Azərbaycanda içməli su problemi olmayacaq

Ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilir
Ekoloji cəhətdən təmiz su problemi ölkəmizdə artıq həll olunmaq üzrədir. Ölkə Prezidenti İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimində demişdir: "İçməli su keyfiyyətli olmalıdır ki, Azərbaycan vətəndaşları sağlam olsunlar". Bu kəmərin çəkilməsi Bakı şəhəri əhalisinin 75 faizinin içməli su problemini həll etmiş oldu.
Əlbəttə, təkcə Bakıda deyil, regionlarımızda da içməli su probleminin həlli diqqət mərkəzindədir. Cənab Prezidentin sərəncamları ilə ayrı-ayrı rayonlarımızda, kəndlərimizdə quraşdırılan sutəmizləyici qurğular problemin həllində əsas rol oynamışdır.
Bu gün Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsinə yönəldilmiş layihələrin reallaşması bu istiqamətdə atılan uğurlu addımlardandır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2007-2009-cu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, həmin bu kəndlərdə yaşayan 224 mindən artıq əhali içməli su ilə təmin edilmişdir.
Kür və Araz çayları boyu məskunlaşmış və hədsiz dərəcədə fiziki, kimyəvi və bioloji cəhətdən çirklənmiş vəziyyətdə olan Kür və Araz çaylarının suyundan uzun illər ərzində heç bir təmizlənmə aparılmadan istifadə edən əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün öncə bu kəndlərdə su mənbələrinin kəmiyyət və keyfiyyət göstəriciləri üzərində dəqiq monitorinqlər aparılmış və həmin tədbirlərin nəticələri sutəmizləyici qurğular quraşdırılmış kəndlərdə yeraltı suların olmadığını göstərmişdir. Ən sərfəli variant kimi yaşayış məntəqələrindən təqribən 1000 metrədək məsafədən axan mövcud yerüstü su mənbələrindəki suyun təmizlənərək əhaliyə verilməsi seçilmişdir.
İndiyədək 122 kənddə quraşdırılmış sutəmizləyici qurğuların 53 ədədini Almaniya, İtaliya, Belçika, ABŞ texnologiyaları əsasında Türkiyədə modulda yığılmış, 67 ədədini Cənubi Koreya istehsalı olan və osmos texnologiyalı, 2 ədədini isə yerli şəraitdə etibarlılığı və dözümlüyü ilə seçilən İsrail istehsalı olan qurğular təşkil edir.
2007-2009-cu illər ərzində sutəmizləyici qurğuların quraşdırılması və supaylayıcı məntəqələrin inşası zamanı ümumi sahəsi 5600 kvadratmetrə yaxın dəmir-beton özül tikilmiş, 538 kilometr uzunluğunda supaylayıcı şəbəkə çəkilmiş, 1300 ədəddən çox supaylayıcı məntəqə tikilmiş və üzlüklə örtülmüşdür.
Sutəmizləyici qurğuların və supaylayıcı şəbəkənin layihələndirilməsində kənd icmasının nümayəndələri, kənd ağsaqqalları, bələdiyyələr, icra nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak etmiş, tərtib olunan işçi və dövlət aktları bütün aidiyyəti dövlət qurumları tərəfindən təsdiqləndikdən sonra sutəmizləyici qurğular müvafiq kənd bələdiyyələrinin istismarına verilmişdir. 122 ədəd sutəmizləyici qurğunun və supaylayıcı şəbəkənin 22 ədədi 2007-ci ildə, 38 ədədi 2008-ci ildə, 60 ədədi 2009-cu ildə müvafiq qəbul aktlarına əsasən istismara verilmişdir. Belə ki, sutəmizləyici qurğuların böyük bir hissəsi artıq 3 ildir ki, fasiləsiz istismar edilir.
Ümumiyyətlə, Kür-Araz boyu kəndlər müxtəlif su mənbələrindən istifadə edib ( Kür və Araz çayları, drenaj və suvarma kanalları və s.). Bu suların çirklənmə səbəbləri və xarakteri fərqlidir (suvarma kanallarında daha az lilli, lakin mikrobioloji cəhətdən və kimyəvi tərkibinə görə çox çirklidir; drenaj arxlarında pestisidlərin çirklənmədə rolu da böyükdür; və s.). Buna görə də müxtəlif mərhələlərdə müxtəlif xarakterli çirklənmələrə qarşı qurğular quraşdırılıb. Birinci mərhələdə nisbətən kiçik kəndlər, drenaj arxlarından istifadə edən məntəqələr əhatə olunub. Qurğular da bu xüsusiyyətlərə uyğun quraşdırılıb.
Növbəti mərhələdə isə (2008-ci ildə) müəyyən edilmiş yaşayış məntəqələrinin əksəriyyətinin su mənbəyi bilavasitə Kür və Araz çayları olduğu üçün və çaylarda çirklilik dərəcəsinin (bəzi hallarda suda ağır metalların mövcudluğu) daha yüksək olması səbəbindən qərara gəlinib ki, suyun təmizlənməsi sahəsində unikal və ən müasir hesab edilən tərsinə osmos sistemlərindən istifadə edilsin. Bu səbəbdən Cənubi Koreyanın "Hyudai Wacor Co Inc." şirkətinin təklifi Tender Komissiyası tərəfindən həm iqtisadi, həm də texnoloji baxımdan ən əlverişli variant kimi qiymətləndirilmişdir. Belə ki, qeyd olunan şirkət tərəfindən təqdim edilmiş qurğuların dəyəri Almaniya, Fransa və tender prosesində iştirak edən digər dövlətlərin şirkətlərinin təklif etdikləri analoji qurğuların dəyərindən 2-3 dəfə ucuz olmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin quraşdırdığı qurğuların gücündən asılı olaraq su 7-18 mərhələdən ibarət sistemdə təmizlənir. Su mənbədən götürüləndən əhaliyə çatdırılana qədər qapalı sistemdə olur. Yəni dalğıc nasosla su mənbədən ilkin çökdürmə çəninə sonra xam su çəninə, oradan filtirlərə və təmiz su çəninə, son olaraq supaylayıcı şəbəkə vasitəsilə bulaqlara verilənə qədər ətraf mühitlə əlaqəsi olmur. Yəni, təmizləmə və paylama prosesində suya kənar müdaxilə və çirklənmə halları baş vermir. Çünki nazirliyin quraşdırdığı qurğularda suyun təmizlənərək bulaqlara ötürülməsi 3 avtonom rejimdə həyata keçirilir. 1-ci, nasos vasitəsilə su xam su çəninə vurulur, 2-ci, xam su çənindən su ikinci nasos vasitəsilə filtirlərdən keçməklə təmiz su çəninə ötürülür və nəhayət təmiz su hidrofor nasosla supaylayıcı məntəqələrə vurularaq çətin və mürəkkəb bir prosesdən keçir. Koreya qurğuları qurulmuş 67 kənddə əlavə olaraq 4-cü nasos vasitəsilə su osmos membran filtirlərinə vurulur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən sutəmizləyici qurğular bələdiyyələrin istismarına verilsə də, ötən müddət ərzində bələdiyyələr tərəfindən sutəmizləyici qurğuların fəaliyyətinə lazımi qulluq göstərilməməsi, işə məsuliyyətsiz yanaşmaları, o cümlədən sutəmizləyici qurğuların işinə cəlb olunmuş işçilərin əmək haqqının və qurğuların istifadəsi ilə bağlı elektrik enerjisi haqqının ödənilməməsi, qurğuların abad və işlək vəziyyətdə olmasına gündəlik nəzarət edilməməsi bu qurğuların fəaliyyətində fasilələrin yaranmasına gətirib çıxarırdı.
Bu problemlərin həlli ilə bağlı müxtəlif alternativ variantlar təklif edilmiş və 30 iyul 2010-cu il tarixində Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən qurğuların istismarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır. Bundan sonra qısa müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məqsədlə yaradılmış müvafiq qurumu tərəfindən yerlərdə qurğulara xidmət göstərən 122 nəfərlə əmək müqavilələri bağlanaraq işə götürülmüş, qurğuların istismarı zamanı yaranmış elektrik enerjisi sərfi ilə bağlı borcların ödənilməsi və müvafiq bələdiyyələrlə qurğuların istismarı ilə bağlı müqavilələrin bağlanması istiqamətində işlər aparılmış, sutəmizləyici qurğular işlək vəziyyətə gətirilmiş, o cümlədən 40-dan çox kənddə filtirlər yeniləri ilə əvəz edilmişdir. Qurğuların istismarına cəlb olunmuş işçilərin əmək haqlarından başqa qeyd edilən işlərə dövlət büdcəsindən vəsait xərclənməmişdir.
Bundan başqa, respublikamızda yay mövsümündə baş vermiş daşqınlar nəticəsində 6 rayonun 14 kəndində sutəmizləyici qurğular su altında qalmış, çəkilmiş supaylayıcı şəbəkəyə ciddi zərər dəymişdir. Dövlət büdcəsinə müraciət edilmədən zərər çəkmiş qurğular və bölüşdürücü şəbəkə tam bərpa edilmişdir.
Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 iyun tarixli sərəncamı ilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 10 milyon manat vəsait ayrılmışdır.
Bu tədbirlərin həyata keçirilməsi məqsədilə 25 iyul 2009-cu il tarixdə beynəlxalq açıq tender keçirilmiş və keçirilən tenderdə ABŞ, Cənubi Koreya, Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycandan 7 iddiaçı şirkət iştirak etmişdir.
Qanunvericiliyə müvafiq olaraq İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin və Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin də iştirakı ilə keçirilmiş açıq tender nəticəsində İsrailin "Odis Filtering LTD" şirkətinin təklifi tender komissiyası tərəfindən həm iqtisadi, həm də texnoloji baxımdan ən əlverişli kimi qiymətləndirilərək həmin şirkətlə müqavilə imzalanmışdır. "Odis Filtering LTD" şirkəti sutəmizləyici texnologiyalar sahəsində İsraildə lider və dünyada tanınmış şirkətdir.
Tikinti-quraşdırma işləri "Odis Filtering LTD" şirkəti ilə subpodrat müqavilə əsasında Türkiyənin "Emita" şirkəti tərəfindən həyata keçirilir.
Hazırda 15 rayonun (Sabirabad, İmişli, Neftçala, Salyan, Kürdəmir, Biləsuvar, Ağsu, Hacıqabul, Göyçay, Saatlı, Ucar, Zərdab, Yevlax, Beyləqan, Samux) 64 min nəfərdən çox əhalisi olan 36 kəndində yerli şəraitdə etibarlılığı və dözümlülüyü ilə seçilən İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğuların gətirilməsi və quraşdırılması işləri başa çatmaq üzrədir. Həmin kəndlərdə 200 kilometrə yaxın boru kəməri çəkilmiş, 1000-dən çox supaylayıcı məntəqə inşa edilərək üzlüklə örtülmüşdür. Sutəmizləyici qurğuların quraşdırılması və supaylayıcı məntəqələrin inşası zamanı ümumi sahəsi 4400 kvadratmetr dəmir-beton özül tikilmişdir. Bundan əlavə, hər bir kənddə transformatordan qurğuya qədər elektrik xətti çəkilmiş, ehtiyac olan yerlərdə elektrik dirəkləri basdırılmışdır. Su mənbəyində üzən sistem üzərində qurulmuş dalğıc nasosundan qurğuya qədər boru və elektrik xətləri çəkilmişdir. Sutəmizləyici qurğuların və supaylayıcı məntəqələrin ətrafı hasarlanaraq ərazilər abadlaşdırılmışdır.
Yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işlərinə başlamazdan əvvəl bu məqsədlə hazırlanmış layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təsisatdankənar dövlət ekspertiza baş idarəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə, smeta sənədləri isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə qiymətqoyma mərkəzi ilə razılaşdırılmışdır. Hazırda işlər davam etdirilir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında