Şriftin ölçüsü:
12.01.2011 08:42 | Oxunma sayı: 439
{nl}
Azərbaycan Dövlət Gömrük Komitəsi ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəliyi ilə birlikdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının gedişi zamanı qurumun mənzil-iqamətgahında mədəni və dini irsin qorunması ilə bağlı sərgi təşkil etmişdir.
Fransada akkreditə olunmuş diplomatik korpusun fəaliyyətini əks etdirən, eləcə də xarici siyasətə və beynəlxalq əlaqələrə dair Parisdə nəşr olunan "Diplomatik məktub" ("La Lettre Diplomatique") jurnalının 91-ci sayında iyunun 21-dən 25-dək davam edən sərgi ilə bağlı geniş məqalə dərc olunmuşdur. "Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində" adlı məqalənin əvvəlində Gömrük Komitəsinin mədəni və dini irsin qorunması sahəsində fəaliyyətinin zəngin və çoxşaxəli olması, 2006-cı il yanvarın 30-da ilk Gömrük Tarixi muzeyinin açılması, 2007-ci il yanvarın 27-də bu muzeyin yeni şöbəsinin və ümummilli liderimiz Heydər Əliyevin Xatirə Muzeyinin yaradılması barədə fransız oxucularına məlumat verilmişdir. Azərbaycan Gömrük Tarixi muzeyinin 2007-ci ildə rəsmi qeydiyyata alındığı, bunun sayca ölkəmizdə 169-cu muzey olduğu xüsusi vurğulanmış, adı çəkilən muzeylərin fəaliyyəti və eksponatlar haqqında məlumat verilmişdir.
Gömrük xidmətinin yarandığı dövrdən indiyədək fəaliyyətini əks etdirən zəngin eksponatlardan söhbət açılmış məqalədə AŞ-da təşkil edilmiş sərginin Azərbaycan gömrükçülərinin xidmətləri barədə geniş təsəvvür yaratdığı qeyd olunmuşdur. Sərgidə müxtəlif mədəniyyət və dinlərə məxsus nadir və qiymətli incəsənət əsərlərinin ölkəmizdən gizli yolla çıxarılmasının qarşısının gömrük işçiləri tərəfindən qətiyyətlə alındığı və tutulmuş əşyaların bir qisminin sərgidə nümayiş etdirildiyi geniş şərh edilmişdir.
Dövlət Gömrük Komitəsinin ölkənin elmi və mədəni mərkəzləri, institutları, dini icmaları ilə sıx əlaqələr yaratmasından söhbət açılmış məqalədə respublikadan qeyri-qanuni yolla çıxarılarkən gömrük işçiləri tərəfindən tutulmuş 800-dən çox qiymətli incəsənət əsərinin həmin mərkəzlərə, institutlara, muzeylərə və dini icmalara verildiyi qeyd edilmişdir.
Məqalədə mədəni və dini irsin qorunması sahəsində komitənin fəaliyyətində qonşu ölkələrlə əlaqəsindən söhbət açılmış, ölkəmizin sərhədindən gizli şəkildə çıxarılarkən gömrük xidmətinin əməkdaşları tərəfindən aşkar olunmuş, XlX əsrin əvvəlinə aid beş qiymətli ikonanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il sentyabrın 3-də Bakıda rəsmi səfərə gəlmiş rusiyalı həmkarı Dmitri Medvedevə təqdim etməsi haqqında məlumat yer almışdır.
Dövlət Gömrük Komitəsinin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısını almaqda göstərdiyi səylər, dünyanın bir çox təşkilatları ilə birlikdə keçirdikləri beynəlxalq konfranslar, 2008-ci il fevralın 13-15-də Brüsseldə, sentyabrın 8-26-da Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində, Vyanada və digər ölkələrdə təşkil etdiyi sərgilər diqqətə çatdırılmışdır.
Komitə tərəfindən 2009-cu il aprelin 4-9-da Vatikanda təşkil edilmiş "Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində" adlı sərgidən bəhs olunmuş, Azərbaycanın mədəniyyətlərarası dialoq, mədəni irsin qorunması və təşviqində mühüm rolundan danışılmışdır.
Avropa Şurasında təşkil olunmuş sərgidən bəhs edən yazıda onun açılışında AŞPA-nın sədri Mövlud Çavuşoğlunun, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun və ölkəmizin AŞ yanındakı daimi nümayəndəsi səfir Arif Məmmədovun çıxışları xatırlanmış, sərginin Azərbaycanın mədəniyyətlərarası dialoq və mədəni irsin qorunmasına verdiyi diqqət və qayğının bariz nümunəsi olduğu önə çəkilmişdir.
Məqalədə, həmçinin Azərbaycan Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin 2010-cu il sentyabrın 21-24-də Lüksemburqda keçirilmiş Beynəlxlaq Gömrük Muzeyləri Assosiasiyasının 18-ci konfransında, oktyabrın 21-26-da Moskvadakı "Gömrükçülərin fəaliyyəti-2010" adlı beynəlxalq sərgidə iştirakından söhbət açılmışdır. Eyni zamanda, Avropa Şurasındakı sərgidə nümayiş etdirilən və gömrük komitəsi tərəfindən nəşr olunmuş kitabların, kataloqların, digər əyani vəsaitlərin, filmlərin iştirakçılar arasında böyük maraq doğurduğu xüsusi vurğulanmışdır.
Jurnalda məqalə ilə yanaşı ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin rus ikonalarını Dmitri Medvedevə təqdim etməsindən söz açılmış, sərginin açılışı ilə bağlı müxtəlif fotolar verilmişdir.
Xüsusi qeyd edilməlidir ki, komitənin müxtəlif ölkələrdə təşkil etdiyi bu sərgilər Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, habelə mədəni və dini irsinin, Azərbaycan cəmiyyətində mövcud olan yüksək tolerantlıq mühitinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.