2010-cu ildə Azərbaycan Respublikasının icmal büdcəsinin gəlirləri 19,3 milyard manat və ya 125,2 faiz icra olunmuşdur. Bu, 2009-cu ilə nisbətən 4,9 milyard manat, başqa sözlə 33,7 faiz çoxdur. İcmal büdcənin xərcləri 94,7 faiz - 13,5 milyard manat və ya 2009-cu ilə nisbətən 1,3 milyard manat çox olmuşdur.
Maliyyə Nazirliyindən bildirmişlər ki, 2010-cu ilin icmal büdcəsi 1,2 milyard manat profisitlə proqnozlaşsa da, faktiki olaraq 5,8 milyard manat profisit olmuşdur. Dövlət büdcəsinin mədaxili 99,1 faiz, 2009-cu illə müqayisədə isə 10,4 faiz çox icra edilmişdir.
2010-cu ildə dövlət büdcəsinin xərcləri 2009-cu illə müqayisədə 12 faiz çox - 11,8 milyard manat olmuşdur.
Əvvəlki ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 11,6 faizədək çox vəsait yönəldilmişdir. Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 31,5 faizi sosialyönümlü xərclərin maliyyə təminatına sərf edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 3,3 faiz çoxdur.
Ölkənin müdafiə potensialının gücləndirilməsi məqsədi ilə 2010-cu il dövlət büdcəsinin cari, əsaslı xərclərindən və ehtiyat fondlarından üst-üstə 2,2 milyard manat vəsait yönəldilmişdir.
2010-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərcləri 4,1 milyard manat icra olunmuşdur ki, bu da 16,3 faiz çoxdur. Bu mənbədən sosial təyinatlı layihələrə 508 milyon manat, infrastruktur təyinatlı layihələrə 1,9 milyard manat, müdafiə və digər təyinatlı layihələrə isə 1,7 milyard manat vəsait sərf edilmişdir.
Hesabat dövründə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binalarının tikintisinə, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Ağdaş rayonlarında və Şəki şəhərində yeni xəstəxanaların, Bakı sağlamlıq mərkəzinin tikintisinə, Ağcabədi, İmişli, Saatlı, Qusar, Sabirabad rayonlarında avtomobil yollarının yenidən qurulmasına, kütləvi informasiya vasitələrinə maliyyə yardımı və mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış evlərinin tikintisinə və digər dövlət əhəmiyyətli tədbirlərə 159,5 milyon manat vəsait yönəldilmişdir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasına 2010-cu il dövlət büdcəsindən 106 milyon manat vəsait yönəldilmiş, Dövlət Taxıl Fonduna tədarük edilməsi üçün idxal olunan taxıl və taxıl emalı məhsulları əlavə dəyər vergisindən azad edilmişdir.
Hesabat dövründə sahibkarlara maliyyə dəstəyinin artırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən 44 milyon manat vəsait yönəldilmişdir. 2010-cu ildə dövlət büdcəsindən "Aqrolizinq" Səhmdar Cəmiyyətinə 40 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır.
Hesabat ilində "Standard & Poor's" reytinq agentliyi Azərbaycanın reytinqini dəyişməyərək 2009-cu ilin səviyyəsində saxlamış, "Fitch" agentliyi iqtisadi perspektivi "Stabil" saxlayaraq, Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kreditlər üçün reytinqini "BB+" səviyyəsindən ilk investisiya səviyyəsinə, yəni "BBB-" səviyyəsinə qaldırmışdır.
Dövlət büdcəsi prosesinin şəffaflığının səviyyəsi ilə bağlı 100-ə yaxın ölkədə sorğu aparan nüfuzlu Beynəlxalq Büdcə Əməkdaşlığı təşkilatının hesabatında isə Azərbaycanın büdcə sahəsində həyata keçirdiyi islahatlar və məqsədyönlü tədbirlər müsbət qiymətləndirilərək 100 ballıq şkala üzrə ölkəmizin göstəricisi 6 bal artırılaraq 43 bala çatdırılmışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.