi internet saytında “Aktiv əmək bazarı proqramları” adlı bölmədə yerləşdirilib. Qeyd edilir ki, cari ilin fevral ayından etibarən uğurlu biznes-planların reallaşdırılması üçün aktivlərin, yəni mal və materialların verilməsinə başlanılıb. Artıq Tərtər, Laçın, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Bərdə, Ağdam, Neftçala, Yevlax, Füzuli, Cəbrayıl, Biləsuvar, Saatlı, Şirvan, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara, Yardımlı, Salyan, Qəbələ, İsmayıllı, Göyçay, Ağsu, Ağdaş, Kürdəmir, Mingəçevir, Naftalan, Gəncə, Samux, Daşkəsən, Tovuz, Ağstafa, Xocalı, Zəngilan, Şuşa, Qusar, Quba, Siyəzən, Şabran, Şamaxı və başqa şəhər və rayonlar üzrə işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını qurmaları məqsədilə aktivlərlə təminatı həyata keçirilib və hazırda da bu işlər davam etdirilir. ƏƏSMN tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ötən dövrdə aktivlərlə, yəni mal və materiallarla təmin edilmiş vətəndaşların hər biri bu aktivlər hesabına biznes-planlarını tələb olunan səviyyədə reallaşdırıb, ailə təsərrüfatlarını qurublar. Yeni yaradılan təsərrüfatların fəaliyyəti ailə əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin eyni məqsədə yönələn səmərəli məşğulluğuna imkan yaradır. Həmin təsərrüfatların böyük əksəriyyəti istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edir ki, bu da ölkədə daxili bazarın yerli məhsullarla təmin edilməsində vacib amillərdəndir. Eyni zamanda, bu işlər ailə təsərrüfatlarının sayının getdikcə artması ilə müşahidə olunur. Qeyd olunanlar özünüməşğulluq proqramının gözlənilən səviyyədə özünü doğrutduğunu və müsbət nəticələr verdiyini göstərir. Təbii ki, bu uğurlu təcrübə gələcəkdə bu sahədə tədbirlərin geniş şəkildə davam etdirilməsinə əsas yaradır.

Hazırda ölkəmizdə müstəqil işsizlik sığortası sisteminin yaradılması işləri aparılır. “İşsizlikdən sığorta haqqında” qanunun layihəsi Milli Məclisdə qəbul edilib. Həmin qanunun qəbul olunması işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bərabər, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının gələcəkdə daha da genişlənməsinə əsaslı təminat yaradacaq.

ƏƏSMN-dən bildiriblər ki, ölkəmizdə bir neçə il bundan əvvəl pilot olaraq həyata keçirilən “Özünədəstək” proqramının uğurlu nəticələri olub. Bu məqsədlə hökumət tərəfindən 300 ailəyə birdəfəlik yardım verilib. Həmin ailələrdən yalnız 15-nin qurduğu iş alınmayıb. Araşdırma nəticəsində məlum olub ki, bəzi ailələr hətta işlərini genişləndirərək, əlavə işçilər də cəlb ediblər. Məsələn, ünvanlı sosial yardım alan avtoçilingər ailəsinə “Özünədəstək” proqramı çərçivəsində birdəfəlik yardım olunmuşdu. Bu ailə şəxsi işini qurmuş və əlavə olaraq 2 nəfəri də işə götürmüşdü. Yəni, əmək qabiliyyətli insanlar dövlət dəstəyi sayəsində özünüməşğulluq proqramına cəlb edilməklə, öz bizneslərini qura, maddi imkanlarını genişləndirə bilərlər.

Özünüməşğulluq proqramı aztəminatlı ailələrin kasıblıqdan çıxması üçün nəzərdə tutulan proqramdır. Bu layihə imkan verir ki, ailə dövlət dəstəyi sayəsində öz zəhməti hesabına kasıblıq həddindən çıxsın və gələcəkdə dövlətdən yardım almadan dolana bilsin. Bu proqram vətəndaşın məşğulluq problemini də həll edir.      Yəni, insan əvvəl evində oturub işləmədən 150-170 manat yardım alırdısa, bu gün dövlət dəstəyi ilə öz bisnesini qurur. Öz işi olur, öz gəlirini tədricən artırmaq imkanı əldə edir. Həm işləyir, həm də işləyərək yardım almadan öz dolanışığını təmin edir. Sözsüz ki, bu proqram ünvanlı sosial yardım ilə paralel şəkildə davam etdirilərsə, getdikcə səmərə verdikcə istənilən və gözlənilən nəticəyə çatmaq olar.  

Müşavirədəki yekun nitqində cənab Prezident məhz bu məsələyə diqqət artırılmasını vacib hesab edir və bildirir ki, bütün imkanlardan istifadə etməklə çalışmaq lazımdır ki, əhalinin dolanışıq səviyyəsi yüksəlsin, hər ailənin qazanc mənbəyi olsun, işsizlik aradan qaldırılsın. “Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq”.

Əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili işlərinin davam etdirildiyini bildirib: “Özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 660 nəfərdən çox şəxsin biznes-planlarına uyğun şəkildə aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilib. Hər gün bu proses davam edir və aktivlərlə təmin edilənlərin sayı da hər gün artır. Müsbət haldır ki, aktivlərlə təmin olunmuş şəxslər biznes-planlarında nəzərdə tutulan qaydada ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını və bununla da özünüməşğulluq fəaliyyətlərini gözlənilən səviyyədə qurublar”.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında