Azərbaycanda radikal dindarların və onların havadarlarının bəd niyyətləri baş tutmayacaq

{nl}

Milli-mənəvi dəyərlərə daim sadiq olan, tolerantlığı ilə tanınan xalqımız və qüdrətli Azərbaycan dövləti buna imkan verməyəcək
Azərbaycanda vətəndaş birliyi, vətəndaş həmrəyliyi vardır. Azərbaycanda dini, milli məsələlərin həllində çox böyük uğurlar vardır. Bu, bizim böyük sərvətimizdir, böyük nailiyyətimizdir. Biz bunu yüksək qiymətləndiririk.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

{nl}


Son illərdə ölkəmizdə gedən sürətli iqtisadi-sosial yüksəliş bütün dünyanın diqqətini cəlb edir. Qlobal maliyyə böhranın fəsadlarının hələ tam aradan qalxmadığı bəzi ölkələrdə əhalinin yaşayış səviyyəsi sürətlə aşağı düşdüyü halda, Azərbaycanda, əksinə, güzəran yüksəlir, yoxsulluğun səviyyəsi durmadan azalır, insanların sosial vəziyyəti hər gün daha da yaxşılaşır. Ölkəmizdə sabitliyin və tolerantlığın olması da dünya ölkələrinin diqqətindən yayınmır. Həqiqətən də, bu gün Azərbaycanda bir çox ölkələrdə mövcud olmayan siyasi sabitlik mövcuddur.
Tolerantlığa gəlincə, ictimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük çox yüksək səviyyədə olmuşdur. Bu, Azərbaycan xalqının sahib olduğu yüksək mədəni dəyərlərdən irəli gəlir. Eyni zamanda, bu gün ölkəmizdə yaranmış normal vəziyyət müstəqil dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin və Azərbaycanda fəaliyyət göstərən dini qurumların faydalı işinin nəticəsidir.
Ölkəmiz İslam dünyasının bir parçasıdır və öz milli, dini ənənələrinə sadiqdir. Azərbaycan İslam Konfransı Təşkilatına üzv olmaqla yanaşı, bəzi Avropa təşkilatlarının da üzvüdür. Qərb və Şərqin qovuşduğu məkanda açar rolunu oynayan Azərbaycanda mövcud olan nadir imkanlar müstəqillik dövründə də inkişaf etdirilib. Ölkəmizin Konistitusiyasında və dövlət siyasətini müəyyənləşdirən digər qanunlarda bütün insan azadlıqları, o cümlədən vicdan və din azadlığı da yüksək səviyyədə qorunur. Müxtəlif millətlərə və dinlərə mənsub olan yüzlərlə Azərbaycan vətəndaşı bunu gündəlik həyatında hiss edir, praktiki işlərlə, konkret proqramlarla yaradılan şəraitdən bəhrələnir.
Milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı ictimai-siyasi və iqtisadi həyatda fəal iştirak edir. Bu gün Azərbaycanda həm məscidlər, həm provaslav və katolik kilsələri, həm də sinoqoqlar tikilir, təmir olunur. Yüzlərlə tarixi, dini abidə bərpa edilir. Ölkəmizdə gedən sürətli iqtisadi inkişaf, quruculuq-abadlıq işləri milli azlıqların yaşadığı bölgələrdə də bərabər səviyyədə hiss olunur. Bu yolla çoxmillətli ölkə olan Azərbaycanın təkcə sosial-iqtisadi sahədə deyil, başqa sferalarda da inkişafı təmin olunur.
2009-cu ildə Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. Bu, bizim üçün böyük şərəfdir. Bir sıra dünya siyasətçiləri, həmçinin benyəlxalq təşkilatlar da Azərbaycanın Şərq və Qərb arasında körpü rolunu oynadığını vurğulayıblar. Ölkəmizdə Avropa dəyərləri də, islami dəyərlər də qorunur, yaşadılır. Bu mənada bir çox ekspertlər də belə hesab edir ki, gələcəkdə Bakı Avropa mədəniyyətinin paytaxtı da elan edilə bilər. Təvazökarlıqdan uzaq olsa da, etiraf edək ki, ölkəmizin yerləşdiyi coğrafi məkan, dövlət səviyyəsində həyata keçirilən uğurlu siyasət, həmçinin xalqımızın tarixi keçmişi, sahib olduğu milli-mənəvi dəyərlər buna imkan verir. Çünki heç vaxt Azərbaycanda dini zəmində heç bir münaqişə və qarşıdurma olmamışdır. Əminik ki, bundan belə də olmayacaqdır. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, ölkəmizin inkişafı üçün fəal çalışırlar.
Təəssüf ki, Azərbaycanda hələ də bəzi daxili qüvvələr ölkəmizin inkişafı üçün yox, xaosun, anarxiyanın yenidən meydana çıxması üçün səy göstərirlər . Onlar hər vasitəyə əl atsalar da buna nail ola bilmədiklərini gördükləri üçün bu dəfə dini öz çirkin siyasətlərinə alət etməyə çalışırlar. Yaradılmış demokratik şəraitdən sui-istifadə edən bir sıra yerli radikal dindarlar xarici dairələrin dəstəyi və təhriki ilə dini sabitliyi pozmaq, ölkəni dinlərarası ziddiyyətlər meydanına çevirmək istəyir, Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək məqsədilə əməli tədbirlər həyata keçirməyə cəhd göstərirlər.
Belələri tərəfdar toplamaq və dünyagörüşü tam formalaşmamış gəncləri öz tərəfinə çəkmək üçün özünü din təəssübkeşi kimi ictimaiyyətə təqdim edir, radikal çıxışlar edirlər. Bu yolla bəzi xarici dövlətlər tərəfindən ölkəmizdə qarşıdurma yaradılması niyyətindən xəbərsiz olan sıravi vətəndaşlardan da istifadə edir, insanları daim onların təhlükəsizliyini düşünən müstəqil Azərbaycan dövlətinə qarşı çıxmağa səsləyirlər. Elə bu yaxınlarda hicab məsələsi ilə bağlı bəzi radikal dindarların etirazı da xarici dairələr tərəfindən təşkil olunmuş, maliyyələşdirilmiş və dəstəklənmişdir. Bir çox mənbələrdən əldə olunan məlumatlar da təsdiq edir ki, həmin qruplar məhz xarici qüvvələr tərəfindən idarə olunur və onların əsas məqsədi ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaqdır. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı məlumatlar da belə deməyə əsas verir.
Həmin məlumatda deyilir ki, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Səmədovun, Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Dəyanət Səmədovun işlədiyi elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 əl qumbarası, habelə yaşadığı evdən 7 avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülmüşdür. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılmış, faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə cinayət işi açılmış və istintaqa başlanmışdır.
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı məlumatlarda o da bildirilir ki, yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilmişdir. Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silah üçün 4 ədəd daraq tapılmışdır. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd "F-1"əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silah üçün 1 ədəd daraq aşkar edilib götürülmüşdür.
İndi sual olunur: adıçəkilən şəxslər və onların azsaylı tərəfdarları gələcəkdə bu silahlardan kimlərə qarşı istifadə edəcəkdilər? Təbii ki, öz həmvətənlərinə və din qardaşlarına qarşı. Humanist dinimiz bizlərə bunumu tövsiyə edir? Əlbəttə yox. İslam dini hətta başqa dinə sahib olan insanlarla da mehriban şəraitdə yaşamağı tövsiyə edir. Buradan da görünür ki, həmin şəxslər heç də din uğrunda yox, hansısa çirkin, gizli məqsədlər naminə qeyri-qanuni mübarizə yolunu seçiblər. Məqsəd isə məlumdur: respublikamızda ictimai-siyasi sabitliyi pozmaq üçün terror aktları həyata keçirmək, qarşıdurma yaratmaq.
Ancaq Mövsüm Səmədov və onun kimilərin arxasında dayanan xarici havadarları unudurlar ki, bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində möhkəmlənən, güclənən qüdrətli Azərbaycan dövləti hər cür daxili və xarici təhlükələrin qarşısını almaq iqtidarındadır. Azərbaycan xalqı isə kimin-kim olduğunu çox yaxşı bilir. Milli-mənəvi dəyərlərə daim sadiq olan, tolerantlığı ilə tanınan Azərbaycan xalqı heç vaxt radikal dindarların və onların xarici havadarlarının bəd niyyətlərinin baş tutmasına imkan verməyəcək.

{nl}


Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında