Neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı 78 faizdən 90 faizədək yüksəlib

2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin (DMX) iştirakı ilə imzalanmış ““BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”a əsasən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi qərara alınıb.

DMX-nin mətbuat xidmətindən bildiriblər ki, Milliləşdirmə siyasəti ilə bağlı əldə olunan nəticələrə dair BP və Dövlət Neft Şirkəti (SOCAR) nümayəndələrinin təqdimatla çıxış etdiyi görüşdə bu sahədə əldə olunan uğurlar diqqətə çatdırılıb.

DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayıb. Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən DMX əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlətimizin başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq, Azərbaycanın inkişafından, ilk növbədə, ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. DMX milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görməkdədir.

F.Nəbiyev diqqətə çatdırıb ki, daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na görə işəgötürənlər hər il mayın  1-dək DMX-yə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim etməlidirlər.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədovun, BP Azərbaycan şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzovanın və xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin iştirak etdiyi görüşdə vurğulanıb ki, neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə artıq bir neçə ildir ki, DMX tərəfindən ciddi nəzarət  olunur. Çünki, “BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”da bu sahəyə nəzarətin gücləndirilməsi prioritet olaraq müəyyən olunub. 2014-2018-ci illəri əhatə edən plana uyğun olaraq, milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayının 78 faizdən 90 faizədək yüksəldilməsinə nail olunub. 2018-ci ilə bu sahədə milli kadrların 95 faiz təşkil etməsi hədəf olaraq müəyyənləşdirilib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında