Zaqatalanın qış qayğıları...

 

{nl}

Hələ tələbəlik illərində mərhum professor Aslan Aslanovun televiziya verilişlərinin birində dediyi bir ifadə indiki kimi yaxşı yadımdadır. O deyirdi ki, nağıllarda, dastanlarda, əsatirlərdə cərəyan edən hadisələr ya tarixdə olub, ya da nə zamansa olacaq. Filosof tam qətiyyətlə deyirdi ki, folklordakı müdrik insanlar bu gün də həyatımızda var və onlar öz fikirləri ilə kimlərəsə yol göstərir, kimlərisə heyrətləndirirlər. Maraqlı fikir olsa da o qədər də fərqinə varmırdıq. Ancaq həyat sübut elədi ki...
Avqust ayında Zaqatalada olanda rayon icra hakimiyyətinin şöbə müdiri Nizami Abdullayevlə söhbət zamanı - onun otağında yaşlı bir kişi də var idi və sonra öyrəndim ki, Aşağı Tala kəndindəndir - qışa hazırlıq məsələsinin nə yerdə olduğunu da öyrənmək istədim. Üstəlik yada saldım ki, mütəxəssislərin fikrincə, bu il qış çox sərt keçəcək. Həmsöhbətim payız-qış mövsümünə hazırlıq tədbirləri barədə rayon icra hakimiyyəti başçısının hələ may ayında imzaladığı planda nəzərdə tutulan məsələlərin ardıcıllıqla həyata keçirildiyini söylədi və konkret misallar çəkdi. O danışdı, mən öz qeydlərimi elədim. Biz söhbəti başa çatdıranda ağsaqqal elə nağıllardakı kimi müdrikcəsinə bir səslə bizim söhbətimizdəki "qış sərt gələcək" ifadəsi ilə bağlı münasibət bildirdi:
- Oğul, payız-qış mövsümünə hazırlaşmaq nəinki bir rayonun və ya bir ölkənin, hətta, ayrıca bir ailənin də əsas vəzifələrindən sayılır. Bu, təkcə təsərrüfatçılıq, səliqə-sahman məsələsi deyil, həm də ailə başçısının, rayon və yaxud şəhər rəhbərinin məsuliyyətinin nümunəsidir. Biz o zaman rahat nəfəs alırıq ki, camaatın bu qəbildən olan problemlərinin həlli rayon rəhbərliyinin diqqət mərkəzində olur. Hər il olduğu kimi, bu il də rayonumuz qışa tam hazır olacaq. Onu dəqiq bilirəm. Amma "qış sərt keçəcək" ifadəsi o qədər də inandırıcı deyil. Bir də görərsən ki, yanvarın ortalarına qədər nəinki qar, heç yağış da yağmadı. Belə hallar o qədər olub ki. Allaha şükür 50-60 ildir hamının evində televizor var. Zaqatalada yarım metrdən çox qar olanda hansısa ölkədə qışın çox quraq keçdiyini söyləyirlər. Avropada qar tüğyan edəndə Azərbaycanda uşaqlar qar üzünə həsrət qalırlar. Deyilənlərə çox da inanmayın. Allahın işidir. Amma bu o demək deyil ki, əlimizi əlimizin üstünə qoyub sakit oturmalıyıq. Ehtiyatı əldən vermək olmaz. Qışa hazırlığı yüksək səviyyədə davam etdirmək çox vacibdir.
Ağsaqqaldan hələ o vaxt eşitdiyim həmin ifadələr Aslan müəllimin dediyi kimi, həyat həqiqətinə çevrildi. Artıq yanvarın birinci ongünlüyü başa çatıb, amma qardan heç əsər-əlamət də yoxdur.. Bu fakt da mənim yanvarda başqa bir ağsaqqalla görüşümə əsas oldu. Amma bu dəfə həmsöhbətim xəbərdarlıq etdi: "Qış hələ qurtarmayıb, oğul, Tanrı yağmurunu göydə saxlamaz. Qar da yağacaq, şaxta da olacaq. Qışa hazırlığı olmayan yerlərdə çətinliklər də yaşanacaq".
Doğrusu, ağsaqqalın bu dəfə söylədiyi fikirlər məndə əminlik yox, narahatlıq hissləri yaratdı: "Qışa hazırlığı olmayan yerlərdə çətinliklər də yaşanacaq". Bu narahatlığım isə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbət zamanı tamamilə aradan qalxdı:
- Tam qətiyyətlə deyə bilərəm ki, bu gün Zaqatala rayonu qışın istənilən sərt gününə hazır vəziyyətdədir. Sizin bayaq yada saldığınız kimi biz bu hazırlıq işinə hələ ötən ilin may ayından başlamışıq. 2010-2011-ci ilin payız-qış mövsümündə şəhər təsərrüfatı, yol təsərrüfatı, nəqliyyat və rabitə, təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə, əhalinin bərk və maye yanacaqla təmin edilməsi sahəsində yerinə yetiriləcək tədbirlər konkret müəyyən edilib, bu tədbirlər hazırlanarkən əvvəlki qış mövsümlərinin təcrübəsi əsas götürülüb. Yəni ötən illər yol verilən nöqsanların təkrarlanmaması üçün əvvəlcədən konkret planlar tərtib edilib, məsul idarə və şəxslərin iş qrafiki təsdiq olunub. Tədbirlər planının icrasının vəziyyəti dövri olaraq yoxlanılıb. Müəyyən edilib ki, mövsümə hazırlıqla əlaqədar rayonun idarə, müəssisə və təşkilatları, ərazi nümayəndəlikləri, bələdiyyələr tərəfindən əhaliyə göstərilən mənzil-kommunal xidmətinin yaxşılaşdırılması, tikinti, abadlıq, yol təsərrüfatı, nəqliyyat və rabitə sahəsində müvafiq hazırlıq işləri görülüb. Şəhərin abadlığına ayrılmış vəsait hesabına zərurət olan bütün küçələrdə asfaltlaşdırma və daş-çınqıl vasitəsilə təmir işləri aparılıb. Axşam saatlarında küçələrin işıqlandırılması üçün iki kilometrə yaxın küçə işıqları quraşdırılıb.
Dövlət mənzil fonduna aid olan yaşayış binalarının payız-qış mövsümünə hazırlıqla əlaqədar 1600 kvadratmetrdən çox dam örtüyü, 280 metr daxili su xətləri təmir edilib. Bu işləri mənzil istismar idarəsi yerinə yetirib. Eyni zamanda, kommunal müəssisələri kombinatının qışa hazır olması üçün oradakı bütün maşın və mexanizmlər tam təmir olunub və çox hissəsi yeniləri ilə əvəz edilib. Küçələri qardan və buzdan təmizləmək üçün buldozer və qarsovuran maşın tam hazır vəziyyətə gətirilib. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən 4 ədəd xüsusi təyinatlı avtomobillərin gətirilməsi təmin olunub. Küçə və səkiləri buz və qardan təmizləmək üçün kifayət qədər avadanlıq, alət və material tədarük edilib. Müəssisənin işçiləri xüsusi mövsümi geyim forması ilə təmin olunublar.
Bütün prospekt və küçələrdəki su-kanalizasiya arxları əsaslı şəkildə təmizlənib. Yəni istənilən intensiv yağıntının şəhərin prospekt və küçələrində problem yaratması gözlənilmir. Su-kanal idarəsi tərəfindən aparılan işlər nəticəsində su təchizatını təmin edən qurğu və avadanlıqların aşağı temperatur şəraitində normal işləməsini təmin edən bütün hazırlıq tədbirləri başa çatdırılıb. Əhalinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə beşi şəhərdə olmaqla 11 ədəd artezian quyusunun mühərrikləri dəyişdirilib. Fikrət Əmirov küçəsində isə yeni artezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. Car, 1-ci və 2-ci Meşles , Talaçay içməli su xətləri lildən təmizlənib, su anbarları yuyulub, xlorlanıb. Eyni zamanda, Su-kanal idarəsinin bütün maşın və mexanizmləri təmir olunub. Yəni qışın mülayimliyindən və ya sərtliyindən asılı olmayaraq zaqatalalıların içməli su ilə bağlı heç bir problemi olmayacaq.
Qaz İstismar İdarəsinin kollektivi də payız-qış mövsümündə onların xidmətinə olan tələbatın məsuliyyətini əvvəlcədən götür-qoy edərək kifayət qədər hazırlıq işləri görüb. Orta və aşağı təzyiqli qaz xətlərində təmir-tikinti işləri aparılıb, xətlərin üzərindəki siyirtmələr mövsümlə bağlı olan tam qaydaya salınıb, xətlərdə və qaz şəbəkəsində ehtiyac olan avadanlıqların dəyişdirilməsi işləri başa çatdırılıb. Qaz İstismar və "Azəriqaz" İstehsalat Birliyinin təmir-tikinti idarələri tərəfindən köhnəlmiş və sərfiyyata uyğun olmayan 320 ədəd sayğac dəyişdirilib, 165 abonentə yeni təbii qaz xətti çəkilib. Stansiyalarda gecə və gündüz saatlarında qazın təzyiq rejimləri müəyyənləşdirilib, əhaliyə və müəssisələrə qazın normal çatdırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilir.
İcra hakimiyyətinin başçısı qeyd etdi ki, bu gün Zaqatalanın şəhər və kənd yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında heç bir maneə və ya əngəl yoxdur. Çünki rayon paylayıcı elektrik şəbəkəsi tərəfindən kifayət qədər iş görülüb. Əhalinin və digər istehlakçıların enerji təchizatının yaxşılaşdırılması üçün rayonda 11 kilometr müxtəlif gərginlikli hava xətləri cari və əsaslı təmir edilib, Danaçı və Muxax kəndlərindəki 35 kilovatlıq yarımstansiyalarda qış mövsümü ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. 17 transformator təmir edilib, 40-a qədər dayaq dirəyi dəyişdirilib.
"Zaqatala Avtonəqliyyat" Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən mövsümlə bağlı tədbirlər planına əsasən, bütün nəqliyyat vasitələrinin texniki vəziyyəti, avtobusların qızdırıcı sistemlərinin saz, elektrik avadanlığı və soyutma sisteminin işlək vəziyyətdə olması təmin edilib. Cəmiyyətin istehsalat və məişət binalarının təmiri başa çatdırılıb, su və elektrik xətləri təmir edilib, yanğından mühafizə inventarlarının, sututarların vəziyyəti yoxlanılıb, qarlı və şaxtalı şəraitdə tələb olunan miqdarda sürüşməyə qarşı zəncirlər, qarmaq və digər zəruri vasitələr tədarük edilib.
Rayon təhsil şöbəsində payız-qış mövsümü üçün nəzərdə tutulmuş 1500 kubmetrə qədər odun yanacağının bölgüsü aparılıb. Meşə mühafizəsi və bərpa müəssisəsi bu məsələnin müvafiq qaydalara və əsasnaməyə uyğun şəkildə həllini təmin edib. Duru yanacaqla qızdırılan təhsil müəssisələrinin ixtiyarına verilmiş 23 ton yanacaq məktəblərə paylanılıb. Məktəblərin əksəriyyətinə yanğından mühafizə qurğuları alınıb və işlək vəziyyətdə saxlanılır. Uşaq bağçaları və ümumtəhsil müəssisələri üçün 150 ədəd odun sobası və 300 ədəd soba borusu alınıb.
Ümumiyyətlə, Zaqatalanın elə bir idarə və müəssisəsi yoxdur ki, orada kimsə qarlı-şaxtalı günlərin gəlməsindən ehtiyatlansın. Çünki hamı öz ehtiyatını hələ 3-4 ay əvvəldən görüb. Xüsusən, turizm obyektlərində bu hazırlıq ölkəmizin inkişafına uyğun şəkildə həyata keçirilib. Yeri gəlmişkən, yanvar ayı olmasına baxmayaraq Zaqatalada kifayət qədər turist var. Çünki əksər turistlər bu cənnət məkanın qış mənzərəsini görmək, qış macəralarını yaşamaq istəyirlər. Rayonun turizm obyektləri qonaqların həmin arzularının yüksək səviyyədə reallaşmasını təmin edirlər. Bir də ki, turistlərin gəlməsi üçün rahat quru və hava yolları, istirahət etmələri üçün müasir infrastruktur, gözəl təbiət, xoş münasibətli insanlar varsa, bu rayon niyə ilin bütün ayları qonaq-qaralı olmasın?
...Və bu yerdə yazının əvvəlinə qayıtmaq zərurəti yaranır. Ağsaqqal təxmini olaraq demişdi ki, yanvarın ortalarına qədər qar görünməyə bilər. Budur, ayın 10-u ərəfəsində Zaqatala 2011-ci ilin əsl qış günlərini yaşayır. Rayon icra hakimiyyəti başçısının dediyi kimi isə soyuq havaların, yağıntıların başlaması heç kəs üçün problem yaratmır. Bunun da bir səbəbi var. Çünki qışa vaxtında hazırlaşmışdıq...

{nl}


İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında