Prezident İlham ƏLİYEV: Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsil yetişir

Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi gələcəyimizin etibarlı əllərdə olmasından xəbər verir
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və möhkəmləndirəcək gənc nəslin formalaşması istiqamətində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi prioritet vəzifə kimi qarşıya qoyuldu. Bununla əlaqədar bir sıra fərman və sərəncamlar imzalandı. Ulu öndər deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
Gənclərlə işi daha səmərəli təşkil etmək, onların problemləri ilə yaxından tanış olmaq, gənclərin ictimai-siyasi həyatda daha fəal iştirakının təmin edilməsi məqsədi ilə Prezident Heydər Əliyevin fərmanı ilə respublikada Gənclər və İdman Nazirliyi yaradıldı. Bir müddət sonra isə "Gənclər siyasəti haqqında" Azərbaycan Respubikasının Qanunu qəbul edildi.
Azərbaycan gəncliyinə güvənən, inanan və böyük əhəmiyyət verən ulu öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Bakıda Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Forumun əhəmiyyətini nəzərə alan dövlət başçısı Heydər Əliyev 1997-ci ildə sərəncam imzalayaraq forumun keçirildiyi günü - 2 fevralı Azərbaycan Gənclər Günü elan etdi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında reallaşan dövlət quruculuğu strategiyasının əsas istiqamətlərindən biri də məhz gənclər siyasəti olub. Mənəvi cəhətdən saf, geniş dünyagörüşünə malik, fiziki cəhətdən sağlam, intellektual səviyyəli, milli dəyərlərə sadiq, vətənpərvər gənc nəslin tərbiyə edilməsi - milli gənclər siyasətimizin əsas vəzifəsi kimi qarşıya qoyulub. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gənclərin inkişafına istiqamətlənmiş normativ-hüquqi baza daha da təkmilləşdirilmiş, mühüm əhəmiyyət kəsb edən dövlət proqramları icra edilmişdir. Son 5 il ərzində gənclər təşkilatlarının 350-dən artıq layihəsinin dəstəklənməsi üçün dövlət büdcəsindən vəsait ayrılmışdır. Azərbaycan gəncləri 30-a yaxın nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bir neçə beynəlxalq gənclər platformalarının yaradılması təşəbbüsü ilə çıxış edirlər. İslam Konfransı Təşkilatının Gənclər Forumu, GUAM ölkələri Gənclər Forumu və digərləri belə beynəlxalq qurumlardandır.
Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ideyasının gerçəkləşdirilməsinə başlanılması və artıq bununla əlaqədar təşəbbüs qrupunun yaradılması Azərbaycan gəncliyinin beynəlxalq aləmdə növbəti uğurudur. Ötəy ilin son günlərində Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresinin keçirilməsi də gənclərimizin böyük uğuru kimi dəyərləndirilir.
Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi birgə təşkil edib. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçirilib.
Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, Vətənlə əlaqələrinin möhkəmləndirilməsidir. Bu toplantıda xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Qeyd etdiyimiz kimi, Azərbaycan gəncliyi daim ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi olub, respublikamızın inkişafında mühüm rol oynayıb. Təsadüfü deyil ki, ulu öndər Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə xüsusi önəm verib. 1970-ci illərdə ümummilli liderin təşəbbüsü ilə SSRİ-nin 50-dən artıq böyük şəhərlərinin 170-dən çox ali təhsil müəssisəsində 15 mindən artıq azərbaycanlı gənc ali təhsil alıb. Bu gün Azərbaycan diasporunun ən fəal üzvlərini elə həmin o gənclər təşkil edir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasətə sadiq qalaraq, gəncliyə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər bunun parlaq sübutudur.
Xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barədə dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması prosesində fəal iştirak edirlər. Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis edib. Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və diaspor quruculuğu işinə qoşulması prosesi bu gün də davam edir. 2009-cu ilin aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində çox önəmli addımlar atıb. Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin milli maraqlarımızın müdafiəsi, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata keçirməsi yüksək qiymətə layiqdir. Dünyanın müxtəlif regionlarında - Avropada, Amerikada, Asiyada, MDB məkanında fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq siyasəti, törətdiyi vandal aktları, Xocalı soyqırımı barədə yaşadıqları ölkələrin ictimaiyyətinin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin parlament və hökumət üzvlərinin, kütləvi informasiya vasitələrinin məlumatlandırılması məqsədilə müxtəlif kampaniyalar təşkil edir, elmi-praktiki konfranslar, etiraz aksiyaları keçirir. Müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında əsl həqiqətləri bu barədə məhdud informasiyaya malik dövlət və siyasət adamlarına, jurnalistlərə, eləcə də sadə vətəndaşlara çatdırmağa çalışırlar. Xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclər xalqımızın zəngin mədəni irsinin ən fəal təbliğatçılarıdır. Ötən müddətdə azərbaycanlı gənclər müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə onlarla layihə həyata keçirib, tədbirlər təşkil ediblər. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Kanada, Rusiya Federasiyası, Yaponiya, Misir, Koreya və digər ölkələrdə azərbaycanlı gənclər təşkilatlarının təşkil etdiyi bu tədbirlər Azərbaycan mədəniyyətini, xalqımızı və ölkəmizi tanıtmaq üçün təsirli bir vasitə olduğunu və gənclərimizin bu vasitədən kifayət qədər uğurla faydalandığını təsdiqləyir. Bu, həm də o deməkdir ki, müasir Azərbaycan gəncləri hansı ölkədə yaşamasından və hansı sahədə təhsil almasından asılı olmayaraq, öz xalqının tarixi, mədəniyyəti, onun milli maraqlarının sərhədləri barədə çox dəqiq və aydın təsəvvürə malikdir. Bu mühüm amil ölkəmizin gələcəyi və bu gələcəyin sahibləri olan gənclərimiz haqqında nikbin düşünməyimizə əsas verir. Görünür, elə buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinə böyük etimad bəslədiyini ifadə edərək deyib: "Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir".
Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə daha sıx inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması, müxtəlif ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, kütləvi informasiya vasitələri ilə ələqalərin möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində daha ciddi nəticələrin əldə olunması və digər sahələrdə görüləsi işlər çoxdur. Lakin gəncliyin bugünkü ruhu, proseslərə baxışı, intellektual potensialı deməyə əsas verir ki, gənc soydaşlarımız bu vəzifələrin öhdəsindən uğurla gələcəklər. Dünya Azərbaycanlı Gənclərin I Konqresi də əslində bu inamın və etimadın bir təzahürü idi. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə müraciəti böyük ruh yüksəkliyi ilə qarşılanıb. Müraciətdə deyilir: "Əziz dostlar! Bu gün siz mühüm bir hadisənin - Dünya Azərbaycanlı Gəncləri I Konqresinin iştirakçılarısınız. Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Avropa, Amerika, dünyanın fərqli qitələrində və ölkələrində, Vətənin hüdudlarından uzaqlarda yaşayan gənc həmvətənlərimiz mənəvi birliyi daha dolğun hiss edə biləcəklər. Ümumi məqsədlərə nail olmaq əzmi ilə çalışan insanlarla tanış olmaq imkanı əldə edəcəklər. Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi Vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir.
Frankfurtda keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresi həmvətənlərimiz arasında yalniz dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün unikal, nadir bir imkandır. Bundan əlavə, konqres dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsinə şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm verməsi bizim üçün vacib dəstəkdir. Bu bir daha bizim doğru yolda olduğumuzu və bu yolla uğurla irəlilədiyimizi sübut edir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı rəsmi olaraq iki ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində gənc həmvətənlərimizin təşəbbüslərinin geniş mənada dəstəklənməsinə çalışmışdır. Bu təşkilat ötən dövrdə öz hərtərəfli fəaliyyət coğrafiyasını xeyli genişləndirmişdir. İndi bizim bölmələrimiz Rusiya Federasiyasının demək olar ki, bütün regionlarında yaradılıb. Tədbirlərimizin hamısı gənclərimizin birliyinə istiqamətlənib, biz onların təhsil almasına kömək edir, sağlam həyat tərzinin geniş yayılması, mədəni və tarixi dəyərlərimizə diqqətin artırılması, gənclərimizin ana dilimizi, ədəbiyyatımızı və milli ənənələrimizi öyrənmək istəyini dəstəkləyirik. Bunların hamısı olduqca vacibdir.
Dünyanın bir sıra ölkəsini təmsil edən yüzlərlə gəncin konqresdə iştirakı Azərbaycan gənclərinin həmyaşıdları ilə ünsiyyətdə olmasının vacibliyini bir daha sübut edir. Əminəm ki, toplantı istirakçılarının hamısı istedadlı, kamil, parlaq və yaradıcı insanlardır. Sizin hamınız keyfiyyətli ali təhsil almaq üçün dünyanın nüfuzlu ali məktəblərində çalışır, qarşınıza ciddi məqsəd qoyaraq, ona nail olmaqdan çəkinmirsiniz. Bu isə o deməkdir ki, siz Azərbaycanın gələcəyinin inam və dayağısınız. Sizin gələcəyiniz isə - ölkəmizin gələcəyidir.
Əminəm ki, iştirakçısı olduğumuz gənclər kongresi çərçivəsində Azərbaycan Gənclərinin Dünya Birliyinin yaradılması bizim gənclər diasporunun möhkəmlənməsi yolunda növbəti və çox vacib addım olacaqdır. Qarşıda isə bizi bu yolda mühüm vəzifələr gözləyir.
Sizə yeni-yeni uğurlar Konqresin işinə isə müvəffəqiyyətlər arzu edirəm!"
Mötəbər tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələrinin iştirakı və çıxışı gənclərimizi daha da ruhlandırmışdır. Prezident Administrasiyasinın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Azərbaycan dövlətinin gənclər siyasəti barədə geniş məlumat verib. O bildirib ki, dünyanın bütün xalqları və dövlətləri hər zaman gənclərlə bağlı xüsusi siyasət yürüdüb. "Gənclərin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur" - fikrini səsləndirən Əli Həsənov deyib ki, hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsil hazırlamaqdır. Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizin əsas hissəsi isə yeni, sağlam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir. Gənclər siyasəti hər bir dövlətin onurğa sütununu təşkil edir".
Azərbaycanda gənclər siyasətinin tarixinə diqqəti cəlb edən Prezident Administrasiyasının rəsmisi xatırladıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının ilk yaddaqalan addımlarından biri məhz 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması olub. Cəmiyyətin siyasi həyatının tam iflasa uğradığı bir zamanda atdığı bu addımla, məhz gənclər siyasətindən başlamaqla ümummilli liderimiz bu günləri düşünürdü, gənclərin gələcəyini və bununla da dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin təməlini sağlam qoyub. O, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda yaşayan və təhsil alan gənclərin qarşısında duran əsas vəzifələr barədə də danışıb. Ə.Həsənov gənclərə müraciətlə deyib ki, qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək, mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır. Sizin gücünüz, sizin intellektiniz Vətənin, dövlətin, millətin gücü və intellektidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas vəzifələrindən biri də məhz sağlam və təhsilli gənclik yetişdirməkdir. Amma harada yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi məhz bunun əsasında tanıya, sevə, hörmət edə bilər və dəstək verər. O, dünya virtual məkanındakı ünsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli bəhrələnməyin, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunmasının vacibliyini də qeyd edib.
Prezident Administrasiyasının şöbə müdiri Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ciddi zərbə barədə də gənclərə məlumat verib və bildirib ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatının qarşısında dayana bilməkdir. Ə.Həsənov çıxışını bu fikirlərlə yekunlaşdırıb: "Siz yaşadığınız ölkələrdə elə bir önəmli faktora, gücə çevrilməlisiniz ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsinin dünyaya yaymaqda böyük əhəmiyyəti olar. Bu istiqamətdə hər bir ölkədə fəaliyyət göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Və eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi yaxşı tanımalısınız, çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin verdiyi ünsiyyət imkanından yaxşı faydalanmaq lazımdır".
Dünya Azərbaycanlı Gəncləri I Konqresinin iştirakçılarına da bəlli oldu ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilib. Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub, bir milyona yaxın soydaşımız doğma yurd-yuvalarından, ata-baba ocaqlarından didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, 50 mindən çox insan yaralanmış və əlil olmuşdur. Ermənilərin yaşayış məntəqələrini, təhsil, səhiyyə müəssisələrini, tarixi-mədəni abidələri, qəbiristanlıqları, məscidləri viran qoymaları faktı barədə məlumat alan gənclər qəzəblərini güclə boğublar.
Gənclik böyük qüvvədir, müstəqil dövlətimizin gələcəyinin təminatçısıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan gənclərimizin ünsiyyət qurmaları, doğma Vətənimiz - Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müstəqilliyimizin qorunub saxlanılması yolunda birgə mübarizəsi qarşısında heç bir qüvvə davam gətirə bilməz. Dünya Azərbaycanlı Gəncləri Birliyinin yaradılması bu mənada çox böyük əhəmiyyətə malikdir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında