Şriftin ölçüsü:
14.01.2011 11:07 | Oxunma sayı: 563
{nl}
Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərində 2010-cu ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilmişdir. Hər iki toplantıda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı istiqamətində əsaslı tədbirlər həyata keçirilmişdir. Paytaxtın mərkəzi rayonu olan Səbailin Badamdar və Bibiheybət qəsəbəsində də bu yöndə bir sıra işlər görülmüşdür.
Səbail rayonu rəhbərliyinin, təsərrüfat, xidmət və icra qurumları təmsilçilərinin, ziyalı və ağsaqqalların, bələdiyyə üzvləri və sakinlərin iştirakı ilə keçirilən yığıncaqlarda ötən ilin yekunları müzakirə olunmuş, görülmüş işlərdən söz açılmış, 2011-ci il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Bibiheybət qəsəbə nümayəndəliyinin toplantısında hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi Natiq Bağırov bildirmişdir ki, özünəməxsus tarixi olan Bibiheybət qəsəbəsində 2150 nəfər yaşayır, əlavə, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. Ötən il görülmüş quruculuq işlərindən söz açan natiq qeyd etmişdir ki, 2010-cu il noyabr ayının 8-də "Bakı - Ələt avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarının arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması" layihəsinin icrası ilə bağlı Prezident İlham Əliyevin iştirakı ilə qəsəbə yaxınlığında yeni yol istifadəyə verilmişdir. Bu yol qəsəbə və paytaxtın mərkəzinə gediş-gəlişi asanlaşdırmış, sakinlərin razılığına səbəb olmuşdur.
2010-cu ilin yay aylarında rayon icra hakimiyyətinin rəhbərliyi ilə Salyan yolu boyunca hasarlarda və çoxsaylı tikililərin fasadında təmir-bərpa işləri aparılmışdır. Qəsəbə mədəniyyət evi cari təmir olunaraq bura yeni mebel dəsti alınmışdır. Xeyir-şər yerində su çəni quraşdırılmış, 50 saylı orta məktəbin istilik sistemi və məcburi köçkünlərin yaşadığı "Şıx" sanatoriyasının dam örtüyü əsaslı təmir olunmuşdur.
Rayon icra hakimiyyəti başçısının keçirdiyi açıq qəbullar zamanı sakinlərin müraciətləri ilə bağlı qəsəbənin girişində bankomat, yeni işıqfor və dayanacaq quraşdırılmışdır. Hazırda Salyan yolu - 32 ünvanda piyadalar üçün keçid tikilir. Qəsəbədə yeni böyük diametrli kanalizasiya, 100 metr su və 100 metr elektrik, 660 metr qaz xətləri çəkilmişdir. 2 yeni qaztənzimləyicisi quraşdırılmışdır. "Şahinbağ" yaşayış massivində 7200 kvadratmetr sahəyə asfalt salınmışdır. Ötən ilin may ayında II Dünya müharibəsində Qələbənin 65 illiyinin qeyd olunduğu günlərdə rayon icra hakimiyyəti tərəfindən qəsəbənin girişində yeni abidə kompleksinin açılış mərasimi keçirilmişdir.
Rayonun Badamdar qəsəbəsində keçirilən yığıncaqda Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Nurəddin Abbasov hesabat vermişdir. Qeyd olunmuşdur ki, qəsəbədə 21 mindən çox əhali yaşayır. 2010-cu ildə qəsəbədəki 236 saylı orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılaraq sentyabr ayının 7-də obyekt istifadəyə verilmişdir.
İl ərzində rayon icra hakimiyyəti tərəfindən Badamdar mədəniyyət evi əsaslı təmir olunmuşdur. Səbail Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi açıq qəbullar zamanı vətəndaşların müraciətləri nəzərə alınaraq Neftçilər küçəsində "yolkalıq" adlanan sahədə 2 istirahət bağı yaradılmışdır. Burada xeyir-şər mərasimləri və digər tədbirlər keçirilməsi üçün nəzərdə tutulan müasir dizaynlı bina inşa olunmuşdur. "Abad həyət" layihəsi əsasında Badamdar qəsəbəsində il ərzində 9 həyətdə əsaslı təmir-abadlıq işləri başa çatdırılmışdır. Həyətlərdə mini futbol və voleybol meydançaları, söhbətgahlar, oturacaqlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmışdır. Dəhliz qapıları dəyişdirilmiş, həyətlərə asfalt salınmışdır. Binaların fasadı təmir olunaraq rənglənmişdir. Həyətlərdə yeni ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır.
İl ərzində rayon icra hakimiyyəti tərəfindən Badamdar qəsəbəsində 50200 kvadratmetr sahəyə yeni asfalt qatı salınmışdır. Rayonun təsərrüfat xidmətlərinin köməyi ilə 1035 metr kabel xətti və 6000 metr naqil çəkilmiş, 10 kv-luq şəbəkə qurulmuş, 1-ci yaşayış massivində SİP xətti çəkilmişdir. 6 kv-luq transformator daha tutumlusu ilə əvəz olunmuş, 4 transformator məntəqəsi əsaslı təmir edilmiş, 1 yeni transformator məntəqəsi istifadəyə verilmişdir. Əhalinin təbii qaz və içməli su təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülmüşdür.
Oğuz - Qəbələ - Bakı su kəmərinin istifadəyə verilməsi ilə əlaqədar Badamdar qəsəbəsi 3-cü yaşayış massivində "Azərsu" SC 10 yeni su anbarının inşasına başlamış və artıq 2 anbar istifadəyə verilmişdir. Kəmərin işə düşməsi ilə Səbail rayonunun Badamdar qəsəbəsi, Bayıl və 20-ci yaşayış sahələrində yaşayanların içməli su ilə təminatı daha da yaxşılaşacaqdır. Bu işlər tam həcmdə həyata keçiriləndən sonra günaşırı su alan Badamdar qəsəbəsinin sakinləri gün ərzində su ilə təmin olunacaqlar.
Badamdar və Bibiheybət qəsəbələrində keçirilən yığıncaqlarda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərinin qəsəbələrinə göstərdiyi diqqət və qayğıdan, gələcəkdə Badamdar və Bibiheybət qəsəbələrinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlar səviyyəsinə çatdırılması üçün görüləcək işlərdən danışmışdır. A.Əsgərov keçən il rayonda qazanılmış uğurlar və həyata keçirilmiş sosial yönümlü layihələr barədə də geniş məlumat vermişdir. O, bildirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə, Badamdarda "Abad həyət" layihəsi çərçivəsində növbəti məhəllənin abadlaşdırılmasına və yeni idman kompleksinin tikintisinə başlanacaqdır. Qəsəbədə ümummilli lider Heydər Əliyevin büstünün ucaldılacağı parkın əsaslı yenidənqurulması üçün RİH-də layihələndirmə və hazırlıq işləri aparılır.
Müzakirələrdə sakinlər, ağsaqqallar, ziyalılar çıxış edərək təklif və mülahizələrini söyləmiş, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərin həcminin artması və qəsəbələrin inkişafına göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.
{nl}
R.TAHİR, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.