Sumqayıtda “Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov dünən Sumqayıt şəhərində fəaliyyət göstərən bir qrup sahibkar və iri vergiödəyicilərinin nümayəndələri ilə görüşdü. Əli Əhmədov çıxışında diqqəti əvvəlcə son illər ölkəmizin sosial-iqtisadi sahələrində nəzərə çarpan göstəricilərə yönəltdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra apardığı məqsədyönlü siyasəti inamla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır.

Baş nazirin müavini diqqətə çatdırdı ki, dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyəti onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

Əli Əhmədov vurğuladı ki, respublika iqtisadiyyatının bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıb. Azərbaycanda reallaşdırılan iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəldilib.

Baş nazirin müavini daha sonra dedi ki, bu gün Azərbaycan iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Son illərdə dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorundan gələn gəlirlərin xüsusi çəkisinin yüksələn xətlə artması məhz aparılan siyasətin müsbət nəticələrinin təzahürləridir.

“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, hazırda ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilməsi özəl sektorun inkişafında önəmli rol oynayır.

Baş nazirin müavini Əli Əhmədov çıxışında, eyni zamanda, bildirdi ki, ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının böyük uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti var.

Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə cənab Prezidentin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına təkan verib. Təkcə keçən il və cari ilin ötən aylarında bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm tədbirlər həyata keçirilib, elektron xidmətlərin sayı xeyli artırılıb.

Əli Əhmədov daha sonra diqqətə çatdırdı ki, hazırda Azərbaycan iqtisadiyyatının sürətli inkişafı göz önündədir. Son 12 il ərzində iqtisadiyyatın 3,5 dəfə artması qürur duyulan bir haldır. İqtisadi inkişaf nəticəsində əldə olunan resurslar sayəsində Azərbaycanda əhalinin rifahı yaxşılaşıb, sözügedən dövrdə 1 milyon 600 min iş yeri açılıb, yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb. Əməkhaqları 3 dəfədən çox artıb, məktəblərin, səhiyyə müəssisələrinin tikintisi həyata keçirilib. Şəhər və qəsəbələrdə böyük abadlıq-quruculuq işləri görülüb.

Baş nazirin müavini vurğuladı ki, bundan sonra nəzərdə tutulan işlərin həyata keçirilməsi yenə də iqtisadi inkişafla bağlıdır. Çünki cənab İlham Əliyevin apardığı siyasətin hədəfində iqtisadi inkişaf dayanır. Gələcəkdə Azərbaycanda iqtisadi sahədə köklü islahatların reallaşdırılması nəzərdə tutulub. Bu günə qədər dövlətimiz iqtisadi sahədə təbii resurslara istinad edirdi. Eyni zamanda, bu məsələdə səmərəliliyə xüsusi önəm verirdi. Bundan sonra da mövcud prinsip qorunub saxlanılacaq. Amma bu məsələdə digər ehtiyatlardan da istifadə olunacaq. Bu isə iqtisadiyyatın diversifikasiyasına, tükənməyən resurslara əsaslanılaraq iqtisadi inkişafın yeni mərhələsinin başlanması deməkdir. Belə şərait, təbii ki, iş adamlarının məsuliyyətini, fəallıq əmsalının yüksəldilməsini tələb edir.

Baş nazirin müavini çıxışında narahatlıq doğuran bir məqama da toxundu. Xatırlatdı ki, bu gün Azərbaycan əhalisinin 4,6 milyon nəfəri iqtisadi cəhətdən fəaldır. Bunlardan 1,5 milyon nəfəri iqtisadi fəaliyyətini rəsmiləşdirib. İqtisadi fəaliyyətini tənzimləməyən insanların 70-75 faizinin isə əmək müqaviləsi yoxdur. Belə bir halın müşahidə edilməsi isə təəssüf ki, ciddi narahatlıq doğurur. Başqa sözlə, bu, bir tərəfdən büdcənin formalaşmasına mənfi təsir göstərir, digər tərəfdən isə insanların gələcəkdə pensiya hüquqlarının pozulmasına indidən zəmin hazırlayır. Azərbaycan hökuməti isə çalışır ki, vətəndaşların pensiya hüquqları pozulmasın, gələcəkdə onlara düşməli olan pensiyanı ala bilsinlər.

Əli Əhmədov bildirdi ki, sahibkarlarla görüşün əsas məqsədi də bu narahatlıq doğuran vəziyyətin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi üçün müzakirələr aparmaqdır. O, eyni zamanda, xatırlatdı ki, bəzən işəgötürənlər işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər. Bu səbəbdən hökumət əmək münasibətlərinin tənzimlənməsinə ciddi fikir verir ki, gələcəkdə pensiya alanların hüquqları pozulmasın. Bu, tamamilə ədalətli yanaşmadır. Belə halın aradan qaldırılması üçün yollar tapmalıyıq. Əks təqdirdə, pensiya yaşına çatanda vətəndaşlar sahibkarları, iş adamlarını məhkəməyə verərək, öz haqlarını tələb edəcəklər. Hər bir vətəndaşın buna tam haqqı var. Bu baxımdan sahibkarlar zəruri addımları indidən atmalıdırlar.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında