Bakı polisi cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirir

Yanvarın 17-də daxili işlər naziri general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2010-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan general-polkovnik Ramil Usubov bildirmişdir ki, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, müdafiə potensialının güclənməsi, iqtisadiyyatın sürətli inkişafı, xalqın sosial-rifahının yaxşılaşması Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü xarici və daxili siyasətin nəticəsidir. Respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının mühüm rolu vardır. Bu nailiyyətlərin əldə olunmasında DİN-in əsas strukturlarından olan Bakı şəhər BPİ-nin də xüsusi xidmətləri olduğunu deyən nazir ötən müddət ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının yüksək səviyyəyə çatdığını, maddi-texniki təminatın qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini, bu istiqamətdə lazımi tədbirlərin bundan sonra da görüləcəyini bildirmişdir.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir.
Bildirmişdir ki, həyata keçirilmiş bu və digər tədbirlər sayəsində, paytaxtda cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində müəyyən müsbət nəticələr əldə edilmiş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin olunmuşdur. Belə ki, 2010-cu ildə Bakı şəhərində baş vermiş cinayətlərin sayı 1,6 faiz azalaraq, ümumən 10.612 cinayət təşkil etmişdir ki, onların da 86,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13,3 faizi ağır və xüsusilə ağır cinayətlərdir.
Qabaqlayıcı-profilaktik tədbirlərin daha səmərəli təşkili nəticəsində 2009-cu illə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin sayı 7,8 faiz, o cümlədən quldurluq 7,7 faiz, soyğunçuluq 19,8 faiz, zorlama 6,5 dəfə, adam oğurluğu 7 dəfə, şəxsi əmlak oğurluğu 1,3 faiz, dələduzluq 6,3 faiz azalmışdır. 2010-cu ildə icraatda olmuş cinayət işləri üzrə cinayətlərin 79 faizinin, o cümlədən onların ağır növlərinin 75,9 faizinin açılması təmin olunmuş, qəsdən adam öldürmələrin 97 faizi, ölümə qəsdlərin 94,7 faizi, zorlamaların və hədə-qorxu ilə tələb etmələrin hamısı, ölümlə nəticələnən yol- nəqliyyat hadisələrinin 94,8 faizi açılmışdır. Əvvəlki illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin açılması 12,3 faiz, qəsdən sağlamlığa xəsarət yetirmələrin açılması 5,5 faiz, dövlət və bələdiyyə əmlakı oğurluğu cinayətlərinin açılması 13,6 faiz yaxşılaşmışdır. Cinayətə meyilli şəxslər ətrafında əməliyyat tədbirləri genişləndirilmiş, 96 quldurluq və soyğunçuluq törətmiş 91 nəfərdən ibarət 35 cinayətkar qrup, 38 mənzil oğurluğu törətmiş 52 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa edilmişdir. Cinayət məsuliyyətindən yayınan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilmiş, axtarışda olanların 71,8 faizinin, o cümlədən ötən illərdən axtarılan 94 nəfərin tutulması təmin edilmiş, axtarış tədbirlərinin səmərəli təşkili nəticəsində keçən illə müqayisədə cari ilin əvvəlinə olan qalıq 23 nəfər azalmışdır.
Ümumbəşəri bəlaya çevrilmiş narkomaniyaya qarşı mübarizə çərçivəsində ötən il qanunsuz dövriyyədən 138 kiloqramdan artıq narkotik vasitə çıxarılmış, belə fəaliyyətlə məşğul olan 56 cinayətkar qrup ifşa olunmuş, 2009-cu illə müqayisədə cinayətkarlardan daha çox tiryək və heroin götürülmüşdür. Həmişə olduğu kimi, paytaxtda ictimai asayişin qorunması və əmin-amanlığın təmin edilməsi işi də ciddi nəzarətdə saxlanılmışdır. Post-patrul xidmətinin əməkdaşları tərəfindən qanunsuz aksiyaların qarşısı alınmış, bu müddətdə şəhər miqyasında keçirilən kütləvi tədbirdə nümunəvi ictimai asayiş yüksək səviyyədə təmin olunmuşdur. Eyni zamanda, ictimai hüquq qaydalarının, o cümlədən yol hərəkəti qaydalarının pozulması ilə bağlı 463 minə yaxın inzibati protokol tərtib edilərək müvafiq tədbirlər görülmüşdür. Əvvəlki illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı bütövlükdə 3,2 faiz, yaralananların sayı 8,6 faiz azalsa da, təəssüf ki, ölümlə nəticələnən hadisələrin sayı 2,6 faiz, həlak olanların sayı isə 5,9 faiz artmışdır.
Həmişə olduğu kimi, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu məsələlərinə də xüsusi önəm verilmişdir.
Tənqid və özünütənqid ruhunda keçən müşavirədə qazanılmış uğurlarla yanaşı, bəzi nöqsan və çatışmazlıqların da olduğu vurğulanmışdır. Məruzə ətrafında çıxış edənlər görülmüş işlər barədə danışmış, nöqsanların qısa müddətdə aradan qaldırılması üçün səylərini əsirgəməyəcəklərini bildirmişlər.
Müşavirəyə yekun vuran R.Usubov tapşırıq və tövsiyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərmişdir. Nazir demişdir ki, əməkdaşların peşəkarlığının və fiziki hazırlığının artırılması, nizam-intizamın daha da gücləndirilməsi, onların cinayətkarlığa qarşı mübarizənin müasir forma və üsullarını mənimsəməsi ilə bağlı göstərişlər yüksək səviyyədə yerinə yetirilməli, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq üçün müasir dünya təcrübəsindən və informasiya texnologiyalarından səmərəli şəkildə istifadə olunmalıdır.
General-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, Bakı Baş Polis İdarəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizə sahəsində bundan sonra da əlindən gələni edəcək, paytaxtda əmin-amanlığın, ictimai asayişin nümunəvi təmin olunması istiqamətində qarşıya qoyulan bütün vəzifələri, göstərişləri layiqincə yerinə yetirəcək, sabitliyin və təhlükəsizliyin keşiyində həmişə ayıq-sayıq dayanacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında