Bilik Fondu rayonlarda mühazirələrini davam etdirir

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Şirvan, Şamaxı, Xaçmaz, Yardımlı və Ağdam rayonlarının ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.

Şirvan Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

 Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının qərargahında Milli Məclisin deputatı Rəfael Cəbrayılov çıxış ediblər. Mühazirəçilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində tutduğu müstəsna mövqeyindən danışıblar. Bildirilib ki, ümummilli liderin səyi nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin gələcək inkişafına hesablanmış neçə-neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyulub.

Şamaxı Heydər Əliyev Mərkəzində RİH və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev məruzə ediblər. Məruzələrdə son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə müşahidə olunan yüksək inkişaf tempindən bəhs edilib. Qeyd olunub ki, gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaradıb.

Xaçmaz Heydər Əliyev Mərkəzində yerli ictimaiyyətin nümayəndələri AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, Tarix-Diyarşünaslıq Muzeyində isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında məruzələrini dinləyiblər. Qeyd olunub ki, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyənləşdirib.

Yardımlı Heydər Əliyev Mərkəzində və 1 nömrəli tam orta məktəbdə rayon icra hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Yadigar Məmmədli ideoloji maarifləndirmə istiqamətində yerli əhali qarşısında geniş məruzə ilə çıxış ediblər.

Quzanlıda yerləşən Ağdam Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində yerli icra hakimiyyəti orqanı ilə birgə hazırlanmış tədbirlərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, professor Anar İsgəndərli və Dövlət Dillər Universitetinin müəllimi Anar Nağıyev yerli əhaliyə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışıblar. 

Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə müxtəlif bölgələrdə keçirilən mühazirələrdə əhali fəal iştirak edərək onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirib, mühazirəçilərə suallarını ünvanlayıblar. Fondun rayonlarda həyata keçirdiyi maarifləndirici layihələri razılıqla qarşılayan yerli ziyalılar bunu həm də dövlətin gənc nəslin hərtərəfli inkişafına töhfəsi kimi dəyərləndiriblər.  

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında