Şriftin ölçüsü:
11.01.2011 06:55 | Oxunma sayı: 396
Los-Ancelesin iri sinaqoqlarından biri olan Bet Am sinaqoqunda ənənəvi şənbə ibadəti çərçivəsində Azərbaycanın strateji roluna həsr edilmiş seminar keçirilmişdir. Diskussiyanı Cənubi Kaliforniya Universitetinin professoru, müsəlman-yəhudi dialoqu sahəsində araşdırmaları ilə məşhur olan Ruven Fayrston açmışdır. O, Azərbaycanın tarixi barədə məlumat vermiş, bu ölkədə tolerantlıq ənənələrini və antisemitizmin olmamasını xüsusi vurğulamışdır. Sinaqoqun ravvini Adam Kliqfeld də seminar iştirakçılarını salamlamışdır.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov öz çıxışında yəhudi icmasının Azərbaycanın inkişafına verdiyi töhfələri, Azərbaycan və yəhudi xalqları arasında mehriban münasibətləri, eləcə də Azərbaycan-İsrail münasibətlərinin müsbət dinamikasını qeyd etmişdir.
Diplomat 1990-cı ilin faciəli yanvar hadisələrini dinləyicilərə xatırladaraq vurğulamışdır ki, sovet hakimiyyət orqanlarının misli görünməmiş qəddar aksiyası Azərbaycan xalqının müstəqilliyə, suveren dövlət qurmağa yönəlmiş səylərini yalnız möhkəmləndirmişdir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının həmrəyliyi Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. Qara Yanvar faciəsinin qurbanları arasında azərbaycanlılarla yanaşı yəhudilər, ruslar, Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də vardır. Çoxmillətli Azərbaycanın vətəndaşları, yəhudi icmasının nümayəndələri də daxil olmaqla ölkəni erməni təcavüzündən müdafiə etməyə hazır olduqlarını göstərmişlər.
Elin Süleymanov vurğulamışdır ki, müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin sürətli inkişafı Prezident İlham Əliyevin strategiyasının əsas prioritetləridir. Keçmiş SSRİ məkanındakı ölkələrin 1991-ci ildə müstəqillik əldə etməsi onların müstəqil inkişafı üçün nadir tarixi imkan yaratmışdır. Təəssüf ki, postsovet məkanındakı digər ölkələrdən fərqli olaraq rəsmi Yerevanın işğalçılıq, məhdud etniklik ideyalarına əsaslanan siyasəti Ermənistanın həqiqətən müstəqil dövlətə çevrilməsinə imkan vermir və erməni xalqının özünün gələcəyinə zərbə vurur.
Azərbaycanlı diplomat ABŞ-ın regiondakı tərəfdaşları ilə münasibətlərdə ikili standartlardan imtina etməsinin vacib olması məsələsi üzərində xüsusi dayanmışdır. Bu, ilk növbədə Vaşinqtonun dünyada obyektiv vasitəçi kimi qəbul edilməsi üçün zəruridir. Müsəlman ölkələri ilə münasibətdə bu məsələ xüsusilə aktualdır.
Elin Süleymanov professor Fayrstonun mədəniyyətlərarası dialoqa və müsəlmanlarla yəhudilər arasında qarşılıqlı anlaşmaya verdiyi töhfələrinə görə ona təşəkkürünü bildirərək qeyd etmişdir ki, məhz Azərbaycan cəmiyyətinin açıqlığı sayəsində müxtəlif dini icmaların əsrlər boyu dinc yanaşı yaşaması və əməkdaşlıq etməsi üçün şərait yaranmışdır. Bu gün ölkədə islam dini ilə yanaşı, digər dinlərin ənənələrinin dinamik inkişafı davam edir. Lakin eyni zamanda elə təsəvvür yaranır ki, Azərbaycanın tolerantlıq nümunəsi bu ölkənin hüdudlarından kənarda bəzi qüvvələri qane etmir və onlar Azərbaycan cəmiyyətinin sabitliyini pozmağa səy göstərir, dünyəvi cəmiyyətdə dinin rolunun müzakirəsi üçün konstruktiv və zəruri prosesə radikalizm elementləri daxil etməyə çalışırlar.
Ümumiyyətlə, cəmiyyətin təbii təkamül yolu ilə inkişafı prosesinə sabitliyi pozan hər hansı xarici qüvvələrin müdaxilə etməsi istər Azərbaycanın, istərsə də bütövlükdə regionun mənafelərinə ziddir. Təcrübə göstərir ki, ABŞ münaqişələrin, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəal rol oynamaqla, dost ölkələrin suverenliyini və dövlətçiliyini bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əsasında dəstəkləməklə regional inteqrasiyaya və inkişafa kömək edə bilər.
{nl}
Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Los-Anceles
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.